Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Prezident enerji qəzasını araşdırmağı xüsusi komissiyaya tapşırdı

   3 iyul qaranlığından sonrakı səhər: nələr baş verdi?; Dövlət başçısı İlham Əliyev baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün göstəriş verdi; ölkənin bütün strukturları Mingəçevir İES-də baş vermiş qəzadan sonra yaranmış problemləri aradan qaldırmağa cəlb olunub

Yenixeber.org: İyulun 2-dən 3-nə keçən gecə saat 00.20 radələrində Azərbaycanın enerji təchizatı sistemində böyük qəza yaşanıb. Mingəçevir İstilik Elektrik Stansiyasının 6-cı blokunda yaranan problem bütün ölkənin enerji təchizatı sistemində açılmalara səbəb olub.
Məsələ ilə bağlı Energetika Nazirliyi və “Azərenerji” ASC-nin ilkin birgə məlumatından aydın olur ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) üzündən baş verib.
Qəza ilə bağlı müvafiq dövlət strukturlarından operativ əməliyyat qrupu formalaşdırılıb.
Fövqəladə Hallar Nazirliyinin Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri hadisə yerinə cəlb olunub, yanğın söndürülüb.

Gecə saat 01.50-dən etibarən ölkə ərazisinə tədricən elektrik enerjisinin verilişi bərpa olunmağa başlayıb. Bunun üçün  Rusiya və Gürcüstandan enerji mübadiləsi təmin edilib.
APA-nın xəbərinə görə, “Gürcüstan Dövlət Elektrosistemi” Səhmdar Cəmiyyətinin məlumatında Mingəçevir İES-də baş vermiş qəzadan sonra Gürcüstanın Azərbaycana elektrik enerjisinin ixracına başladığı qeyd olunub. Qonşu ölkədən Azərbaycana elektrik enerjisinin ötürülmə gücü hazırda 57-60 MVt təşkil edir.

Nazir və nazirlikdən açıqlama
“Təşvişə, narahatlığa heç bir əsas yoxdur”. Bunu qəzadan az sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Onun APA-ya verdiyi məlumatda dərhal hadisə yerinə yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edildiyi, yanğının 20 dəqiqə ərzində söndürüldüyü qeyd olunub. Nazir deyib ki, ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək: “Təşvişə, narahatlığa heç bir əsas yoxdur”.
FHN-nin baş vermiş qəza haqqında rəsmi məlumatında isə qeyd edilir ki,  03 iyul 2108-ci il saat 00:20-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi baş verib: “Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün ”3 saylı çağırış" elan olunub, 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib. Açıq paylayıcı qurğular stansiyasında transformatorda baş verən yanğın saat 00:52-də, 6-cı enerji blokunun qazanxana qurğusundakı yanğın isə saat 01:10-da yanğın bölmələri tərəfindən söndürülüb. Stansiyanın turbinləri və digər qurğular yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb".
Baş nazirin müavini Yaqub Eyyubov və “Azərenerji” ASC-nin prezidenti E.Pirverdiyev iyulun 3-də səhər saatlarında Mingəçevirə gediblər. APA-nın məlumatına görə, onlar yanğın baş vermiş Mingəçevir İES-ə baş çəkiblər. Y. Eyyubov qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

                           Su təchizatında problemlər
Elektrik enerjisinin kəsintisi bütün ölkə boyu su təchizatına mənfi təsir göstərib. “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllının sözlərinə görə, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bütün su təmizləyici qurğuların fəaliyyəti dayanıb: “Bildiyiniz kimi, Oğuz-Qəbələ su kəmərində quyulardan su çıxarılır və nasoslar elektrik enerjisinin köməyi ilə işləyir. Demək olar ki, şəhərdaxili nasos stansiyalarında iş dayanmışdı. Artıq biz Ceyranbatan su təmizləyici qurğusunu qoşmuşuq. Kür su təmizləyici stansiyasının fəaliyyət bərpa olunub, qismən gücü ilə işləyir və artıq onun gücünü artırırıq. Tezliklə Oğuz-Qəbələ su kəmərində qoşulmanı planlaşdırırıq. Ona görə də hazırda şəhərin böyük hissəsində su təchizatında problemlər mövcuddur. Bilirsiniz ki, Mingəçevirdə elektrik enerjisi qoşularkən qısa müddət ərzində, 3 saniyə ərzində Bakıda elektrik enerjisinin verilişi bərpa olunur. Amma suyu Kürdən Bakıya gətirmək üçün boruların doldurulması ən azı 12-14 saat vaxt aparır. Buna görə də gün ərzində su təchizatında problemlər yaşanacaq”.

                               Metropoliten əsas “zərərçəkənlərdən” biridir
Qəza Bakı Metropoliteninin fəaliyyətində problemlər yaradıb. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun “Yeni Müsavat”a verdiyi məlumata görə, enerji təchizatı dayandığı üçün tunellərdə qalan qatarlardakı sərnişinlər mobil qüvvələr tərəfindən çıxarılıb: “Gecə saat 24.00-da metrostansiyalarına giriş dayandırılsa da, içəridə olan sərnişinləri mənzilbaşına çatdırırıq. Enerji təchizatı dayanan zaman Metropolitendə operativ qruplar yaradıldı, tunellərdə qalan az sayda sərnişinlər tez bir zamanda çıxarıldı”.
Enerji verilişi bərpa edildiyinə görə səhər saat 06.00-radələrindən Metropolitenin “Yaşıl” və “Qırmızı” xətlərində hərəkət tam təmin olunub. Problem yalnız Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında yaranıb. B.Məmmədovun sözlərinə görə, bununla əlaqədar, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun “İnşaatçılar”, “Memar Əcəmi” və “Nizami” stansiyalarına hərəkətini təşkil edib.
08.32-dən etibarən “Avtovağzal-Memar Əcəmi” stansiyaları arasında qatarların hərəkəti təmin edilib, problem aradan qaldırılıb.

                                     SOCAR-ın quru yataqlarında iş bərpa olunub
“Respublikanın energetika sistemində yaranmış çətinliklərlə əlaqədar olaraq SOCAR-ın quru mədənlərində iş rejimi müvəqqəti olaraq pozulub”.
Bu barədə “Report”a SOCAR-dan bildirilib.
Şirkətdən APA-ya verilən məlumata görə isə Qaz İxrac İdarəsinin Kompressor stansiyalarının, Neft Emalı Zavodu, “Azərikimya” İB-nin müəssisələri, Qaz Emalı Zavodunda elektrik enerjisinin kəsilməsi nəticəsində müəssisələrin fəaliyyəti qəza rejimində dayandırılıb: “Səhərə yaxın elektrik enerjisinin təchizatı bərpa olunduqdan sonra Qaz anbarları, Qaz İxrac İdarəsinin Kompressor stansiyaları, NEZ və ”Azərikimya" İB-nin müəssisələrinin bütün qurğuları tədricən işə salınıb. Hazırda SOCAR-ın müəssisələrinin iş rejimi normal vəziyyətdə davam edir".

Ordunun enerji təchizatında problem yoxdur
Azərbaycan Ordusunun hərbi hissələrində və ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hərbi infrastrukturun fəaliyyətinin tam şəkildə təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin bütün hərbi hissələri, hərbi tibb müəssisələri, maddi-texniki təminat, rabitə, kəşfiyyat bölmələri, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər hərbi obyektləri xüsusi rejimdə fəaliyyət göstərən ehtiyat enerji mənbələri ilə təchiz edilib. Elektrik enerjisinin verilişində hər hansı problem yarandıqda həmin enerji mənbələri avtomatik rejimdə işə düşür. Srağagün gecədən elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılan kimi bu enerji mənbələri avtomatik işə düşüb və hazırda Ordumuzun bütün hərbi hissələrində, xüsusilə ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur.

                          Gəncə-İstanbul aviareysi 40 dəqiqə gecikib
İyulun 3-də saat 08:20-də “Türk Hava Yolları” şirkətinin həyata keçirməli olduğu 0338 nömrəli Gəncə-İstanbul reysi 40 dəqiqə gecikmə ilə baş tutub.
“Report” xəbər verir ki, buna səbəb ölkədə elektrik enerjisinin verilməsində yaranmış problem olub.
Həmin problemə görə həm də “Buta Airways”in Bakı-Moskva aviareysi və ardınca Moskva-Gəncə aviareysini 12 saat gecikib.
Maraqlıdır ki, enerji təchizatı kəsilən zaman stasionar rabitədə  problemlər meydana çıxmışdı. Lakin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı açıqlamada ölkənin bütün ərazisində telekommunikasiya təchizatının dayanıqlığı təmin olunduğu bildirilir: “Əlavə enerji qurğularının işə salınması nəticəsində ölkə ərazisində sabit və mobil telefon rabitəsi, internet, poçt, televiziya və radio yayımının fasiləsizliyi tam təmin edilib”.
“Bakcell” və “Azercell”dən “Yeni Müsavat”a verilən məlumata görə isə, enerji təchizatındakı problemə görə ölkənin bir neçə bölgəsində yerləşən mobil baza stansiyalarının elektrik təchizatında fasilələr yaranıb. Hər iki şirkət fasilələrin aradan qaldırılması üçün tədbirlərin görüldüyünü bildirməklə yanaşı, ölkə üzrə enerji təchizatı tam təmin olunanadək problemlərin yaranmasını istisna etmir.

                                       Prezident komissiya yaratdı
Prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
“Yeni Müsavat”ın məlumatına görə, sərəncamda qeyd olunur ki, qəza nəticəsində Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.
Prezident qəza ilə əlaqədar Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi altında Dövlət Komissiyasının yaradılmasına qərar verib.
Energetika naziri Komissiya sədrinin müavini,  daxili işlər, fövqəladə hallar nazirləri,  Baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, “Azərenerji”, “Azərişıq” sədrləri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı və AMEA Fizika İnstitutunun direktoru üzvləri təyin edilib.
Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdıraraq bu barədə prezidentə məlumat verməli, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirərək həyata keçirməlidir.
Prezident həmçinin Baş Prokurorluğa baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməyi tapşırıb.

                          Ölkə üzrə enerji təchizatı tam bərpa olunacaq
“Azərişıq” ASC Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin dünən günortadan sonra “Yeni Müsavat”a verdiyi məlumatda Bakı şəhərində enerji təchizatının 100 faiz, regionlarda isə 80 faiz təmin olunduğu bildirilir.
Lakin yerlərdən aldığımız məlumatlarda ölkənin Cənub və Qərb bölgələrində rayon mərkəzləri, böyük qəsəbə və kəndlər istisna olmaqla, kəndlərin əksəriyyətinin də hələ işıqsız qaldığı qeyd edilir.
Bundan əlavə, Bakı və Sumqayıt şəhərlərindəki iri müəssisələrin bir çoxuna enerji verilişi bərpa olunmayıb. Günorta saatlarından Bakının Nizami, Sabunçu rayonlarının ərazisində yenidən enerji təchizatı dayandırılıb.
“Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı isə APA-ya bildirib ki, qəza baş verən İES-in enerji blokundan biri təlimata uyğun olaraq işə düşüb. Onun sözlərinə görə, ikinci enerji blokunun fəaliyyətə başlaması üçün start vəziyyətinə gətirilib: “Ölkənin elektrik enerjisi ilə təchizatı 90 faiz bərpa edilib. Günün sonunda elektrik enerjisinin verilişi 100 faiz bərpa olunacaq”.

                                             Ölkə yenə qaranlıqda
Dünən saat 18:30 radələrində Bakıda və ölkənin əksər rayonları yenidən işıqsız qalıb. Ən kritik vəziyyət Bakı metroplitenidə yaranıb. Belə ki, iş günün sonu olduğu üçün on minlərlə adam metro tunellərində qatarda qalıb. Özünü pis hiss edən xeyli insanı ambulanslarla təcili yardım məntəqələrinə aparıblar. Qəzet çapa gedərkən işıqlar hələ də bərpa edilməmişdi.  
Dünya SAKİT

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam