Ölkədə 4 minə yaxın qeyri-hökumət təşkilatının olduğu bildirilir. Bir sıra QHT-lərdə korrupsiya ilə bağlı faktlar yeni deyil, hətta korrupsiyaya qurşanmış QHT rəhbərlərinin həbsləri də yadda qalıb. Ancaq indi QHT sektorunda korrupsiya qədər də monopoliya güclənib. İstər korrupsioner olsun, istərə monopolist, bu cür adamlar və təsisatlar ictimai nəzarət institutunun özünün fəlsəfəsini ləkələyirlər.
Yenixeber.org: Sadiq izləyicilərimiz xatırlayarlar, bir müddət əvvəl saytımızda “QHT Agentliyindən qrantları deputatlar və hökumət nümayəndələri necə udurlar?” - sual başlıqlı tənqidi məqalə dərc olunmuşdu. Məqalənin aparıcı tezisi bu olmuşdu ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müsabiqələrində layihələr deyil, şəxslər qiymətləndirir. QHT Agentliyi görünür, eyni şəxslərin adlarının gözləri döyənək elədiyini müşahidə etdiyindən, bu dəfə müsabiqənin nəticələrini elan edəndə əvvəlkilərdən fərqli olaraq yalnız QHT-lərin adlarını ictimailəşdirməklə kifayətlənib, təşkilat sədrlərinin adlarını qeyd etməyib.
Hərçənd, “cidanı çuvalda gizlətmək olmaz”. Belə ki, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlının “Azər-Türk Qadınlar Birliyi” (25.000 AZN), Naqif Həmzəyevin “Dünya Azərbaycanlıları Gəncləri İB” (18.000 AZN), Vüqar İsgəndərovun “Qeyd-Sosial Maarifləndirmə İB” (8000 AZN), Mehriban Vəliyevanın “İnsan Alverinə Qarşı mübarizə Təşkilatı İB” (10.000 AZN), Məlahət Həsənovanın “İnnovativ təşəbbüslərə Dəstək” İB (10.000 AZN), YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyovun “Sosial-İctimai Marrifləndirmə” İB (9.000 AZN), Sosial Tədqiqatlar Mərkəzinin Aparat rəhbəri Sahib Məmmədovun “Vətəndaşların Əmək hüquqları Müdafiəsi” İB (19.000 AZN), Efiopiyanın fəxri konsulu Səfiri Ceyhun Ələkbərov “Soyqırım həqiqətlərinin tanıdılması” İB, Mədəniyyət nazirliyinin şobə müdiri (Gənclər Fondunun keçmiş şöbə müdiri) Seymur Hüseynovun “Qlobal sahibkarlıq Şəbəkəsi Azərbaycan” İB, millət vəkili, QHT Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənovun bir neçə QHT- si, Pedeqoji Kollecin direktoru, QHT Agentliyinin Müşahidə Şurasının üzvü, İsrail İsgəndərovun "Ümid" Sosial İnkişafa Yardım İctimai Birliyi, QHT Agentliyinin Müşahidə Şurasının üzvü Nürəddin Mehdiyevin bir neçə QHT-si (“Virtual Qarabağ İnformasiya KommunikasiyaTexnologiyaları Gənclər” İB, “Üfüq” Gənclərin İnkişafı naminə İB) və.s.
Ən paradoksal qərar isə budur ki, bu yaxınlarda özünü buraxan, ləğv edən, Dövlət Turizm Agentliyində casus şəbəkəsi quran “İnternational Transperance” Təşkilatının icraçı direktoru Əliməmməd Nuriyevə QHT Agentliyinin ən yüksək məbləğini 31.000 AZN verilib. QHT Agentliyinin direktoru Aygün Əliyeva öz rəfiqələrinə (Məsələn, Firuzə Cəlilova və.s) qrantlar ayırır. Agentliyin aparatına Prezident Administrasiyasının sektor müdiri Tural Əliyevin qohumları (Məsələn, Nilufər Əhmədova və.s) və Aygün Əliyevanın rəfiqələri qanunsuz formada işə götürülüblər. Adi vətəndaşların ödədiyi vergilər hesabına formalaşan dövlətin büdcəsini belə gərəksiz, fəaliyyəti qeyri-şəffaf, hökumət yanında gözükjölgəli şəxslərin rəhbərlik etdikləri QHT-lərə xərcləmək absurddur.
“GundemXeber.az” redaksiyası olaraq, QHT Agentliyində olan bu sayaq qanuna və etikaya zidd fəaliyyəti araşdırmaqda davam edirik. Odur ki, yazıda adıçəkilən QHT Agentliyinin rəsmi şəxslərinin də mövqe bildirmək haqqını tanıyırıq.