Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Çernobl faciəsi :Otuz üç il davam edən fəlakət

B
  

Tarixin ən böyük texnogen qəzası olan Çernobıl faciəsindən 30 il keçir, amma onun fəsadları hələ də sovuşmayıb.

Yenixeber.org:Məlumata görə,1986-cı il, aprel ayının 25-i. Ukrayna SSR-in paytaxtı Kiyev yaxınlığındakı Pripyat şəhərində yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli reaktorunda elektrik cərəyanını dövrədən ayırandan sonra turbinlərin nə qədər dövr edəcəyini və bu yolla onun növbəti iş gününə hansı səviyyədə hazır olacağını müəyyən etmək üçün növbəti sınaq keçirilir. Stansiya dünya texnologiyasının və elektronikasının son nailiyyətidir- SSRİ-nin fəxridir…

 

Çernobıl faciəsi niyə və necə baş verdi? 

 

"Qaçış rejimi" adlanan belə rejim turbogeneratorun rotorunun kinetik enerjisindən təminatçı və əsas sirkulyasiya nasoslarının stansiyanın elektrik enerjisindən məhrum olacağı təqdirdə, AES-in daxili ehtiyaclarını təmin etmək üçün istifadəsinin mümkünlüyü sınaqdan keçirilməliydi. 

Belə dayandırmalar zamanı adətən qeyri-standart və ya müxtəlif proqramlar çərçivəsində avadanlığın reqlament sınaqları keçirilirdi. Bu sınaqda reaktorun turbogeneratorunun güclü rejimdə işləməsi zamanı onun dözümlülüyü yoxlanmalıydı. 

25 aprel saat 23.46. Operator reaktorun gücünü 500 MVt-a salır, sonra isə sistem lokal avtomatik tənzimləmə sisteminə keçirilir. 

26 aprel saat 01.00. Bir neçə dəqiqədən sonra dünyaya hansı fəlakətin üz verəcəyini ağlına belə gətirməyən texniki personal elektrik cərəyanını kəsir, turbinlərə gedən soyuducu su tədricən azalmağa başlayır.  

Güc 200 MVt-a çatanda əlavə sirkulyasiya nasosları işə salınır və beləliklə, reaktorda çalışan nasosların sayı 8-ə çatdırılır. Halbuki, reaktor vasitəsilə elektroenerji və istilik sərfiyyatının belə artımı mütləq şəkildə buxar həcmini aşağı salırdı. Buxar isə nüvə enerjisi ilə işləyən reaktorun soyuması üçün əsas şərtdi.  

Bir qədər keçir, reaktora daxil olan su qızmağa başlayır. Lakin həmin su soyuq qalmalı, reaktorun ətrafındakı borularla fırlanaraq qızmalı və buxara çevrilməli idi.

 

Qəzəblənmiş “Görünməz ölüm” dəhşətli alovlarla qəfəsdən çıxır

 

Stansiyanın idarətetmə mərkəzinin nüvə mühəndislərinin etirazına baxmayaraq, AES-in baş operatoru, nüvə fizikası üzrə dünyanın ən güclü mühəndislərindən sayılan Analtoli Dyatlovun təkidi ilə təhlükəli sınaq davam etdirilir. Təlimata görə, enerji təzyiqi 700 meqavatdan aşağı salınmamalı olduğu halda, (naməlum səbəbdən) onun təzyiqi ilə 200-dək aşağı endirilir. Turbinlərdə su çatışmazlığı haqda cihazların xəbərdarlıq siqnalına ciddi əhəmiyyət verilmir. 

Saat 01.23. Sınaq zamanı ilk anlardan özünü göstərən və çox zəif hiss edilən nasazlıq zəncirvari prosesə çevrilərək reaktorun sürətinin kəskin şəkildə artmasına gətirib çıxarır. Operator reaktorun gücünü nəzərdə tutulmuş səviyyədə saxlaya bilmir və enerji blokunun gücü 30 MVt-a düşür. 4-cü reaktorun işçiləri reaktorun gücünü bərpa etmək qərarına gəlirlər və az sonra 160 Mvt əldə olunur. 

 

Saat 01.24. Operator aztəzyiqli reaktoru bağlamaq istəyir. Lakin,… artıq gec idi. Reaktorun daxilində güclü buxarlanma və ardınca da dəhşətli partlayışlar başlayır. Güclü partlayışlar reaktoru əhatə edərək onun xarici aləmlə əlaqəsinə imkan verməyən 1200 tonluq qoruyucu çəmbəri yerlə yeksan edir. Partlayışdan dərhal sonra böyük yanğın başlayır. Gecəni gündüzə çevirən güclü alovları onlarla kilometr məsafədən seyr etmək mümkün idi. 

İlk anda nə baş verdiyini idarəetmə mərkəzindəki operator və nəzarətçilər anlaya bilmir. Reaktordakılar isə buna macal belə tapa bilmirlər. “Görünməz ölüm” onları çox tez haqlayır- son gördükləri güclü alov, son eşitdikləri isə partlayış səsi olur...  

 

Dünya tarixinin ən böyük texnogen qəzası

 

İlk AES qəzası ABŞ-da baş vermişdi, lakin onun gücü və nəticələri o qədər də ağır olmamışdı. Çernobıl isə, atom elektrik stansiyaları tarixində indiyədək rast gəlinməmiş ən dəhşətli qəza idi, onunla necə mübarizə aparılacağı heç kimə aydın deyildi. 

 

Yanğını söndürmək və şüalanmanın qarşısını almaq məqsədi ilə dərhal vertolyotlar çağırıldı.  Qəzanın nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 600 mindən artıq Sovet insanı misilsiz qəhrəmanlıq göstərdi. 9 gün, 9 gecə 2 minə yaxın vertolyot, minlərlə avtotexnika partlayış baş verən 4-cü blokun üzərinə fasiləsiz olaraq qum, çınqıl və digər maddələr tökdülər. Qısa müddətdə blokun üzərində 5 min tondan ibarət qum və çınqıl dağı əmələ gəlir. Reaktor betona gömülür. Lakin, 130-dək Azərbaycan vətəndaşının da qatıldığı “Sarkofaq” əməliyyatı ciddi nəticə vermir, təhlükəli şüalanma yenə də davam etməkdə idi...  

Partlayışdan sonra heç bir sərhəd tanımayan radiaktiv bulud az qala bütün Avropanı bürümüşdü. Avropa qitəsinin şərqində bütün canlı aləmə güclü zərbə dəydi, nəinki insanlar, bitkilər və heyvanlar da güclü şüalanmadan, radioaktiv tozdan dəhşətli zərər çəkdi.  

Çernobıl əlili, 43 yaşlı Vüqar Xəlilov o günləri belə xatırlayır: “Üzərimizdə şüaölçən cihaz var idi. Lakin ona heç ehtiyac da yox idi, havada şüalanmanın səviyyəsi o qədər yüksək idi ki, onu gözlə görürdük. Çəkilirdik kölgəyə, gün düşən tərəfə baxırdıq. Bənövşəyi, qəribə rənglər görürdük. Havada, suda, torpaqda- hər yerdə şüa vardı. Bu dəhşətli idi…”.

 

Çernobıl nə qədər adama ölüm və xəstəlik bəxş edib?

 

Ölən və yaralananlarla bağlı müxtəlif rəqəmlər səslənir. Lakin bu rəqəmləri ortalama götürsək, qəzanın ilk günlərində 10 minə yaxın, sonrakı aylarda daha 15 min insan öldüyünü, sonrakı illərdə isə bu rəqəmin 100 mini keçdiyini deyə bilərik.  

Həmçinin 5 milyon ukraynalıdan əlavə, Sovet respublikalarında və Avropa ölkələrində yaşayan azı 10 milyon nəfər şüalanmaya məruz qalaraq müxtəlif xəstəliklərə tutuldular. 30 il ötür, amma onun faciəvi nəticələri hələ də böyük bir regionun üzərində müşahidə olunur.  

Çernobıldakı qəzanın əsl səbəbi haqda müxtəlif versiyalar var. AES-in 4-cü reaktorundakı qəzanın operatorun sərxoşluğu, sınaqların düzgün hesablanmaması, reaktora kürə ildırımının düşməsi, zəlzələ nəticəsində reaktorun sıradan çıxması, SSRİ-ni çökdürmək üçün Qərb dövlətlərinin stansiyaya yerləşdirdiyi əməkdaşın təxribatı…  

Ölümcül şüalanmaya məruz qalaraq əlil olan Dyatlov uzun illər sonra belə “mən hər şeyi düzgün etdim, qəzanın niyə baş verdiyini başa düşmürəm” deyirdi.

 

Əsil sirr isə, AES-in beton sarkofaqı altında əbədi olaraq gömülüb. Sarkofaqın sökülməsi mümkün deyil, çünki onda yeni radioaktiv şüalanma başlayasıdır. Beləcə, bu nəhəng betonun altında yatan “əjdaha” özü ilə birlikdə xeyli sirr və müəmmaları da gömüb...

 

“Kabuslar şəhəri”ndə əbədi donmuş həyat

 

Sovet alimləri stansiyanı indiki yerindən 125 km aralıda inşa etməyi məsləhət görürdülər. Lakin bunun nəzərə alınmaması çox baha başa gəldi. 

Hazırda AES-in 30 kilometr radiusundakı ərazilər ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağandır… 

5 milyon hektara yaxın torpaq radioaktiv şüalanmaya məruz qaldığı üçün indiyədək istifadəsiz qalıb. Qəzanın fəsadlarının aradan qaldırılması üçün Çernobıl AES ətrafında yüzlərlə kiçik qəsəbə və kənd məhv olunub. 

İ.Siqsqordun “Palle dünyada tək-tənha” adlı nağılının motivləri əsasında çəkilmiş Sovet multfilmi mənə həmişə Çernobılı xatırladır. Balaca Palle yuxuda görür ki, şəhərdə hamı yoxa çıxıb, küçələrdə, evlərdə heç kim yoxdur… Pripyatdan çəkilmiş sənədli filmlər eyni mənzərələri nümayiş etdirir və bu səhnələr adamı dəhşətə gətirir. 

 Boş, adamsız, sakit, səliqəli və müasir bir şəhər. Sanki həyat bir anlığa dayanıb, insanlar harasa yoxa çıxıblar. Evlərin çoxunun qapısı açıqdır, stolun üstündə yeməklər, baxçalarda oyuncaqlar, məktəblərdə dərs ləvazimatları, zavod-fabriklərdə istehsal avadanlığı, küçələrdə nəqliyyat, parklarda karusellər… hər şey əbədi olaraq donub qalıb...  

Şəhərdə və ətrafında yüksək radiasiyalı minlərlə vertolyot, müxtəlif avtotexnika və traktorların “donmuş əbədi paradı”nı görmək olur. 

Gecələr şəhərdə işıq da yanmır, deyilənə görə, kabuslar dolaşır bu küçələrdə, mənzillərdə… Atom radiasiyasından faciəli şəkildə ölmüş sakinlərin ruhudur, deyirlər… 

 

O ərazilərə insan bir də 300 il sonra qayıda biləcək

 

 “Kabuslar şəhəri”ndə insan qismən təhlükəsiz halda bir də ancaq 300 ildən sonra yaşaya biləcək. Bu ərazi ancaq 50 min ildən sonra tam təhlükəsiz hala gələcək... 

Bu qəza bəşəriyyətin taleyinin hər an böyük təhlükə altında olduğu barədə hələ keçən əsrin ortalarında alimlər tərəfindən edilən xəbərdarlığın həqiqət olduğunu bir daha ortaya qoydu. Lakin tarix göstərdi ki, insanlar bu “dərs”dən nəticə çıxara bilməyiblər, belə ki, dünyada AES-lərin sayı sürətlə artır…  

Uzun illər keçəcək, bəşəriyyətə verilmiş Çernobil dərsi unudulacaqdı, Yaponiyada zəlzələ sonrası baş vermiş “Fukusima” AES qəzası “Çernobıl”ı təkrarlayacaqdı… Ən yüksək texnoloji imkanlara və ən güclü alimlərə malik olan ölkə belə adi AES qəzasının öhdəsindən gələ bilmədi. Baxmayaraq ki, yapon mütəxəssislər həyatlarını real təhlükə altına qoyaraq dəhşətli mübarizə apardılar. Hökumət “Fukusima”ya məğlub olduqlarını etiraf etməyə məcbur oldu.  

Tanınmış alim-radiobioloq Jores Medvedev bildirdi ki, Yaponiyanın “Fukuşima-1” AES-ində baş vermiş qəzadan sonra havaya buraxılan radioaktiv tullantıların həcmi Çernobıl AES-də baş vermiş analoji qəzadan 20 dəfə çoxdur. 

 

Qəzadan sonra AES-in ətrafındakı havada və dəniz sularında radiasiya 10 min dəfə artdı. Minlərlə insan öldü və ya ölümcül xəstəlik qazandı. Güclü şüalanmış 1 milyonadək insanın qarşıdakı illərdə xərçəngdən öləcəyi güman edilir.  

Yaponiya qəzası AES-in xidmətindən istifadə edən ölkələrin hamısında ciddi təşvişlə qarşılandı. AES-lərə qarşı qorxu artdı, bəzi ölkələr nüvə enerjisindən tam və ya qismən imtinaya qərar veriblər. 

Ümumiyyətlə, Yaponiyadakı qəza AES tərəfdarları üçün “soyuq duş” oldu. Halbuki, Çernobıl qəzasını “unudan” bəzi alimlər AES-lərin vacibliyini cidd-cəhdlə müdafiə edirdilər. 

 

Qafqazda “3-cü Çernobıl”- Metsamor təhlükəsi 

 

Yetişməkdə olan daha bir “Çernobıl” isə Ermənistandadır. Azərbaycan beynəlxalq aləmdə həyəcan təbili şalmaqda davam edir ki, “Metsamor” AES bütün bölgəni fəlakətə sürükləyə biləcək böyük təhlükə mənbəyidir. Bu AES-də köhnə texnologiyadan istifadə edilməsi, maliyyə olmadığından modernləşdirilməməsi hər an qəza təhlükəsi gözlənildiyini deməyə əsas verir.  

1977-ci ildə tikilən həmin reaktorun fəaliyyət müddəti 25 il idi və 2001-ci ildə bu müddət başa çatıb. Hazırda bu stansiya dünyada ən köhnə texnologiyada olan yeganə AES-dir. Onun təhlükəsizlik sistemləri isə demək olar ki yoxdur.  

Bu günə kimi bu stansiyada 100-dən artıq kiçik qəza baş verib.1988-ci ildə Spitakda baş verən zəlzələ nəticəsində “Metsamor” AES də yararsız vəziyyətə düşüb. Möcüzə sayəsində Qafqazda “İkinci Çernobıl” baş vermədi.  

MAQATE və Avropa İttifaqının ekspertləri də bu stansiyanı ən təhlükəli obyekt kimi qiymətləndiriblər.  

Qeyd edək ki, 2001-ci ildə Ermənistan Avropa Şurasına üzv qəbul edilərkən “Metsamor” AES-in fəaliyyətini dayandıracağına dair öhdəlik götürüb. Amma bu öhdəlik hələ də yerinə yetirilməyıb. Beləcə, Qafqazın ortasında bir kabus dolaşmaqdadır- “3-cü Çernobıl kabusu”…

Çernobıl AES qəzası qabağı baş verən proseslər və hadisə vaxtı yaşananların canlandırılmış səhnələrinə təqdim etidiyimiz sənədli filmdə baxa bilərsiniz.(Elçin Bayramlı)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam