Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

“Mehriban düşmənlər”in görüşü:dünyanı və bizi nə gözləyir?

                  ABŞ ilə İran təmsilçiləri bu gün bir araya gəlirlər

Yenixeber.org: Amerika Birləşmiş Ştatları ilə İran arasında görüş, nəhayət, reallaşır. Bu gün Vaşinqtonun birbaşa, Tehranın isə vasitəçinin iştirakı ilə görüşünün keçirilməsi gözlənilir. 

Bu tədbiri tərəflər  dialoq deyil, görüş sayırlar. Ehtimal etmək olar ki, ABŞ və İran nümayəndələri müzakirə ediləcək təxirəsalınmaz məsələləri razılaşdıracaqlar. Bundan başqa, işlər nəzərdə tutduqları istiqamətdə davam edərsə, onda  növbəti görüşün yeri, tarixi, səviyyəsi və mövzuları barədə qərar qəbul oluna bilər. 

ABŞ-nin nümayəndə heyətinə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun, İslam Respublikası təmsilçilərinə isə xarici işlər naziri Abbas Ərakçinin başçılıq edəcəyi gözlənilir. 

Yeri gəlmişkən, bu, ilk görüş sayılmır. Tərəflər arasında diplomatik münasibətlər 1979-cu ildən dayandırılsa da, ara-sıra aşağı ranqlı görüşlər olub. 

Son dəfə belə bir görüş 2024-cü il noyabrın ortalarında o vaxt yeni seçilmiş prezident Donald Trampın yaxın adamı, məşhur milyader,  hazırkı Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskla İranın BMT yanında daimi nümayəndəsi Əmir Səid İrəvani arasında olub. 

Məlumata görə, görüş Nyu-Yorkda gizli bir məkanda keçirilib və bir saatdan çox davam edib. Görüşün əsas mövzusu Vaşinqton və Tehran arasında gərginliyin azaldılması yollarının müzakirəsi olub. İran tərəfi görüşü “müsbət” və “ümidverici” kimi qiymətləndirmişdi. Trampın nümayəndələri görüşü şərh etməkdən imtina etmişdilər. 

Beynəlxalq Böhran Qrupunun İran üzrə direktoru Ali Vaez demişdi ki, Trampla hər şey mümkündür. Onun fikrincə, Tramp İranla razılaşma əldə etməkdə maraqlı görünür. 

İranın islahatçı sayılan başqa prezidentlərinin nümayəndələri ilə belə görüşlər keçirilib. Hətta 11 və 12-ci hökumətlərin başçısı Həsən Ruhani ilə ABŞ-nin o vaxtkı Prezidenti Barak Obamanın görüşməsi reallaşmağa az qalmışdı. 

Odur ki, bu gün bütün dünyanın diqqəti Omanın paytaxtı Masketə yönəlib. Tədbirin nəticəsindən asılı olaraq, növbəti görüş Donald Trampla İranın 14-cü hökumətinin başçısı, Prezident Məsud Pezeşkian arasında ola bilər. 

ABŞ-İran görüşü 1979-u il fevral hadisələrindən sonra az qala hər gün gözlənilib. 

Aprel ayında İranda baş verən bir neçə hadisəni xatırlatmaq istərdik. 

Aprelin 9-da İran nüvə texnologiyasına yiyələndiyini elan edib. Bu hadisə hakimiyyətiçi mühafizəkar xəttin nümayəndəsi Mahmud Əhmədinejatın prezidentliyi dövründə baş verib. Yeri gəlmişkən, islahatçı Məhəmməd Xatəminin prezidentliyi dövründə “altılıq” (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Çin və Rusiya) ilə İran arasında Tehranın nüvə proqramına dair müəyyən razılıq əldə edilmişdi. Sənədin imzalanması 2005-ci il prezident seçkisindən sonraya planlaşdırılmışdı. Onda Əhmədinejat keçmiş prezident, islahatçı sayılan rəqibi Əli Əbər Haşimi-Rəfsəncaniyə qalib gəlmiş, bununla məsələ 2015-ci ilə, növbəti islahatçı Prezident Həsən Ruhani seçilənə qalmışdı. Bu hökumət “altılıq”la Əhatəli Razılaşma Planı üzrə müqaviləni imzalamışdı. Hətta ABŞ-nin “Boeing” şirkəti ilə 16,6 milyard dollarlıq müqavilə belə imzalanmıdı. Ancaq 2016-cı ildə Donald Tramp prezident seçiləndən sonra ölkəsini bu müqavilədən çıxarmış, bununla da proses dondurulmuşdu. 

İranda 1982-ci il aprelin 11-də xarici işlər naziri və İnqilab Şurasının üzvü Sadeq Qütbzadənin rəhbərlik etdiyi çevriliş ifşa edilib.  Məlumata görə, Sadeq Qütbzadeh məqsədinə çatmaq üçün il yarım çalışıb və bəzi region ölkələri, Pəhləvi dövrünün hərbçiləri,  müxalif ruhanilərlə əlaqələr qurub. Onun çevriliş etmək üçün Səudiyyə Ərəbistanından maddi dəstək almaq üçün ilə əlaqə yaratmağa çalışdığı da bildirilir. 

1997-ci il aprelin 11-də  Avropa İttifaqına üzv dövlətlər səfirlərini Tehrandan geri çağırıb. Almaniyanın yerli məhkəməsi İran İslam Respublikasının yüksək rütbəli məmurlarına qarşı hökm elan etdikdən bir gün sonra İttifaq üzvləri səfirlərini Tehrandan geri çağırıblar. Məhkəmənin qərarına cavab olaraq, İran da Almaniya məhkəməsinin əsassız iddialarını rədd edərək, səfirlərini Aİ-dən geri çağırıb.

Yeri gəlmişkən, 1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinin komandanı Əli Əkbər Derəxşəni də 1978-ci il aprelin 11-də həbs edilib. 

Təbii ki, ilin hər ayı istənilən ölkə üçün hadisələr ilə tarixi baxımdan yaddaqalan ola bilər. Ancaq apreldə nüvə ölkəsinin elan edilməsi, dövlət çevrilişinə cəhdin qarşısının alınması, diplomatik qalmaqal, nəhayət, ABŞ ilə şübhəli nüvə proqramı adı altında görüşün keçirilməsi kimi böyük hadisələrin baş verməsi bu ayın cənub qonşumuz üçün əlamətdar olduğuna işarədir.

ABŞ-İran görüşünün həm dünya, həm də region üçün pozitiv proseslərə yol açmasını arzulaya bilərik. Lakin hər şey bizim arzularımızdan asılı deyil. Şərtlər uyğun olsa, tərəflər anlaşa bilsələr, qarşıda bizi maraqlı proseslər gözləyə bilər.(pressklub) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam