VHP-dən Avropa Parlamentinə etiraz-MƏTN
Yenixeber.org: Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək regionda lider dövlət statusunu gücləndirməsi, xüsusilə Azərbaycan-Türkiyə ittifaqının getdikcə güclənməsi türk düşmənlərini ciddi şəkildə narahat edir. Avropa Parlamentinin bir neçə gün öncə Azərbaycana qarşı qərəzli münasibəti əks etdirən yeni “qətnamə” qəbul etməsi də bunun göstəricisi sayıla bilər. Sənəddə bildirilir ki, Azərbaycan Dağlıq Qarabağda və onun ətrafında erməni mədəni irsini “silmək və inkar etmək” siyasəti yürüdür: “Regionda erməni mədəni irsinin silinməsi siyasəti aparılır. Bu, Azərbaycan hakimiyyəti tərəfindən edilir və ermənilərə qarşı nifrətin daha geniş sxeminin tərkib hissəsidir. Mədəni irs gələcək nəsillər üçün qorunub saxlanmalıdır”. Daha öncə təsdiqlənməsi üçün Avropa Parlamentinə təqdim edilən qətnamə layihəsində bildirilirdi ki, Azərbaycan Dağlıq Qarabağ və onun ətrafında erməni mədəni irsinin olduğunu inkar edir. Layihədə bu inkaredilmə və silinmə siyasəti pislənirdi.
Ermənipərəst dairələrin belə bir “sənəd”in qəbul olunmasına töhfələri həqiqətən də riyakarlıqdan başqa bir şey deyil. Belə bir misal var: öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. Avropa parlamentariləri yaxşı olar ki, Avropada ildən-ilə artan irqçiliyin, ayrı-seçkiliyin, insanların siniflərə bölünməsinin, islamofobiya, ksenofobiya kimi halların artmasının, bu problemlərin artıq, demək olar ki, dövlət siyasətinə keçməsinin qarşısını almaq məqsədilə sənədlər qəbul etsinlər.
Bu qətnamə Avropa Parlamentinin adına və statusuna yaraşmır. Azərbaycan ərazilərinin 30 illik işğalına göz yuman Avropa Parlamentinin bu hərəkəti Avropa dövlətlərinin özləri haqqında yaratdıqları demokratik, ədalətli, insan haqlarına sayğı göstərən mifini vurub dağıdır. Qarabağın 30 il davam edən işğalı dövründə Azərbaycanın ermənilər tərəfindən dağıdılmış tarixi abidələrinə, mədəniyyət obyektlərinə qarşı biganəlik göstərildi. Məscidlərdə saxlanılan heyvanlara, dağıdılan və məhv edilən Azərbaycan tarixi irsinə susqunluqla yanaşıb, erməniləri buna görə qınamadılar, onlara qarşı heç bir tədbir görmədilər.
Hər il işğal olunmuş ərazilərdə 2–3 dəfə monitorinq missiyasını həyata keçirən ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik isə, bir dəfə də olsun, ermənilərin Qarabağ ərazisində törətdiyi vandalizm əməlləri haqqında məlumat vermədi. Qarabağ ərazisində 70 məsciddən 67-nin tamamilə məhv edilməsi, yüzlərlə mədəniyyət tikililərinin, məktəblərin, muzeylərin yer üzündən silinməsi, çox təəssüf ki, AP üzvlərini Azərbaycanın tarixi-mədəni irsinin qorunması üçün hər hansı bir addım atmağa sövq edə bilmədi. Bütün bunlardan sonra Avropa Parlamentinin Azərbaycandan reallıqda mövcud olmayan “erməni mədəni irsi”ni qorumağa çağırması, sadəcə, istehza doğura bilər. Əlavə etmək istəyirik ki, işğaldan azad edilmiş torpaqlarda heç vaxt erməni yaşamadığına görə orda erməni abidələri olmayıb. Bu gün Rusiya sülhməramlılarının nəzarəti altında qalan və ermənilərin yaşadıqları ərazilərdə isə hər hansı abidənin dağıdılmasından danışmaq absurddur. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan erməni abidəsi sayılan həmin kilsələrin qorunmasında ermənilərdən daha artıq maraqlıdır. Çünki o abidələrin çoxu Azərbaycanın xristianlıq dövrünün alban abidələridir və ermənilərə heç bir aidiyyatı yoxdur.
Vətəndaş Həmrəyliyi Partiyası Avropa Parlamentinin heç bir reallığa və hüquqa uyğun gəlməyən qərarını qətiyyətlə pisləyərək bunu Azərbaycana qarşı illərlə yürüdülən ikili standartın tərkib hissəsi sayır. Eyni zamanda bəyan edirik ki, hər hansı dövlət və yaxud təşkilat tərəfindən Azərbaycan əleyhinə səsləndirilən hər hansısa bəyanat, qəbul edilmiş hər hansısa qətnamə dövlətimizin bu istiqamətdə tutduğu düzgün yolu dəyişdirə bilməz.