Sülh, yoxsa gərginlik -Paşinyanın təklifləri Bakıya nə deyir?
Ekspert: “Əliyev, deyəsən, hamının payını verib”
Yenixeber.org: Baş nazir Nikol Paşinyan bir neçə gün öncə Facebook səhifəsində paylaşım edərək Ermənistanın Azərbaycana təqdim etdiyi təkliflərə dair bəzi detalları açıqlayıb. Təkliflərin əsas məqamları belədir:
1. Qərbi Azərbaycan anlayışı:
Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan Qərbi Azərbaycanın tərkib hissəsidir. Bu siyahıdan kənar Qərbi Azərbaycan anlayışı mövcud deyil və ola da bilməz. Əgər əlavə axtarış aparmaq istəyənlər varsa, Naxçıvanı Qərbi Azərbaycanın bir hissəsi hesab edə bilərlər.
2. Qərbi Ermənistan anlayışı:
Armavir, Talin və Maralik Qərbi Ermənistanın tərkib hissəsidir. Bu siyahıdan kənar Qərbi Ermənistan anlayışı mövcud deyil və ola da bilməz.
3. Şərqi Ermənistan anlayışı:
İcevan, Berd, Çəmbərək, Vardenis, Cermuk, Gorus, Qapan, Nerkin Hand və Nrnadzor Şərqi Ermənistanın tərkib hissəsidir. Bu siyahıdan kənar Şərqi Ermənistan anlayışı mövcud deyil və ola da bilməz.
4. Qaçqınlar məsələsi və Qərbi Azərbaycan ritorikası:
Azərbaycan “Qərbi Azərbaycan” ritorikası altında Ermənistanın qaçqınlar məsələsini müzakirə etməsini tələb edir. Lakin bu ifadə Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaq və ərazi iddiaları irəli sürmək məqsədilə istifadə olunur. Bu məsələni müzakirə etmək üçün Azərbaycan “Qərbi Azərbaycan” ritorikasından imtina etməlidir.
5. Ermənistanın müdafiə hüququ:
Ermənistanın müdafiə qabiliyyətinə malik orduya sahib olmaq hüququnu şübhə altına alan Azərbaycan, Ermənistana cəzasız təcavüz etmək üçün zəmin yaradır.
Ermənistanın təqdim etdiyi sülh təklifləri:
Ermənistan regionda uzunmüddətli sabitlik və sülh üçün konkret təkliflər irəli sürüb:
- a) Qarşılıqlı şəkildə eskalasiya ritorikasından imtina;
- b) Sərhədlərin delimitasiyası üzrə işlərin davam etdirilməsi və sərhəd komissiyalarının birgə fəaliyyətinin tənzimlənməsi;
- c) 90% hazır olan Sülh müqaviləsinin imzalanması;
- d) “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi və Ermənistan ərazisindən keçən Azərbaycan-Azərbaycan, eləcə də Azərbaycan ərazisindən keçən Ermənistan-Ermənistan əlaqələrinin həlli;
- e) Atəşkəs rejiminin pozulmalarını araşdırmaq üçün birgə mexanizmin tətbiqi;
- f) Saxlanılan şəxslərin məsələsinin tam həlli;
- g) İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi üçün intensiv işlər;
- h) Qarşılıqlı iddialardan, o cümlədən beynəlxalq məhkəmələrdə irəli sürülən iddialardan imtina;
- i) Sülh müqaviləsinin müddəalarının tam və effektiv yerinə yetirilməsi;
- j) Silahlanma üzərində qarşılıqlı nəzarət və məhdudlaşdırma mexanizminin formalaşdırılması;
- k) Hər iki ölkədən qaçqınların məsələsinin müzakirəsi üçün sülh əldə edildikdən sonra birgə peşəkar komissiyanın yaradılması;
- l) ATƏT-in Minsk Qrupunun buraxılması.
Yəni, Nikol Paşinyanın artıq hətta Bakının təklifinə razılaşdığını və Minsk Qrupunun buraxılmasına razılıq verdiyini vurğulayır.
Azərbaycan tərəfi bu təklifləri necə qiymətləndirə bilər? Təkliflər məzmun baxımından konstruktiv görünsə də, Bakıya bu maddələrin hamısını qəbul etməyə nə mane olur? Səbəblər nədir?
Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, Azadlıq Radiosunun jurnalisti Vadim Dubnov (Praqa) məsələ bağlı fikirlərini bizimlə bölüşüb.
“Bakı əlindəki kartlarda elə bir fleş-royal (pokerdə ən yaxşı kombinasiya – red.) yığıb ki, onun istifadəsiz qalmasına imkan verə bilməz”, - o deyir, - “Bu, məntiqlidir, çünki belə kozır dəsti həqiqətən istifadə olunmalıdır. İndi ortaya Tramp Panama və Qrenlandiya problemləri ilə çıxıb, ortada Azərbaycan təyyarəsinin qəzaya uğraması var. Bu qəzadan sonra Əliyev Putinlə elə tonda danışır ki, o, Ermənistan, yaxud başqası ilə fərqli tonda danışsaydı, qəribə olardı. O, İran haqqında da gözlənilmədən sərt tonlarda danışıb. Və ümumiyyətlə, deyəsən, hamının payını verib”.
O hesab edir ki, bu, təkcə Ermənistanla sərt tonda danışıq deyil, geniş arealda özünütəsdiq aktıdır.
“Ancaq Ermənistanla bağlı bu, həqiqətən də çox vacibdir. Çünki özündə müəyyən risklər daşıyır, çünki indi (və burada Paşinyanla razılaşmamaq çətindir) mümkün eskalasiya qanuniləşdirilir. Yəni, bu o demək deyil ki, sabah Əliyev Ermənistanda “faşizmi” məhv etməyə başlayacaq. Lakin bu o deməkdir ki, sərhəd və ya təmas xəttinin harasındasa eskalasiya və ya kəskinləşmə ehtimalı artır, çünki delimitasiya hər yerdə həyata keçirilməyib. Və bu mənada, təbii ki, Paşinyan bəzi variantlar tapmalıdır.
Paşinyan isə eskalasiyadan kifayət qədər qaçır, çünki bu, onun taktikasıdır. Ona təkcə Azərbaycanla deyil, həm də öz müxalifəti ilə mübarizə aparmaq lazım gəlir. O, kifayət qədər dar dəhlizdə manevr etməli olur. Onun bunu öhdəsindən ustalıqla gəldiyini söyləmək mümkün deyil, çünki ölkə daxilində hücuma məruz qalır. Üstəlik, Levon Ter-Petrosyanın 1993-cü ildəki çıxışının dərc olunması ilə bağlı çox qəribə hadisə Qərbi Azərbaycan məsələsində yeni vəziyyət yarada bilər”, - ekspert etiraf edib.
O qeyd edir ki, Əliyev də bəyanatında buna cəhdi edib. “Düşünürəm ki, harada və nədə güzəştə getmək mümkün olsa, Paşinyan bunu edəcək. Bu, siyasi baxımdan onun üçün cəzasız qala biləcək güzəştlərdir. Məsələn, ATƏT-in Minsk qrupunun buraxılması. Əslində, daha heç kim Minsk Qrupundan möhkəm yapışmır. Bu, çoxdan keçmiş və bir də geri dönməyəcək zamanların simvoludur. Və tamamilə mümkündür ki, burada tərəflər hansısa kompromis əldə edə bilərlər.
Artıq sərhədin delimitasiyası olan ərazilərdən avropalı müşahidəçilərin çıxarılması da kifayət qədər məntiqlidir. Məncə, burada da ümumi dil tapmaq mümkündür.
Qalan hər şey isə əslində, Paşinyanın bütün əvvəlki mövqelərini təkrarlayır. Ümumiyyətlə, hesab edirəm ki, bunlar sülh müqaviləsinin erməni variantında var.
Ümumilikdə götürəndə, bütün bunlar “sülh müharibədən yaxşıdır” modelinə uyğun gəlir. Bu da yəqin, çoxdan razılaşdırılıb və mübahisələrə səbəb olmur. Yəni, bu məqamlar çox aktual və çox da sensasiyalı deyil.
Amma Bakının İrəvanı yenidən özünü müdafiə etməyə məcbur etməsinə və Paşinyanı yenidən gərgin, daxili siyasi münasibətlərdə parçalanma vəziyyətinə salmasına gəlincə, bu, doğrudur və burada Paşinyan ilin əvvəlindən çox böyük çətinliklərlə üzləşəcək”, - deyə Dubnov vurğulayıb.(pressklub)
Rauf Orucov