ADPU-də elmi-praktik seminar-“İnsan sağlamlığının qorunması və genofondun saxlanması problemləri və perspektivləri”
Yenixeber.org: 27 mart “Elm günü” münasibətilə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsində “Ömür” klinikası, “Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalı”, FHN ilə birlikdə “İnsan sağlamlığının qorunması və genofondun saxlanması problemləri və perspektivləri” mövzusunda elmi-praktik seminar keçirilmişdir. Seminarda fakültənin dekan dos. E.C.Mehbalıyeva insan sağlamlığının qorunmasının tədris əhəmiyyəti barədə çıxış etmişdir.
Dekan dos. E.C.Mehbalıyeva cəmiyyətin inkişafında gənc nəslin sağlamlığının əsas götürülməsinin vacib olduğunu qeyd etmişdir. Bütün elmlər insan xoşbəxtliyinə, insan sağlamlığına xidmət edir. Biz müəllim olaraq bilirik ki, tələbə sağlam olmasa onun heç bir elmi öyrənməsi və mənimsəməsi mümkün deyil.
“Genmodifikasiyaedici qidalar və onlara qarşı maarifləndirmə tədbirləri” mövzusunda “Biologiya və onun tədrisi metodikası” kafedrasının müdiri dos. A.Ə.Yusifova çıxış etmişdir. Çıxışda insan nəslinin davamlı inkişafı üçün ciddi maneələrin qarşısının alınması məsələləri qeyd olunmuşdur. Son 10 ildə dünyanın bütün qitələrində qida mənşəli xəstəliklərin, qida zəhərlənmələrinin ciddi artması qeydə alınmışdır. Buna gərə dünyada qida təhlükəsizliyi ən aktual probem hesab olunur. Avropada və digər dünya ölkələrində Avropa Qida Təhlükəsizliyi Qurumu yaradılmışdır (EFSA). Bu qurumun əsas vəzifələrindən biri əhalini qida məhsullarının mövcud və potensial riskləri barədə məlumatlandırmaqdan ibarətdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı qida mənşəli təhlükələrin xarakterinə uyğun olaraq, onların qarşısının alınması və aradan qaldırılması strategiyasına nəzarət etməkdən ibarətdir.
A.Yusifova genimodifikasiya olunmuş qidaların insan sağlamlığına zərəri barədə əhəmiyyətli məlumatlar verdi.
FHN-in Baş İdarəsinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə şöbə müdiri Nəcibə Əfəndiyeva genofondun qorunmasının ətraf mühit, regionlar üzrə zərərli maddələrin atqıntıları barədə materialları seminar iştirakçılarının nəzərinə çatdırdı.
Ömür klinikasının direktoru və baş həkimi tibb üzrə fəl.dok. G.S.Məmmədova “Sağlam qadın – sağlam nəsil” mövzusunda sağlam nəslin yetişməsi problemləri, xüsusi patologiyalara səbəb olan amillər barədə seminar iştirakçılarına məlumat verdi. Sağlam nəslin yetişməsində qohum nikahlarının zərərini qeyd etdi. Faktiki məlumatlar əsasında hazırlanmış çıxış seminar iştirakçıları tərəfindən maraqla qarşılandı.
Klinikanın Elmi işlər üzrə direktor müavuni R.Rzayeva “Sağlam genofondun tibbi və sosial aspektləri” mözvusunda tarixi-tibbi məlumatlar verdi.
“Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalının həkim-terapevti, bitkilər üzrə tədqiqatçı E.E.Rəhimov seminarda immun sistemin qorunması, sağlam nəslin yetişməsi ətrafında təbiətin yetişdirdiyi mühafizəçilər – şəfalı bitkilər haqqında məlumat verdi. E.E.Rəhimov sağlamlıq üçün əhəmiyyətli reseptlər verdi, həkimin çıxışı seminar iştirakçıları tərəfindən xüsusi maraqla qarşılandı.
Seminara dəvət olunmuş qonaqlardan “Kaspi” qəzetinin baş redaktoru İ.Quliyev genimodifikasiya olunmuş qidalara qarşı maarifləndirmə tədbirlərinin böyük əhəmiyyəti olduğunu qeyd etdi. Media vasitələrinin bu mövzuya xüsusi diqqət verdiyini seminar iştirakçılarının nəzərinə çatdırdı.
ADNSU Cihaz mühəndisliyi kafedrasının müdiri t.e.dok. Lalə Bəkirova seminarın çox aktual bir mövzuya həsr olunduğunu, gələcəkdə bu tədbirlərin genişləndirilib bir layihə şəklində işlənməsinin vacib olduğunu qeyd etdi.
“Biologiya və onun tədrisi metodikası” kafedrasının müdiri dos. A.Ə.Yusifovanın və FHN-in Baş İdarəsinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə şöbə müdiri N. Əfəndiyevanın çıxışlarının daha geniş auditoriyada təşkil olunmasının vacibliyi nəzərə alındı.
Sonda dekan dos. E.C.Mehbalıyeva seminarın dünya səviyyəsində çox aktual bir məsələyə həsr olunduğunu qeyd edərək, bu mövzunun ölkə səviyyəsində layihə formasında hazırlanmasının vacib olduğunu seminar iştirakçılarının nəzərinə çatdırdı.
A.M.Həsənova: “Biologiya və onun tədrisi metodikası” kafedrasının dosenti