TƏHSİL SEKTORU İLƏ BAĞLI İKİ VACİB QƏRAR -Ekspert gözləntilərini açıqladı
Prezident İlham Əliyevin bu gün verdiyi sərəncamlara görə rayon təhsli şöbələri ləğv edilib, əvəzində Təhsil Nazirliyinin yeni regional idarələri yaradılıb. Eyni zamanda Bakı və Gəncə şəhərləri, uşaq evləri istisna olmaqla bütün uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilib. Xatıladaq ki, uşaq bağçaları əvvəl yerli icra hakimiyyətinin tabeliyində idi.
Yenixeber.org: Sərəncamları şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, Prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 24 İyul 2014-cü ildə sərəncam imzalamışdı və 2015-ci il yanvarın 1-dən təhsil şöbələri ləğv edilirdi. Amma bu prosees süni şəkildə gecikdirildi: "Yeni sərəncamdan sonra rayon təhsil şöbələrinin ləğv edilməsi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına xidmət edəcək. Təhsil şöbələrinin ləğv edilməsi və regional təhsil idarələri yaradılması təhsil sahəsində müsbət struktur islahatıdır. Əvvəllər hər rayonda bir təhsil şöbəsi varidisə, indi 4-5 rayon birləşəcək və təhsil idarəsi yaranacaq. Digər tərəfdən, müəllimlərin əmək haqları artırılır, idarəetmədə struktur dəyişikliklər aparılır. Müəyyən ixtisarlar olur ki, bu da maliyyə baxımından çox faydalıdır".
Ekspert Qeyd edib ki, təhsil şöbələrinin ləğv olunması təhsil sisteminə kənar müdaxilələrin qarşısını alacaq: "Təhsil idarələri mobil bir təşkilat olaraq formalaşacaq, bu sahəyə təhsil sahəsində çalışmayan vəzifəli şəxslərin müdaxiləsi məhdudlaşdırılacaq. Məsələn, hansısa icra başçısı təhsil şöbəsini öz xidmətçisi hesab edir və xərc çəkilən işləri ona tapşırırdı. Valideynlərdən və ya başqalarından pul yığılır və nəticədə bu iş görülürdü. Bundan sonra isə təhsil idarələri birbaşa Təhsil Nazirliyindən təlimatı, göstərişləri əsasında hərəkət edəcəklər".
K.Əsədov xatırladıb ki, 2011-ci il prezidentin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq İcra hakimiyyətlərinin tabeliyinə verilib: "Bunun səbəbinə gəlincə, bağçaların maddi-texniki bazası üçün təmir-tikinti, bərpa işləri zamanı daha operativ qərar qəbul etmək lazım idi. Çünki Təhsil Nazirliyi həmin dövrdə bu işi görməkdə çətinlik çəkirdi. 2011-ci ildən icra hakimiyyətlərinin tabeliyinə verilən uşaq bağçaları bəzi şəxslər tərəfindən özəlləşdirildi, təmir adıyla söküldü və yerində binalar, şadlıq evləri və restoranlar tikildi. Bu isə təlim-tərbiyə prosesinin fəaliyyətinə birbaşa mənfi təsir göstərdi".
K.Əsədovun qeyd edir ki, bağçaların yenidən Təhsil Nazirliyinin tabeliyinə verilməsi olduqca müsbət qərardır: "Düşünürəm ki, bağçalar artıq təhslin ilkin pilləsi kimi qəbul edilməlidir. Əvvəllər uşaq bağçalarının maddi-texniki bazası, tədris resursları orta məktəblə ziddiyyət təşkil edirdi. Düşünürəm ki, bağçaların Təhsil Nazirliyinin tabelyinə verilməsi bu sahədə şəffaflığı və idarəçiliyi artıracaq. Bu qərar təhsilin daha əlçatan olmasına, eyni zamanda bağçalara qəbul zamanı şəfaflığın artmasına səbəb olacaq. Hazırda uşaq bağçalarında çalışan və onların təlim-tərbiyəsi ilə məşğul olan şəxslərin bir çoxunun ali təhsili yoxdur. Eyni zamanda qəbul prosesi mərkəzləşdirlmiş formada aparılmırdı. Özəl baxçalara gedən uşaqlar, dövlət baxçasında təhsil alan uşaqlardan daha çox məlumatlı olurdular. Bu da məktəbdə şagirdlər arasında balansın pozulmasına səbəb olurdu. Amma vahidliyin və varisliyin qorunması üçün bağçalar yenidən Təhsil Nazirliyinin tabeliyində olacaq ki, bu da təhsilin inkişafına müsbət təsir edəcək. Əsas məsələ bağçaların necə qurulması, uşaqların orada necə qidalanması, gigiyenik-sanitar qaydaların və təzcihatın normal olmasıdır. Azərbaycanda elə bölgələr var ki, ordakı bağçalar çox bərbad vəziyyətdədir. İşə qəbul prosesi şəffaf deyil, tədris resurları yoxdur. Lakin bağçaların Təhsil Nazirliyinə verilməsindən sonra biz bu sahədə ciddi irəlləyişlərin şahidi olacayıq".