Etibarsız sayılsın! ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərildi –ŞƏRH

ATƏT-in Minsk qrupu və ona bağlı olan bütün strukturların fəaliyyətinə xitam verilib, onlar tərəfindən vaxtilə qəbul olunmuş qərarlar isə qüvvədən düşmüş və etibarsız elan edilib.
Yenixeber.org xəbər verir ki, bu barədə ATƏT Nazirlər Şurası tərəfindən qəbul olunan qərarda qeyd edilib.
Qərara əsasən, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə sentyabrın 1-dən etibarən xitam verilib.
"Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək həmin institutların bağlanması rəsmiləşdirilib", - deyə XİN-in məlumatında bildirilir.

Əslində, Azərbaycan Prezidenti İlham Əliyev bu qurumun bütün mənalarda lüzumsuz və etibarsız olduğunu çoxdan bəyan etmişdi. Çünki həmsədrlər onu həll etmək əvəzinə dondurulmuş vəziyyətdə saxlanmasına xidmət edir, Azərbaycanı işğalın nəticələri ilə barışdırmağa çalışırdı. Görünür, münaqişənin həlli qurumda təmsil olunan güclərin maraqlarına cavab vermirdi və ya xalq arasında deyildiyi kimi, ATƏT-in Minsk qrupu kimlər üçünsə "çörək ağacı"na çevrilmişdi.
Lakin Prezident İlham Əliyev Azərbaycanın işğalın nəticələri ilə heç vaxt barışmayacağını dəfələrlə bəyan etmişdi və nəticədə, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni öz iradəsi və gücü ilə, hərbi və siyasi imkanları hesabına həll etdi. "Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir", - deyə Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən cəmi bir ay sonra qrupun həmsədrlərini qəbul edərkən bildirib.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən və 2023-cü ildə keçirilmiş antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində dövlət suverenliyini bərpa etdikdən sonra münaqişənin ocağı da tam söndürülmüş oldu. Belə olan halda, onun həlli məqsədilə yaradılmış beynəlxalq vasitəçilik formatına da heç bir zərurət qalmırdı.

Ötən dövrdə verdiyi bütün müsahibə və bəyanatlarında Prezident İlham Əliyev vurğulayırdı ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır.
Lakin son vaxtlaradək "bəlkə də qaytardılar" xülyası ilə yaşayan Ermənistan tərəfi və ona havadarlıq edən qüvvələr, xüsusilə, ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransa bu lüzumsuz strukturun ləğvini hər vəchlə əngəlləməyə çalışırdı. Rəsmi İrəvan bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə Fransa və Hindistan kimi müttəfiqlərinin vasitəsilə silahlanır və vasitəçi Minsk qrupunun ləğvi üçün müraciət etmək istəmirdi ki, bu da Ermənistanda hələ də revanşist planların mövcudluğundan xəbər verirdi.

Avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar isə göstərdi ki, döyüş meydanında ədaləti bərpa edən və bölgədə sülh gündəliyinin müəllifi olan Prezident İlham Əliyev, heç bir kənar təzyiqə və müdaxiləyə baxmadan, prinsipial mövqeyindən geri dönmədi və müharibədə qalib gəldiyi kimi, artıq sülhü də qazanmış oldu.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamaq üçün irəli sürdüyü iki əsas şərtdən biri idi. Rəsmi Bakının digər şərti isə Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır ki, bu tələbin də ən pis halda 2026-cı ildə yerinə yetiriləcəyi gözləniləndir.(Report)