“Xəzər asayişi” Alyansı -Xəqani Cəfərli yazır

Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müdaxiləsi İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəninin çöküşünü sürətləndirdi.
Yenixeber.org: Dünya düzənin dağılması Şərqi Avropadan Mərkəzi Asiyaya, Qafqazdan Yaxın Şərqə kimi geniş çoğrafiyada yerləşən bütün dövlətlər üçün ciddi təhdidlər yaradıb. Təhlükəsizlik məsələsinin önə çıxdığı indiki zamanda hətta NATO-ya üzv ölkələr regional təhlükəsizlik alyansları qurmağa çalışırlar.
İsrail hökumətinin bu ilin martında gündəmə gətirdiyi ABŞ, Azərbaycan və İsrail arasında üçtərəfli strateji müttəfiqlik təşəbbüsü Şərqi Avropadan Mərkəzi Asiyaya, Qafqazdan Yaxın Şərqə kimi çox geniş bir çoğrafiyada sülh, sabitlik və rifahı təmin edəcək alyansın təməli ola bilər.
Tarixin ən amansız dövlərindən birində, ərəb istilalarının Yaxın Şərqdən Avropaya və Mərkəzi Asiyaya kimi geniş bir çoğrafiyanı yandırıb külə çevirdiyi bir zamanda bu məkanda təhlükəsizliyi və ticarəti təmin edən, buna görə də VIII—IX yüzilliklərin Şərqi Avropa tarixində “Xəzər asayişi” dövrü adlandırılan Xəzər Xaqanlığı Azərbaycan xalqının etnogenezinin formalaşmasında mühüm rol oynamış xəzərlərin və iudaizmin ortaq tarixi irsidir. Bu şərəfli tarixi irsin Azərbaycan və yəhudi xalqları tərəfindən qorunması Azərbaycanın “birgəyaşayış ölkəsi” olmasını təmin edir. Təsadüfi deyil ki, Azərbaycana səfər edən araşdırmaçılar ölkmizdə yəhudi və müsəlmanların harmoniya içərisində yaşadığını müşahidə etdikdən sonra Azərbaycanı “birgəyaşayış ölkəsi” adlandırıblar.
Azərbaycanla ABŞ arasında diplomatik əlaqələrin qurulduğu 28 fevral 1992-ci ildən bu günə inkişaf edən münasibətlər iki ölkəni strateji tərəfdaşa çevirib. Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır. Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu iki ölkə arasındakı münasibətləri yeni mərhələyə keçirib.
Tarixi “Xəzər asayişi” irsi, Azərbaycan və yəhudi xalqının birgəyaşayış mədəniyyətini bu günümzədək qoruyub saxlamaları və ortaq maraqların qorunması zərurəti ABŞ, Azərbaycan və İsrail arasında hərbi-siyasi alyansının yaranmasını zəruri edir.
“Xəzər asayişi” Alyansı (“Caspian security” Alliance) adlandırıla bilinəcək ABŞ, Azərbaycan və İsrail hərbi-siyasi ittifaqı ABŞ-ın rəhbərlik etdiyi dünya nizamını sarsıtmağa yönəlmiş Çin, Rusiya, İran və Şimali Koreyanı birləşdirən şər oxunun (CRINK) öz təsirini Avrasiyanın dörd bir yanına yaymaq siyasətinə qarşı ən effektli güc ola bilər.
“Xəzər asayişi” Alyansı CRINK-a qarşı effektli sədd olduğu kimi, Yaxın Şərqdə yüksələn radikal islamçı cəryanların doğurduğu və bundan sonra doğurması gözlənilən təhlükələrin qarşısını ala biləcək möhtəşəm Alyans ola bilər. “Xəzər asayişi” Alyansı bölgədə sülh-sabitlik və rifahın təminatçısı olaraq yeni dünya düzənin pozitiv istiqamətdə formalaşmasına yön verə bilər. Dünya düzənin pozitiv istiqamətdə formalaşması isə “Xəzər asayişi” Alyansında birləşəcək hər üç dövlətin həyati əhəmiyyətli maraqlarının təmin edilməsi üçün çox böyük imkanlar yaradacağına şübhə ola bilməz.
“Xəzər asayişi” Alyansı Xəzər hövzəsinin sərvətlərini bölgə xalqlarının maraqlarına xidmət edəcək şəkildə birgə istifadəsini təmin edə bilər. Belə ki, hazırda Rusiya və Çin arasında sıxışıb qalmış Mərkəzi Asiya respublikaları (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan) “Xəzər asayişi” Alyansının simasında güclü tərəfdaş qazanaraq malik olduqları zənginlikləri Moskva və Pekindən asılı olmadan hasil və ixrac etmək imkanı qazana bilərlər. Hazırda Mərkəzi Asiya respublikaları Rusiya və Çinin birgə təzyiqlərinə məruz qalmamaq üçün Qərb dövlətləri ilə çox yaxın münasibətlər yaratmaqdan çəkinirlər. Moskvanın təhlükəsizlik qayğılarının nəzərə alınmasında israr edən Çin bununla Mərkəzi Asiya ölkələrinin suverinliyini məhdudlaşdıraraq Qərblə əməkdaşlığı genişlətmələrinin qarşısını alır. Çin və Rusiyanın birgə təzyiqləri qarşısında istinad edəcək güc mərkəzi olmadığı üçün Mərkəzi Asiya respublikaları suverinliklərinin məhdudlaşdırmasına boyun əyməkdən, Moskva və Pekinin təsir dairəsində qalmağa razılaşmaqdan başqa yol görmürlər. “Xəzər asayişi” Alyansı Mərkəzi Asiya respublikalarının Çin və Rusiya təzyiqnə qarşı dayana bilmələri üçün istinad ediləcək güc ola bilər. Bu isə Amerika sərmayəsi üçün zəngin sərvətlərə malik Mərkəzi Asiyada əlverişli imkanlar yaradar. Belə ki, ABŞ-ın Mərkəzi Asiya respublikaları ilə C5+1 formatı genişlənərək C5+3 formatında dayanaqlı əməkdaşlıq platformasına çevrilə bilər. Belə bir əməkdaşlıq Çinin nadir torpaq metalları üzərindəki inhisarçılığını dağıda bilər. Son zamanlar Çinin nadir torpaq metallarından iqtisadi silah kimi istifadə etdiyi açıq müşahidə olunur. Mərkəzi Asiya respublikalarının zənginliklərinin birgə istifadəsi Çinin nadir torpaq metallarını iqtisadi silaha çevirən siyasətinin iflasına səbəb ola bilər. Bu isə Qərb ölkələrinin, ilk növbədə isə ABŞ iqtisadiyyatının Çindən asılılığını ortadan qaldıra və yaxud minimum səviyyəyə sala bilər. Mərkəzi Asiya ölkələrinin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına çıxarılması Avropa ölkələrinin Rusiya və ərəb ölkələrindən enerji asılılığını kəskin azaldarcaqdır. Buna görə də “Xəzər asayişi” Alyansının təsisi Avropa ölkələrinin də həyati əhəmiyyətli maraqlarına uyğundur.
Mərkəzi Asiya respublikaları və Azərbaycan üçün ən böyük təhlükələrdən biri, bəlkə də birincisi Xəzər dənizindən Balxaş gölünə qədər bütün əsas su hövzələrinin qurumasının nəticəsi olan geniş bir çoğrafiyanın səhralaşmasıdır. Bu ekoloji böhran Xəzər dənizinin hər iki sahilində, eləcə də bütün Mərkəzi Asiyada yaşayan milyonlarla insanın yaşam şərtlərini təhdid edir. Yaranmış və dərinləşməkdə olan ekoloji böhranın birinci səbəbi Volqa çayından Xəzərə su axınının azalmasıdır. Qazaxıstan vəziyyətdən çıxış yolu kimi ilk olaraq Volqa çayından Xəzər dənizinə minimum su axınını təmin etməsi üçün Rusiyanın öhdəlik götürməsi ilə bağlı təklifini Moskva rədd edir. Su qıtlığının bir çox ölkələrin əsas probleminə çevrilməsi yaxın gələcəkdə su mənbələri uğrunda müharibələri qaçılmaz edəcək. Azərbaycan və Mərkəzi Asiya respublikaları bu problemi həll etmək gücündə deyillər. Xəzər ətrfaı ölkələri, ilk növbədə Azərbaycan, Qazaxıstan və Türkmənistanı təhdid edən su qıtlığını yalnız “Xəzər asayişi” Alyansının dəstəyi ilə həll etmək mümkündür.
İsrail hökumətinin bu ilin mart ayında gündəmə gətirdiyi və təşviq etdiyi ABŞ, Azərbaycan və İsrail arasında üçtərəfli strateji müttəfiqlik təşəbbüsünün Ermənistanla Azərbaycan arasında sülh prosesinə güclü təkan verməsi, Zəngəzur dəhlizi ətrafında gedən rəqabətin ortadan qalxmasına səbəb olması sübut edir ki üç dövlətin birgə əməkdaşlığı dərhal fayda verir. Əgər bu əməkdaşlıq hərbi-siyasi alyansa çevrilərsə, o zaman “Xəzər asayişi” Alyansının Şərqi Avropadan Mərkəzi Asiyaya, Qafqazdan Yaxın Şərqə kimi geniş çoğrafiyada sülhü, sabitliyi və rifahı təmin edəcəyinə şübhə olmamalıdır.
Zaman Azərbaycan dövlətinin təhlükəsizliyini, Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarının gerçəkləşməsini təmin edəcək hərbi-siyasi ittifaq olacaq “Xəzər asayişi” Alyansının yaradılması vaxtıdır.
P.S. “Xəzər asayişi” Alyansının zəruriliyini və prespektivliyini əsaslandıran konsepsiya hazır olan kimi ABŞ və Azərbaycanın dövlət başçılarına, İsrailin Baş nazirinə göndərəcəm.