TƏNHA FENOMEN: XANOĞLAN ŞIXƏLİYEV!
(Təqdim etdiyim bu yazı Azərbaycan prokurorluğu tarixində müstəsna xidmətləri olmuş bənzərsiz insan, gözəl ziyalı və müəllim Xanoğlan Şıxəliyevin unudulmaz xatirəsinə həsr etdiyim “Tənha fenomen: Xanoğlan Şıxəliyev!” adlı publisistik əsərimin “ÖN SÖZ” əvəzidir.)
“Böyük insanların böyüklüyü onların adi insanlarla rəftarından bəlli olur.” (Tomas Karleyl, ingilis tarixçisi)
Yenixeber.org: İnsanlar adətən günlərin bir-birindən necə fərqləndiyinin fərqinə varmırlar. Söhbət Günəşin batmasından, Ayın çıxmasından, göydəki ağ və qara buludların yerdəyişməsindən və sair təbiət hadisələrinin yaratdığı gündəlik dəyişikliklərdən getmir. Məsələ, ətrafımızda baş verən müxtəlif gündəlik hadisələrə bəsit statistik yanaşmanın yaratdığı aura deyil, birmənalı olaraq cismimizə əmanət edilmiş ruhumuzun yaşadığı ağrı-acının, sevinc və şadyanalığın, eşq və sevginin həyatımızda iz qoyacaq təzahürləridir.
30 iyun 2015-ci ilin isti və boğucu günlərindən biriydi. Təxminən 21.30 radələrində-bəd xəbərin dili yüyürək olar-telefonuma mesaj gəldi: “Xanoğlan müəllim haqqın dərgahına qovuşdu!” Onun barəsində bu sayaq xəbərlər eşitməyə adətkardaydım deyə, özümü tox tutmağa çalışdım.
Həmin vaxt rayon mərkəzindəydim. Təcili kəndə qayıtdım. Həyətə girən kimi Xanoğlan müəllimin nömrəsinə zəng etdim. Telefonu çağırırdı. Çox sevindim. Bir-neçə dəfəlik çağrıdan sonra telefonuma cavab verildi. Fəqət-dəhşətli, tükürpədici ağlaşma səslərindən başqa heç nə eşitmirdim.
Həmin vaxt həyat yoldaşım və oğlum Xaliq həyətdə çay içirdilər. Bütün vücudum əsirdi. Telefon əlimdən düşdü. Əgər onlar vaxtında yetişib qollarımdan yapışmasaydılar, yəqin ki müvazinatımı saxlaya bilməyib kökü çürümüş ağac kimi yerə çırpılacaqdım. Hiss etdim həyat yoldaşım ağzımı qoxulamaq istəyir. “İçməmişəm!-dedim və özümdən ixtiyarsız:- “ÖLDÜ!”-deyə qışqırdım. “Kim?”-həyat yoldaşım çaşqın halda soruşdu. Kəkələyə-kəkələyə:- “Xanoğlan müəllim!”-dedim. Xaliqin hıçqırığını eşitdim, həyat yoldaşım qeyri-iradi qolumu buraxıb aşağı sürüşdü və sol ayağımı qucaqlayaraq, “Allah ruhun şad etsin!”-dedi. Mənsə, “ÖLMƏDİ!.. ÖLMƏDİ!”-deyərək, dəlicəsinə bağırırdım.
Səsim yaşadığım 70-80 evlik məhəllənin hər tərəfində eşidilmişdi. Qonum-qonşu, qohum-əqraba səsimə yığışıb nə olduğunu anlamağa çalışanda, dizlərimi sinəmə qısaraq üzü divara uzanmışdım və heç kimi qarşılamaq halında deyildim. Həyət yoldaşım gələnləri qarşılayıb heç nə olmamış kimi yola verir və ağlaya-ağlaya, yenə “dəliliyi tutub”-deyirdi.
Səhər saat 06-07.00 radələrində özümə gəlib ayılanda oğlum Xaliq alnımı, həyat yoldaşım ayaqlarımı ovurdu. Çox narahat görünürdülər, sanki dəhşətli bir möcüzəyə şahidlik edirmişlər kimi çaşıb qalmışdılar. Heç demə, bir-neçə satın içində bütün saç-saqqalım bəyaz rəngə bürünərək, sifətimi tanınmaz hala salıbmış.
Həmin tarixdən iki ildən artıq bir müddət keçib. Amma nə həyat yoldaşım, nə oğlum, nə qızlarım Xanoğlan müəllim barəsində felin keçmiş zamanında danışmayıblar. O, hər gün bizimlədir. Onun ruhumuza işıq saçan ibrətamiz fikir və düşüncələri, öyüd-nəsihətləri daima qulaqlarımızdadır. Yaşadığımız daxmada sol ayağının izi, həyət-bacamızda alıb-verdiyi nəfəsin hərarəti qalıb.
Mənim üçün hər yeni gün yenə də Onunla başlayır. Mən hər yeni günün fərqini, hələ də təyin edə bilmədiyim “varlıq-yoxluq” konteksindən anlamaq istəyirəm.
....
Əgər yaşasaydı bu il sentyabrın 29-da 60 yaşı tamam olacaqdı. Lakin amansız ölüm 2015-ci il iyunun 30-da Onu aramızdan apardı. Fəqət, mən hələ də Onun yoxluğunu qəbul etməyən, daha doğrusu etmək istəməyən tək insanam. Və mən and içdiyim Allah sözünə sadiq qalaraq, bir daha bəyan edrəm: -“Sənin yoxluğunu qəbul etməyəcəm, qardaş! Ta o vaxta qədər ki, səninlə görüşüm. Fərq etməz görüş yeri: ha bu dünya, ya axirət dünyası.”
....
Getdin, gedişinlə sarsıtdın bizi,
Sənin gəlişinə bel bağlamışıq.
Hər zaman açardın ürəyimizi,
İndi həsrətini qucaqlamışıq.
....
Bir odlu ürəyin hərarətindən,
Milyonlar isinib qızına bilər,
Nadan da, aqil də darda-çətində,
Yaxşılıq görməsə, pisi nə bilər?!
....
Adi rəftarını, sadəliyini-
Qardaşım, unutmaq bizə çətindir.
Ürəkdən-ürəyə körpü salmağın,
Sənin etibarın, dəyanətindir.
....
Həyat etibarsız, söz etibarsız,
Bəs kimə gümanım gəlsin, bilmirəm.
Bir bağça saldırdın yazsız-baharsız,
Dostların ağlasın, gülsün-bilmirəm!
HÜSAMƏ bin SƏRXAN (Hüsaməddin Əhmədov)
Cəlilabad rayonu, Qarazəncir kəndi