Abşeron rayonunda sənədsiz evlərin sayı sürətlə artır -İcra hakimiyyəti ilə “anlaşıb“...
Abidin Fərzəliyevinn Abşeronda fəaliyyət göstərdiyi 3 il müddətində rayon ərazisində sənədsiz evlərin sayı bir neçə dəfə artıb...
Yenixeber.org: Məlumata görə Abşeron rayonunda sənədsiz evlərin sayının sürətlə artması Nazirlər Kabinetində və İqtisadiyyat Nazirliyində təlaşla izlənilir. Bu barədə qeyri-rəsmi şəkildə əldə etdiyimiz məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin çıxarış vermədiyi çoxlu ərazilər zəbt edilib və Əmlak Məsələləri Dövlət Xidməti istəsə belə həmin torpaqlara və tikintilərə çıxarış verə bilməz. Çünki həmin ərazilərin böyük əksəriyyətinin təyinatı kənd təsərrüfatıdır.
Xatırladaq ki, Abşeron rayonunda sənədsiz evlər həddindən artıq çox olması uzun illərdir ki, narahatlıq yaradan faktordur. Bundan əvvəl 2020-ci ildə Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev və bir sıra bələdiyyə sədrləri, o cümlədən icra nümayəndələri həbs olunmuşdu. Həmin qalmaqallı həbslərdən sonra isə Abşeronun icra başçısı İradə Gülməmədova vəzifədən alınmış, onu yerinə isə Abidin Fərzəliyev Abşerona təyin almışdı.
Bu təyinatdan sonra Abşeronda səsndsiz evlərin azalmısı gözləntiləri olsa da, bu gözləntilər özünü doğrultmayıb və Abidin Fərzəliyevin təyinatından sonra sənədsiz evlərin sayı sürətlə artmağa başlayıb. Hazırda isə problem o qədər böyüyüb ki, Abşeronda yeni həbslərin olacağı qaçınılmaz kimi görünməkdədir.
Mənbələrin bildirdiyinə görə Abşeronda qanunsuz tikintilərə icazəni bir qayda olaraq başçının sağ əli Nurlan Həsənov verir və bu icazə şifahi olur. Qeyd edək ki, Nurlan Həsənov Nərimonov rayon icra hakimiyyətində İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. Abdin Fərzəliyev Abşeron rayon icra başçısı təyin edildikdən sonra Nurlan Həsənov Abşeron RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsinə təyin edilib. Amma onun əsas işi Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və “icazə” işlərini həll eləməkdən ibarətdir.
Yəni Abşeronda torpaq almaq üçün bələdiyyə sənədi almaq olsa da, tikintiyə rəsmi icazə verilmir. Çünki torpaq sahələri üçün verilən bələdiyyə sənədlərinin əksəriyyəti də əslində saxta olur. Nurlan Həsənovun şifahi razılıq verdiyi “icazə”dən sonra isə istənilən şəxs tikinti işləri apara bilir. Belə bir “icazə”si olmayan heç kim Abşeronda daşı daş üstünə qoya bilmir. “İcazə”nin necə verilməsinin təfərrüatlarına isə girmək istəmirik, çünki bu özü-özlüyündən aydındır.
Xatırladaq ki, Abşeron rayonunda torpaqların əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır. Ona görə də həmin torpaqlarda ev tikmək qanunla qadağandır və həmin torpaqlara tikinti icazəsi verilməsi üçün Nazirlər Kabineti tərəfindən torpaqların təyinatı dəyişdirilməlidir. Amma Abşeronun icra başçısının nümayəndələri həmin torpağın üstündə tikinti aparmaq üçün “icazə” vermək problem deyil. Yəni Nurlan Həsənov üçün...
Bəs 4 il əvvəl İradə Gülməmmədova Akif Əliyevi qurban verdiyi halda, Abidin Fərzəliyev Nurlan Həsənovu qurban verəcəkmi? Bu sualın cavabını birmənalı şəkildə vermək mümkün deyil. Çünki Nurlan Həsənovun Abidin Fərzəliyev üçün ayrı bir dəyər daşıdığı bildirilir.(azgakt.com)