Bakının “sənədsiz” bəlası:növbəti dəfə qan töküldü
Bakının uzun illərdir həllini tapmayan qanunsuz tikililər probleminə görə daha bir qarşıdurma yarandı və hətta qan töküldü.
Yenixeber.org: Xəbər verildiyi kimi Binəqədi ərazisində Qarabağ əilili illər əvvəl aldığı torpaq sahəsində ev tikmək istəyərkən SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə qarşıdurma yaranıb. Çünki ev tikintisi üçün istifadə edilən ərazi SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağına aiddir.
Məlum olduğu kimi bu qarşıdurmada SOCAR-ın təhlükəsizlik əməkdaşlarından və ev tikmək istəyən Qarabağ əlililinə köməyə gələn şəxslərdən xəsarət alanlar olub. Əvvəllər də belə hallar baş verib və SOCAR mühafizəçilərinin şirkətə aid neft ərazilərdə qanunsuz tikilən evləri sökməyə, yaxud qanunsuz tikintinin qarşısını almağa çalışarkən qarşıdurmalar yaşanıb.
Əslində Binəqədidə baş vermiş qarşıdurmanın kökləri daha dərinə-neft ərazilərini zəbt edib satan mütəşəkkil qruplaşmaların, habelə bu ərazilərdə qeyri-leqal tikinti aparılmasına göz yumanların uzun illər boyu hökm sürən fəaliyyətinə gedib çıxır. Axı həmin Qarabağ əlilinin aldığı (təbii ki, qanuni sənədlər əsasında deyil) torpaq sahəsinin ətrafı, yəni neft kəmərinin mühafizə zolağı çoxdan zəbt edilib. Orada az qala bir-birinə bitişik fərdi evlər, villalar tikilib. Başqa sözlə, həmin ərazi SOCAR üçün çoxdan itirilmiş hesab edilməlidir.
Şirkət mühafizə olunan neft ərazilərində tikintinin aparılmasının yolverilməzliyi haqda dəfələrlə xəbərdarlıq yayıb, belə tikililərin sökülməsi üçün kütləvi şəkildə məhkəmə iddiaları da qaldırıb. Amma şirkətin özünün açıqladığı rəqəmlərdən də görünür ki, qeyri-leqal tikintinin miqyası olduqca böyükdür, praktiki olaraq neft ərazilərində tikilmiş evlərin sökülməsi mümkün deyil.
Belə ki, təkcə Binəqədidə “neft ərazisində” 35 mindən çox qanunsuz ev var və onların sayı günbəgün artır. Əlbətdə, belə tikililər özbaşına meydana çıxmır, neft ərazilərində sənədləri olmadan tikinti aparanlar ərazidən asılı olaraq müxtəlif məbləğlərdə haqq verməlidir. Söhbət azı 5-6 mindən başlayıb 15 minə qədər artan rəqəmlərdən gedir.
Məsələn, Binəqədidə birmərtəbəli fərdi evin tikintisi üçün tələb olunan haqq 8-10 min manata çatır. İkimərtəbəli ev üçün isə azı 15 min vermək lazımdır. Sabunçuda bu haqq 5-8 min, Suraxanıda isə təxminən 8-12 min manat arasındadır. Pullar qanunsuz tikiliyə göz yumulmasının əvəzi kimi yerli icra hakimiyyətlərinin, bələdiyyələrin xüsusi pulyığanlarının əli ilə alınır.
Virtualaz.org qeyd edir ki, müxtəlif araşdırmalara görə Bakı və ətrafında 600 minə yaxın sənədsiz ev mövcuddur. . Qeyri-rəsmi statistikaya görə, onlardan 50 minə yaxını mühafizə olunan ərazilərdə yerləşir. Bu hələ bir neçə il əvvələ olan rəqəm idi və belə evlərin sayı, qeyd olunduğu kimi, hər gün artır.
Problemin miqyasının getdikcə böyüməsi nəzərə alınaraq qanunvericiliyə qanunsuz tikililərə qarşı mübarizəni sərtləşdirən müddəalar əlavə edildi. Və prezident İlham Əliyev belə halların qarşısının alınması üçün Nazirlər Kabinetinin müşavirələrindən birində göstərişlər də verib.
Prezident ona da göstəriş verib ki, sənədsiz evlərin sənədləşdirilməsi məsələsi həllini tapsın. Bu ilin may ayında Bakı şəhər icra hakimiyyətinin başçısı elə Binəqədi rayonu sakinləri ilə görüşündə bildirdi ki, prezident məsələnin həlli üçün ona tapşırıq verib.
“Bir neçə gün əvvəl cənab Prezident məni şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış Komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, yaxın günlərdə sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq”,-şəhər rəhbəri deyib.
Amma problemin həlli hələ də üfüqdə görünmür, sənədsiz evlərin sayı isə artır.
Əmlak Məsələləri Dövlət Komitəsinin 2019-cu ilin mayında verdiyi son açıqlamada bildirilir ki, vətənaşların istifadəsində olan özbaşına inşa edilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayaraq baxılması üçün təqdim edilib. İşçi qrup yaradılıb, yerlərdə isə icra hakimiyyətləri, bələdiyyələr və digər dövlət qurumlarını iştirakı ilə işçi komissiyalar yaradılıb. Komitə tərəfindən Torpaqların Elektron Uçot Sistemi yekunlaşmış rayonlarda özbaşına tikililər barədə məlumatlar artıq işçi qruplara təqdim edilb və hazırda bu məlumatların dəqiqləşdirilməsi ilə bağlı inventarlaşma işləri aparılır.
İndi isə komitədən virtualaz.org-un sorğusuna bildiriblər ki, hələlik bu məsələdə yenilik yoxdur. Yenilik olan kimi ictimaiyyətə məlumat veriləcək.
Lakin məsələnin həlli həm də ona görə qəlizdir ki, neft buruqlarının arasında, kəmərlərin mühafizə zolağında tikilmiş evlərin leqallaşdırılmasının yolları praktiki olaraq yoxdur.
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı deyir ki, paytaxtın, əsasən, Binəqədi, Yasamal, eləcə də, kənar rayonlarında qanunsuz evlərin sayı yüz minlərlədir. Bu evlərin sənədləşdirilməsi təkcə hüquqi deyil, iqtisadi baxımdan da vacibdir. Sənədləşdirilmə sayəsində dövlət bücdəsinə milyonlarla manat vəsait daxil olacaq. Hazırda sənədsiz evlərin alqı-satqısı notarial qaydada həyata keçirilir. Bundan büdcəyə vəsait daxil olmur. Evlər sənədləşdirilərsə, bələdiyyələrə də vəsait daxil olacaq.
Ekspertin fikrincə, komitə tərəfindən hazırlanan konsepsiyada problemlərin həllinə dair məsələlər əksini tapıb: “ Evlərin sənədləşdirilməsi yerli icra orqanlarına sərf etmir. Çünki sənədsiz evlər bir çoxlarının gəlir mənbəyidir. Evlər sənədləşdiriləndən sonra tikintiyə icazə də nəzarətdə olacaq. Bu isə yerli icra orqanlarının əlavə gəlirdən məhrum olması deməkdir. Hazırda qanunsuz tikililərin böyük əksəriyyəti istifadədədir. Hətta bu evlər sayğacla təmin edilib, yaşayış var. Bu evlərin sənədləşdirilməsi vacibdir və prezidentin göstərişi problemin tezliklə həllini tapacağına ümidi artırır”.
R. Osmalı onu da qeyd edib ki, qanunsuz evlərin sökülməsi reallaşarsa, bunu bir şəxsə deyil, hamıya şamil etmək lazımdır. Hansı ki, belə total evsökmə praktiki olaraq mümkün olmaz. “Ətrafda qanunsuz evlər olduğu halda, yalnız bir evin sökülməsi narazılıqla qarşılanır. Binəqədidə də belə olub”,-o deyib.
Əmlak eksperti Nüsrət İbrahimov da tezliklə evlərin sənədləşdirilməsi məsələsinin həllini tapacağına ümidlidir. Onun sözlərinə görə, sənədsiz evlərin siyahıya alınması, ərazinin qiymətləndirilməsi uzun müddət tələb edir. Buna görə də, sənədləşdirmə vaxt apara bilər: “Sənədsiz evlərin siyahısı tam açıqlanmayıb, amma yerli icra strukturları, torpaq mülkiyyətçiləri var. Hansı ki, onlar qanunsuz tikintiyə görə məsuliyyət daşıyırlar. Qanunsuz tikinti aparılmasına nəzarət etmək onların vəzifə borcudur”.
Ekspert deyir ki, konsepsiya tam açıqlanmasa da, görüləcək tədbirlər qismən bəllidir. Evin köçürülüb-köçürülməməsi, yaxud sənədləşdirilməsinə araşdırmadan sonra qərar veriləcək. Hələlik isə konsepsiyaya baxılır.
Bəs rayon icra hakimiyyətləri məsul olduqları ərazilərdə nə qədər sənədsiz tikilinin olduğunu, onların sayının hansı sürətlə artdığını bilirmi?
Sabunçu Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri İsa Həsənov virtualaz.org-a bildirib ki, Sabunçuda sənədsiz evlərin hamısı siyahıya alınır. Amma şöbə müdiri son bir il ərzində nə qədər sənədsiz evin tikildiyini bilmir. Onun sözlərinə görə, bu məsələ ilə icra hakimiyyətində yaradılmış xüsusi komissiya məşğul olur.
“Rayon ərazisində bütün sənədsiz evlərin hesabatı aparılır. Demək olar ki, bu məqsədlə yaradılmış xüsusi komissiya gündə iclas keçirir və hesabat hazırlayır. Çünki prezidentin göstərişi var, vaxt daralır, icra hakimiyyəti rayonda olan bütün sənədsiz evlərin siyahısını hazırlayıb təhvil verməlidir. Amma nə qədər ev siyahıya alınıb, onu deyə bilməyəcəyəm”,-İsa Həsənov deyir.
Əlavə edir ki, rayon ərazisində 10 qəsəbə var və onların hər birində sənədsiz tikilən evlərin sayı kifayət qədərdir. Maştağa, Pirşağı, Kürdəxanı, Zabrat, Balaxanı və Sabunçu qəsəbələrində qanunsuz tikilən evlərə daha çox rast gəlinir.
Binəqədi Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsindən isə Binəqədi ərazisində olan sənədsiz evlərin hesabatının aparılmadığını dedilər.
Xəzər Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, bu barədə mətbuata heç bir məlumat verilmir.
Bakı Şəhər İcra Hakimiyyətində isə paytaxtdakı sənədsiz evlərin sayından xəbərsizdirlər. İcra hakimiyyətindən verilən məlumata görə, prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, bütün sənədsiz evlərin sənədləşdirilməsi prosesi həyata keçirilir: “Hazırda iş gedir, işlər başa çatsın, bu barədə mətbuata məlumat veriləcək. Hazırda Bakının rayonlarında bu proses gedir. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti təsdiq edəcək”.
Qeyri-leqal evlərin leqallaşdırılmasının hüquqi mexanizmləri işlənib hazırlansa qanunsuz məskunlaşmanın baş alıb getdiyi ərazilərdə torpaqların hüquqi statusu da müəyyənləşə bilər. Xilası mümkün olmayan neft ərazilərinin SOCAR-ın balansından çıxarılaraq digər müvafiq strukturların balansına verilməsi belə görünür ki, qaçılmazdır. Bu baş versə həmin ərazilərdə gələcəkdə tikintilərin aparılması da leqallaşa bilər.(virtualaz.org)
Ü.Xudiyeva
G.Əliyeva