SƏNƏDSİZ EVLƏR PROBLEMİ İLİN SONUNADƏK HƏLL OLUNACAQ? -Rəsmi açıqlama və ekspert rəyi
Azərbaycanda uzun illərdir əsas problemlərdən biri kimi gündəmdə olan sənədsiz evlərlə bağlı məsələ, deyəsən, həll olunacaq. Belə ki, Nazirlər Kabinetinin Milli Məclisə təqdim olunan illik hesabatında sənədsiz evlərin inventarlaşdırılması prosesinin aparıldığına dair məlumat yer alıb.
Yenixeber.org: Məlumatda qeyd edilib ki, ölkə ərazisində müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər (əsasən yaşayış evləri) və onların yerləşdiyi torpaq sahələri ilə bağlı problemin həlli məqsədilə Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri tərəfindən 2019-cu il 27 iyun tarixində Tədbirlər Planı təsdiq edilib. Problemin mərhələli həllini nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları yaradılıb. Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir.
Hazırda həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir. Eyni zamanda yaşayış evlərinin və torpaq sahələrinin mühafizə və sürüşmə zonalarına düşüb-düşmədiyi, kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşib-yerləşmədiyi məsələsi də diqqətdə saxlanılır.
Sənəddə qeyd edilib ki, Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb.
Qeyd edək ki, Bakı və onun ətrafında sənədləşmə aparılmadan tikilən fərdi evlərin sayı yüz minlərlədir. Xüsusilə 2000-ci illərdə Bakı ətrafında bəzi məlumatlara görə, 700 mindən yuxarı belə ev inşa olunub. Bundan əlavə, Bakı kəndlərində sovet dövründən tikilmiş evlərin çoxunun da “kupça”sı yoxdur.
Bir neçə il əvvəl açıqlanan rəsmi məlumatlara görə, qaz, işıq, su və dəmiryol xətlərinin mühafizə zolaqlarında 400 mindən yuxarı fərdi ev və obyekt inşa olunub. Bundan əlavə, xeyli sayda evlər SOCAR-a məxsus torpaqlarda yerləşir. Bu ev və obyektlərin sənədləşməsi üçün ən yüksək səviyyədə tədbirlərin həyata keçirilməsi zəruridir.
Son illərdə qanunsuz evlərin sənədləşdirilməsi prosesinin sürətləndirilməsi üçün dəfələrlə ölkə rəhbərliyi səviyyəsində tapşırıq və sərəncamlar verilsə də, problemi köklü şəkildə həll etmək mümkün olmayıb. Bu problem dəfələrlə ölkə rəhbərliyi tərəfindən də dilə gətirilib.
Hələ 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini deyib: “Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq elə etmək lazımdır ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısı tam şəkildə alınsın. Sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər irəli sürülə, rüşvət, əsassız maraqlar ola bilər. Bu, reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm. Bu məsələnin həlli üçün şəffaf mexanizm işlənməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər”.
Sonradan - 2012-ci ilin iyun ayında Prezident magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədilə komissiya yaradılması haqqında sərəncam imzaladı. Komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmir yolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilən evlərlə bağlı araşdırma aparılıb, bütün lazımi sənədlər toplanaraq Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) göndərilib.
2014-cü ildə BŞİH-dən verilən məlumatda 4 kateqoriya üzrə siyahının hazırlanaraq Nazirlər Kabinetinə təqdim edildiyi qeyd olunub: “Bakı Şəhər İcra Hakimiyyəti müvafiq qurumlarla birgə 1900-1950-ci ilədək, 1975-ci ilədək, 1990-2000-ci ilədək və 2012-ci ilədək tikilən sənədsiz tikililərin siyahısını tərtib edib”.
Nəhayət, Prezident 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın təsdiq edilməsi barədə fərman imzaladı. Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Lakin bu fərman da evlərin sənədləşməsi sahəsində ciddi irəliləyişlə nəticələnmədi.
Nəhayət, 2019-cu ildə problem yenidən, özü də birbaşa ölkə prezidenti tərəfindən gündəmə gətirilib. Belə ki, prezident fevralın 19-da “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanın icrası məqsədilə aparılan araşdırmalar göstərib ki, yalnız Bakı şəhərində 400-dək çoxmənzilli bina sənədləşməyib. Bununla yanaşı, Əmlak Məsələləri Dövlət Komitəsi də açıqlama yayaraq, özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlandığını, yaxın zamanlarda həmin konsepsiyanın Prezident Administrasiyasına təqdim ediləcəyini bildirdi. Daha sonra isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ətraf qəsəbələrin sakinləri ilə görüşündə müvafiq işçi qrupunun yaradıldığını və tezliklə fərdi evlərin sənədləşməsi prosesinə başlanacağını qeyd etdi.
Hökumətin hesabatından aydın olur ki, bütün ölkə boyu sənədsiz evlərin inventarlaşdırılması prosesi aparılır. Lakin məsələ ilə bağlı Bakı şəhər Xəzər rayonunun Şaqan və Buzovna qəsəbələrində sənədsiz evlərdə yaşayan 20-dək ailə ilə söhbətimizdən məlum oldu ki, proseslə bağlı tam məlumatsızdırlar, onların evlərinin inventarlaşması istiqamətində hər hansı addım atılmayıb. Ailələr prosesdən kənarda qalmamaq üçün hara müraciət olunmasının lazım gəldiyini belə bilmirlər.
Bununla bağlı İqtisadiyyat Nazirliyinin Dövlət Əmlak Xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, inventarlaşdırma istisnasız olaraq bütün sənədsiz evləri əhatə edəcək: “Bununla bağlı vətəndaşların harasa müraciət etməsinə gərək yoxdur. Komissiya üzvləri bütün evlərə özləri gedərək zəruri məlumatları toplayırlar. Sadəcə, 2020-ci ildə pandemiya səbəbindən proses bir qədər ləngidi - evlərə getmək mümkün olmadı. Bu ildən proses yenidən geniş miqyasda başladılıb”.
Xidmətdən onu da bildirdilər ki, prosesin 2021-ci ilin sonunadək başa çatdırılması hədəflənir.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, sənədsiz evlərlə bağlı işlər Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən başladılıb: “Xidmət məsələ ilə bağlı konsepsiya hazırlayaraq hökumətə təqdim etmişdi. Xidmətin 2 il əvvəlki açıqlamalarında sənədsiz evlərlə bağlı rəqəmlər də yer almışdı. Əvvəllər Əmlak Komitəsi olaraq bu qurum sənədləşən evlərin sayını da mütəmadi olaraq açıqlayırdı,eyni zamanda vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edirdi. Lakin İqtisadiyyat Nazirliyinin tabeliyinə verildikdən sonra qurumun fəaliyyətində qapalılıq yaranıb. Bu, çox təəssüf doğuran haldır. Sənədsiz evlərin inventarlaşması prosesinin demək olar ki, qapalı aparılması yolverilməzdir. Bu sahədə məlumat açıqlığının təmin olunmasına ehtiyac var”.
Ekspert bildirir ki, indiyədək aparılan inventarlaşma Bakı və Abşeron rayonundakı sənədsiz evlərin üçdə birini ancaq əhatə edir: “Bu ərazidə yüz minlərlə sənədsiz tikili var. Nəzərə almaq lazımdır ki, sənədləşdirilməsi tələb olunan evlərin arasında qaz, elektrik, su, dəmiryol xətlərinin mühafizə zonasına, vulkan, aktiv mədən ərazisinə düşən evlər də çoxdur. Təxmini qiymətləndirmələrə görə, Bakı və Abşeronda 500 minə qədər, regionlarda 200 minə yaxın sənədsiz evlər var. Regionlarda prosesin ləng getməsini başa düşmək olar, struktur baxımından xidmətin imkanları məhduddur. Bakıda bələdiyyələri də cəlb etməklə prosesi sürətləndirmək mümkündür. Ümumilikdə konsepsiyanın hazırlanması, inventarlaşma işlərinin başlanması müsbət haldır. Yəqin ki, yaxın gələcəkdə inventarlaşmadan sonra hansı addımların atılacağını da açıqlayacaqlar”.
R.Osmanlının fikrincə, sənədləşmə həm vətəndaşlar, həm də dövlət üçün müsbət nəticələr verəcək: “Vətəndaşlar indiyədək istifadə edə bilmədikləri hüquqlarını reallaşdıra biləcəklər: evlərdə qeydiyyata düşmək, əmlaklarını girov qoymaqla kreditlər götürmək, əmlaklarına sərəncam hüququ əldə etmək və sair. Dövlət və bələdiyyələr isə əmlak vergisi, sığortası, alqı-satqı əməliyyatlarından rüsumlar və sairlə bağlı gəlirlər əldə edəcək. Təxmini hesablamalara görə, dövlət bu istiqamətlərdə sənədsiz evlər üzrə ildə 50 milyon manata yaxın vəsait itirir. İnventarlaşma prosesi başa çatdıqdan sonra dövlət orqanları sənədsiz evlərin tikilməsinin qarşısını tamamilə almalıdılar ki, gələcəkdə yenidən belə problem yaranmasın”.
İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov bildirir ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiyanın hazırlanması, prosesin başlanması çox mühüm addımdır: “Azərbaycanda təxminən 600 minə yaxın sənədsiz evlərin olduğu güman edilir ki, bunların da 400 minə yaxını Bakı və ətrafındadır. Bu evlərlə bağlı əsas məsələlərdən biri onların kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunmasıdır. Digər məsələ mühafizə zonalarında, mədən ərazilərində tikilmiş evlərlə bağlıdır. Bu qrup evlərin sənədləşməsi ciddi problemdir: bir çox hallarda qaz, elektrik, su, dəmiryol mühafizə zonalarında yerləşən evlər belədir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən evləri sənədləşdirmək üçün torpaqların təyinatının dəyişdirilməsi yetərlidir. Bəzi yüksək gərginlikli elektrik xətlərini yeraltına keçirməklə minlərlə evin sənədləşməsinə şərait yaratmaq olar. Yaxud elə ərazilər var ki, xətlərin yerinin dəyişməsi daha məqsədəuyğundur, nəinki evlərin. Bu baxımdan, inventarlaşma başa çatdıqdan sonra hər bir qrup evlərlə bağlı xüsusi qərarların qəbul edilməsi lazım gələcək”.