Meriya ilə icra hakimiyyəti arasında nə baş verir?
"xeberinfo.com":“Qanunsuz zəbt olunmuş ərazi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş və abadlaşdırılır”. Bu elanlara Yasamal rayonunun bir neçə yerində rast gəlmək olar. Əvvəllər yaşıllıqlar olan, sonradan hasara alınaraq obyektlərin tikilməsi üçün nəzərdə tutulan həmin ünvanları əvvəlki vəziyyətə qaytarılıb.
Ötən gün elan vurulan yerlərə baş çəkdik. Yasamal rayon İcra Hakimiyyətinin yaxınlığında – Mətbuat prospektində yerləşən binaların qarşısındakı parklar qismən də olsa əvvəlki vəziyyətinə gətirilib. Sakinlərlə söhbət zamanı məlum oldu ki, bir müddət öncə tanımadıqları şəxslər uşaqların əyləncə yeri olan bu əraziləri hasara alıblar. Vətəndaşları bunun səbəbini soruşduqda “parkı abadlaşdırırıq” cavabını alıblar.
“Biz də sevindik. Dedik ki, park daha yaxşı olacaq. Uşaqların əylənməsi üçün yelləncəklər quraşdırılacaq. Ancaq vaxt ötdükcə burada nəyinsə tikildiyinin şahidi olmadıq. Yoldan ötənlər, binada yaşayanlar təmir olunacaq deyə zibilləri bura atırdılar. Bir müddət sonra ərazi hasara alındı. Hasardan baxanda içəridə işin getdiyinin şahidi olurduq. Əmin idik ki, nəsə tikilir, ancaq park salınmır. Buna etiraz etdik. Bakı Şəhər İcra hakimiyyətinə və başqa dövlət qurumlarına müraciət etdik. Sağ olsunlar, müraciətimizə tez cavab verdilər. Parkı əvvəlki vəziyyətinə qaytardılar. Düzdür, burada əvvəllər oturmaq üçün skamyalar var idi, indi yoxdur. Bunu da etsələr, yaxşı olar. Çünki uşaqlar çəmənlikdə oturular”, - deyə sakinlər bildirirlər.
Daha 100 metr irəliləyirik. Yasamal rayon icra hakimiyyətinin binasının təxminən 200 metrliyində yerləşən daha bir ərazidə yuxarıda qeyd etdiyimiz elan var. İki binanın arasında yenidən salınan parkı da bir müddət əvvəl hasara alıblarmış. Buranın da sakinləri eyni problemlə üzləşiblər. Ancaq qonşularından fərqli olaraq bu parkı bir gecənin içində yaradıblar.
Növbəti elan yenə Mətbuat prospektində, Bakı Dövlət Universitetin arxasında yerləşən parkda yerləşdirilib. Burada yaxın zamanlara qədər çay evi kimi fəaliyyət göstərib. Parkın qalan hissəsində isə ağaclar qırılıb, yerində isə başqa iaşə obyektlər tikiləcəkmiş. Ancaq sonradan plan alt-üst olunur, çay evinin parkın ərazisində zəbt etdiyi yerlər yenidən öncəki vəziyyətə qaytarılıb.
Təbii ki, bəhs etdiyimiz ərazilərdəki elanlara dünyanın heç bir yerində rast gəlmək olmaz. Hətta mübahisəli yerlər olanda belə məhkəməylə yoluna qoyulur. Daha “Qanunsuz zəbt olunmuş ərazi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş və abadlaşdırılır” kimi elanlar yerləşdirilmir. Deməli, ortada meriya ilə Yasamal rayon icra hakimiyyəti arasında savaş var. Belə olmasaydı, meriya sadəcə xəbərdarlıq etməklə, yaxud göstəriş verməklə kifayətlənər və həmin əraziləri yenidən əvvəlki qaytarardı. Yox, əgər bu elanlar vurularsa, deməli, mübahisə var, həm də açıq savaş xarakteri alıb.
İkinci bir məsələ ondan ibarətdir ki, vurulan elanlar Yasamal rayon icra hakimiyyətinin binasının çox yaxınlığındadır. Mümkün deyil ki, ərazidəki söküntü-tikinti, zəbt olunmuş yerlərdən icra hakimiyyətinin xəbəri olmasın.
Ramin