İstirahət parkı hasara alınıb, iş adamlarına satılır -Xətaidə (FOTOLAR)
Son günlər sosial şəbəkələrdə Xətai rayounu, Qaçaq Nəbi küçəsi 9 ünvanda, əhalinin istirahəti üçün nəzərdə tutulmuş parkın və parkın içindəki şəhid Məmmədov Şahin Səməd oğlunun xatirə lövhəsi olan bulağın sökülməsi ilə bağlı məlumatlar yayılıb və ictimai narazılığa səbəb olub.
Yenixeber.org: Məlumata görə, Xətai rayoununda 10-a yaxın yaşayış binasının yeganə istirahət parkı kommersiya məqsədləri üçün satılıb.
Musavat.com-un müxbiri məsələyə aydınlıq gətirmək üçün adıçəkilən ünvana baş çəkib, məsələni araşdırıb.
Qeyd edək ki, 10 binanın sakinlərinin istirahət məkanı olan yeganə parkı artıq hasara alıblar. Giriş qapılarının önünə çəkilən hasarlar parka daxil olmağa imkan vermir. Əvvəllər bu istirahət məkanı olduqca geniş bir ərazini əhatə etsə də, zaman-zaman hissə-hissə zəbt edilərək satılıb və özəlləşdirilib. Diqqət çəkməsin deyə, parkın hər tərəfini dəmir hasarlarla örtüblər. Çətinliklə də olsa əraziyə daxil olub, vəziyyəti öyrənə bildik.
Parkın ərazisində ağır texnikalar işləyir, dərin özül qazılır. Qazıntı işlərinin strukturuna nəzər saldıqda bəlli olur ki, burada çoxmərtəbəli bina tikilməsi nəzərdə tutulur. Lakin tikintinin hansı məqsədlə aparıldığı, nə olacağı ilə bağlı dəqiq məlumatı olan yoxdur.
Xətai Rayon İcra Hakimiyyəti bu barədə nə sakinləri məlumatlandırıb, nə də öz rəsmi saytında məlumat yerləşdirib.
Parkın daha əvvəl zəbt olunmuş hissəsində tikilmiş yeddimərtəbəli dəbdəbəli bina diqqətimizi çəkdi. Sakinlər binanın bir neçə il öncə parkın ərazisində tikildiyini bildirdilər. O vaxt parkın sökülməsi, göydələnin tikilməsi ilə bağlı müəyyən etirazlar olsa da, heç bir nəticə verməyib. Tikinti prosesində parkda olan oturacaqları, hovuzu, uşaqlar üçün quraşdırılmış attraksionları söküblər. Binanı tikən şirkət məhz həmin binada yaşayan sakinlər üçün baxımsız qalan parkın bir hissəsini abadlaşdırıb, müasir atraksionlar quraşdırıb, istirahət üçün lazımı şərait yaradıb. Lakin ətrafdakı digər köhnə binaların sakinlərinə parkın abadlaşmış hissəsinə daxil olmağa icazə verilmir. Hətta onların uşaqlarına da həmin parkda oynamağa şərait yaradılmır. Ərazidəki 10 binanın sakinləri parkın çox az hissəsindən yararlana bilirlər ki, oranı da abadlıq baxımından istirahət yeri adlandırmaq etmək olmaz.
Həmin ərazidə yaşayan jurnalist Ağa Cəfərli bizimlə söhbətində yaranmış vəziyyətdən narahatlığını ifadə etdi və bu barədə Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdiyini bildirdi: “Maraqlıdır ki, Xətai rayon İcra Hakimiyyətinin rəsmi saytında yeni tikilən binanın ucaldılması, göydələnin həyətində uşaqların əyləncəsi üçün attraksionların quraşdırılması məhz icra hakimiyyətinin gördüyü quruculuq işləri kimi təqdim edilir. Qeyd edilir ki, bulağın qarşı hissəsində sakinlərin istirahətini təmin etmək məqsədilə müasir tipli köşklər və oturacaqlar qoyulub və uşaq əyləncə elementləri quraşdırılıb. Maraqlı məqam odur ki, icra hakimiyyəti satdığı ərazidə özəl şirkət tərəfindən aparılan abadlıq işlərini öz işi kimi qələmə verərək hökumətə təqdim edib. Bununla da ikiqat qazanc əldə ediblər, həm ərazinin satışından, həm də “abadlaşdırma” üçün ayrılan vəsaitin mənimsənilməsindən...”
Ağa Cəfərli onu da bildirdi ki, icra nümayəndələri hazırda özülü qazılan tikintinin də qanunvericiliyə uyğun aparıldığını deyirlər: “Lakin bu tikilinin nə olacağı barədə bir söz demirlər. Özüldən bəlli olur ki, burada bina tikilməsi nəzərdə tutulub. İcra başçının hər iki müavinləri ilə danışmışam, onlar da nə olacağını deməyiblər. Yalnız qanuna uyğun şəkildə tikinti aparıldığını bildirirlər”.
Valideynləri həmin ərazidə yaşayan tanınmış fotoqraf Orxan Əzim də məsələyə münasibət bildirdi: “ Həmin park sakinlərin yeganə istirahət yeri idi. Xüsusən də yay aylarında park dolu olurdu. İndi uşaqlı –böyüklü hamı kənara çəkilib. Onları da qınamıram, bəlkə də qorxurlar. Parkın ərazisi çox böyük idi. Üç il əvvəl yarısını söküb bina tikdilər. İndi də qalan hissələrini zəbt edirlər. Demək olar ki, park yox olub. Hər tərəfi hasarlanıb, qazıntı işləri gedir”.
Şəhid Şahin Məmmədovun xatirəsinə salınmış bulağın söküntüsünə gəldikdə isə Xətai rayon İcra Hakimiyyətinin rəsmi saytında qeyd olunur ki, parkda şəhid bulağının tikintisi və lövhənin yerləşdirilməsi 20.08.2014-c ü ildə şəhidin anası mərhum Məmmədova Gülzarın xeyir-duası ilə həyata keçirilib.
Daha sonra bildirilir ki, şəhidin lövhəsi olan bulağın ətrafı təmizlənərək abadlaşdırılması zamanı əraziyə gələn şəhid Şahin Məmmədovun qardaşı Məmmədov İsaq Səməd oğlu Qarabağ müharibəsi şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərə, şəhidlərin ailə üzvlərinə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib. Lakin bulağın sökülməsi ilə bağlı informasiya dərc olunmayıb.
Xətai rayon ictimaiyyəti isə bunu şəhidin ruhuna hörmətsizlik kimi qiymətləndirir və onun yerində bərpa edilməsini tələb edirlər.
Məsələ ilə bağlı Xətai Rayonu İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.