İcra başçısının adı 500 minlik qalmaqalda - FOTO
Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 89 ünvanında “ağac soyqırımı” aparılır.
Xeberinfo.com: Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin (Eksperimentalnı) axasındakı ərazidə yaşı 25-30 il aralığında olan ağaclar kəsilir.
Bu ərazi 2 il əvvəl Ramiz Cabbarlı adlı sahibkara satılıb. Həmin vaxt ərazidə 53 ağac kəsilib. Bundan sonra parkın qarşısındakı binanın sakinləri Prezident Adminstarsiyasına, Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər dövlət orqanlarına müraciət edib. Nəticədə ərazidə aparılan işlər dayandırılıb. Şikayətçilərə də bildirilib ki, bu ərazidə ağaclar kəsilə və tikinti işləri aparıla bilməz.
Lakin bu günlərdə ərazini satın almış Ramiz Cabbarlı bina sakinləri ilə görüşərək onlara müxtəlif vədlər verib. İş adamı hətta uşaqlar üçün əyləncə parkı tikməyi belə vəd edib. Lakin sakinlər onun təkliflərini qəbul etməyərək, ağacların kəsilməsinə imkan verməyəcəklərini bildiriblər.
Bir gün sonra isə Ramiz Cabbarlı polislə gələrək ərazini hasara aldırıb. Hasarlanmış ərazidə isə 20-yə yaxın ağac var. Məqsəd onları kəsərək yerində tikinti işləri aparmaqdır.
Polis sakinlərin işə mane olmasına imkan verməyib. Hətta sakinlərdən biri onların qarşısını almağa çalışıb. Lakin onu sonradan polis şöbəsinə çağıraraq “sən sahibkarın əmlakına ziyan vurmusan” deyərək hədələyiblər.
Əldə etdiyimiz məlumata görə, 2 il öncə Yasamal rayon İcra Hakimiyyəti 13X36 metrlik ərazinin satışı üçün sahibkardan 500 min manat alınıb. Həmin vaxt Ramiz Cabbarlıya Yasamal rayonu ərazisində başqa yer də təklif olunub. Lakin iş adamı həmin təklifdən imtina edib. Yeri gəlmişkən, Ramiz Cabbarlıya təklif olunan ərazidə də bu günlərdə ağaclar kəsilib və tikinti işlərinə başlanılıb.
İddiaya görə, Ramiz Cabbarlı sakinlərlə qeyri-rəsmi söhbətində bildirib ki, burdakı ağacların kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə pul verib.
Yerin satışı və ağacların kəsilməsi ilə bağlı məsələləri dəqiqləşdirmək üçün Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi xəbəri təkzib etdi: “Bu məsələlərin bizə aidiyyatı yoxdur. Torpağın satışı ilə Yasamal rayon İcra Hakimiyyəti məşğul olmayıb”.
İcra Hakimiyyəti məsuliyyəti üzərindən atdığından Əmlak Məsələləri Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirdi ki, komitə bu ərazidə tikintiyə qadağa qoyub. O, həmçinin torpağın Yasamal rayon İcra Hakimiyyəti tərəfindən istifadəyə verildiyini bildirdi: “Həmin ərazidə tikintiyə icazə verməmişik. Çünki ərazi özəlləşdirilmiş ərazi deyil. Tikinti-quraşdırma işləri başladıqda araşdırma apardıq və işlərin dayandırılmasına göstəriş verildi. Həmin ərazi İcra Hakimiyyətinin sərəncamı ilə istifadəyə verilib. Mülkiyyət olmadığından bizə aidiyyatı yoxdur. Bu məsələ birbaşa Yasamal rayon İcra Hakimiyyətinin nəzarətindədir”.
Dövlət Komitəsinin açıqlamasından da görünür ki, ərazinin satışı birbaşa Yasamal rayon İcra Hakimiyyəti məşğul olub. Yuxarıda qeyd etdiyimiz kimi İcra Hakimiyyətinin iş adamından 500 min manat aldığı iddia edilir. Bəs qurumun rəsmi şəxsləri hər kəsə aydın olan bir faktı niyə gizlətməyə, təkzib etməyə çalışır?
Təbii ki, bu məsələdə maraqlı tərəflərdən biri Ekologiya və Təbii Sərvətlər Nazirliyi olmadıdır. Ətraf mühitin qorunmasına görə birabaşa məsuliyyət daşıyan nazirlik ağacların kəsilməsi ilə bağlı hər hansı bir tədbir görübmü?
Nazirliyin saytında apardığımız araşdırma zamanı məlum oldu ki, 2014-cü ildə bu məsələ qurum tərəfindən araşdırılıb. Belə ki, nazirliyə Zərdabi küçəsində ağacların qanunsuz kəsilməsi barədə vətəndaş Kamal Əli və Sənan Həsənov tərəfindən şikayətlər daxil olub. Şikayətlərlə əlaqədar nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə araşdırma aparılıb. Aparılan araşdırma zamanı məlum olub ki, bu ünvandakı 468 m2 torpaq sahəsində tikinti işlərinin aparılması üçün vətəndaş Ramiz Cabbarlıya Yasamal rayon İcra Hakimiyyəti tərəfindən icazə sənədi verilib. Əraziyə keçirilən baxış zamanı tikinti altına düşən 20 sm diametrində 12 ədəd yaş köküstə sərv ağacının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli Qərarının tələblərinə əməl olunmadan kökündən çıxarılaraq ərazidən aparıldlığı aşkar edilib. Faktla bağlı akt və protokol tərtib olunaraq R.Cabbarlı İnzibati Xətalar Məcəlləsinin 92.3.1-ci maddəsinə əsasən inzibati qaydada 14400 manat məbləğində cərimə olunub. Sözügedən ünvanda tikinti işlərinin dayandırılması və ərazidə yeni yaşıllıqların salınması ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə məktubla müraciət olunub.
Qeyd etdyimiz kimi ərazi yenidən hasarlanıb və ağaclar hədəfə alınıb. Bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyi hansısa tədbir görübmü? Müraciət etdiyimiz nazirliyin mətbuat xidmətindən bildirdilər ki, məsələ ilə bağlı araşdırma gedir: “Ərazinin hasarlanmsı ilə bağlı məlumatlar nazirlik tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə məlumt veriləcək”.
Ramiz Cabbarlının “Nazirliyə pul vermişəm” iddiasına da mətbuat xidmətindən münasibət öyrəndik: “Onu deyən adam çox böyük səhv edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətin mühafizəsi ilə məşğul olur. Nazirlik ağacların kəsilməsinə görə heç kimdən pul almır. Həmin şəxs qanunlar çərçivəsində 14400 manat cərimə olunub və ərazidə ağac kəsilməsi qadağan edilib”.
Hər 3 tərəfin açıqlamalarını təqdim etdik. Məlum oldu ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə ağacların kəsilməsini, Əmlak Məsələləri Dövlət Komitəsi isə tikintini qadağan edib. Ortaya çıxan nəticə isə budur ki, ərazini sahibkara Yasamal rayon İcra Hakimiyyəti satıb. Orda baş verənlərə görə də Ramiz Cabbarlı və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev məsuliyyət daşıyır…
Qaynar.info