“Sovetski” hasara alındı
Keçmiş “Sovetski”, indiki Nərimanov prospektinin ətrafı hasarlanıb.
“Xeberinfo.com": Sakinlərin məlumatına görə, hasarlanmanın səbəbi həmin evlərin satılmasıdır. Məlumata görə, hasarlanan ərazidə yaşayanların çoxu icra orqanının təklif etdiyi kompensasiya ilə razılaşıblar. Buna görə də, söküləcək ərazi hasarlanıb. Ərazinin hasarlanması Yasamal rayon İcra Hakimiyyətinin göstərişi əsasında olub.
Hasara alınmış ərazidə yaşayan sakinlər böyük hissəsi evini deyilən qiymətə, yəni, bir kvadratı 1500 manatdan satmağa razılaşıblar.İcra Hakimiyyəti ilə razılaşan sakinlərdən biri olan Sadıq Fərəcovun dediklərinə görə, o, öz evini məcbur olaraq satıb: “Mən lap əvvəldən evlərimizin sökülməsindən narazı olanlardan biriyəm. Axıra qədər də satmaq fikrim yox idi. Amma məcbur qaldım. Çünki sağ və sol qonşum çoxdan razılaşıblar. Artıq başqa yerdə ev də alıblar. Bu yaxında həmin evləri sökəcəklər. Söküntü zamanı toz-torpaq əlindən burada yaşamaq olmazdı. Ən əsası da qazı, suyu, işığı kəsəcəklər. Mənim də evdə iki nəvəm var. Məcbur qalıb, razılaşdım. Pulumu gözləyirəm”.
Hələ də verilən pullarla razılaşmayan sakinlər də var. Onlardan biri də 68 yaşlı Xanım nənədir: “Mən neçə ildir ki, burada yaşayıram. Heç yerə gedən deyiləm. Kimlərisə qorxudaraq, məcburən evini ala bilərlər. Məni isə qorxutmaq mümkün deyil. Heç kəsdən qorxmuram. Verdikləri pulla mən heç yerdə ev ala bilmərəm. Gəlib evimin yanını dəmir parçalarla hasarlayıblar. Pəncərədən bayıra baxa bilmirəm. Evimə hava gəlmir. Bəlkə boğularaq, ölməyimizi istəyirlər?”.
Yol kənarında ticarətlə məşğul olan sahibkarlar da şikayət edirlər: “Bizdən nə istəyirlər? Yaşamayaq? Bir tikə çörək pulu üçün burada saatlarla dayanırıq. Gəlib, obyektimizin qabağını hasarlayıblar. Yoldan keçən haradan bilsin ki, hasarın dalında mağaza var? Belə biabırçılıq olmaz, axı”.
Xatırladaq ki, Yasamal rayon Icra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyətinin nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamov mətbuata açıqlamasında bildirmişdi ki, “Sovetski” məhəlləsində bu günə qədər 3200 ünvanda ölçmə və inventarlaşdırma aparılıb, 1500 sakin tərəfindən isə mülkiyyətlərinin dövlətə satılması ilə əlaqədar müraciət edilib, 1043 mənzil sahibi ilə razılaşma əldə edilib, 140 mənzil sökülüb.