İŞĞALÇININ YENİ ƏCAİB BƏHANƏSİ... - Və ya “zor işlətməmək” prinsipi təcavüzkarı qoruya bilərmi?
Ermənistanın Qarabağ münaqişəsilə bağlı status-kvonu saxlamaq və vaxt qazanmaq üçün istifadə etdiyi bəhanələrin sayı-hesabı yoxdur.
Yenixeber.org: Beynəlxalq hüquqda nə qədər zəif nöqtələr, boşluqlar tapmaq istəsə də, açıq-aşkar işğal faktına heç cür don geydirə bilməyən rəsmi İrəvan hər zaman adətən “öz müqəddəratını təyin etmə” prinsipini qabartmağa çalışıb. Lakin işğalçı dövlət bu prinsipin dövlətlərin ərazi bütövlüyü və suverenliyilə ziddiyyət təşkil etməməsi tələbini nə qədər görməzdən gəlməyə çalışsa da, beynəlxalq hüququn bu sahə ilə bağlı hər bir maddəsi və tələbi Ermənistanın mövqeyinin haqsız olduğunu göstərir.
Son həftələrdə erməni tərəfi Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təxribatçı açıqlamaları, xüsusilə də problemin həllində üstünlüklər tələb etməsilə diqqəti çəkir. Qondarma rejimin keçirdiyi “seçkilər” və “inauqurasiya şousu” gözlənilən effekti vermədiyi və provakasiya cəhdləri baş tutmadığı üçün işğalçı dövlətin manevr imkanları bir qədər də məhdudlaşmış oldu.
Digər tərəfdən rəsmi Bakı ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatların başlamasının mümkünlüyünü istisna etmir. Beynəlxalq hüququn Azərbaycana bu haqqı verdiyini isə hər kəs kimi Ermənistan rəhbərliyi də yaxşı anlayır. Elə dünən Azərbaycanın Müdafiə Nazirliyindən yayılan açıqlamada da bu, açıq şəkildə bəyan edilib. Nazirliyinin Mətbuat Xidməti tərfindən yayılan açıqlamada bildirilib ki, Azərbaycan ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. "Görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq. Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq. Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaqdır", - deyə məlumatda vurğulanıb.
Bütün cəhətlərdən Azərbaycandan dəfələrlə geri qalan Ermənistanın rəhbərliyi bunun sadəcə bəyanat olmadığını, hər gün reallaşa biləcəyini anlayır. Aprel döyüşlərində aldığı ağır zərbəni unutmadığından müharibənin Ermənistan üçün hansı fəlakətlə yekunlaşacağını da təxmin edirlər.
Paşinyanın apardığı siyasət Ermənistanı Rusiyanın da dəstəyindən məhrum edib. Təsadüfi deyil ki, Rusiya Ekspertlər Cəmiyyəti Azərbaycanın torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlayarsa, Ermənistanın da daxil olduğu KTMT-nin Yerevana görə münaqişəyə qarışmayacağını bəyan edib.
Moskva Siyasət və Təhlil İnstitutunun direktor müavini, tanınmış hərbi ekspert Aleksandr Xramçixin hesab edir ki, Qarabağda müharibə qaçılmazdır, çünki problem həll olunmamış qalıb. O, Ermənistan mətbuatına Qarabağ münaqişəsi ilə bağlı müsahibəsi zamanı deyib ki, Yerevan Rusiyanın köməyinə ümid etəsin: “Azərbaycan öz torpaqları saydığı Qarabağı qaytarmağı düşünür. Başqa variant yoxdur. Əgər bu baş versə, Moskva qarışmayacaq. Rusiya yalnız o halda Ermənistana kömək edə bilər ki, Azərbaycan Ermənistan ərazisinə təcavüz etsin. Qeyd etmək lazımdır ki, Rusiya Ermənistana dəstək olsa, konflikt dördüncü tərəf qoşulacaq - Türkiyə. Böyük bir müharibə başlaya bilər...”
Elə bütün bunlara görə də, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlamasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin müqavimətini təşkil etməyə çalışırlar. Bu zaman istinad edəcəkləri hər hansı beynəlxalq norma və sənəd olmadığından, yenə də erməni xislətinə uyğun olaraq saxtakarlıq etməkdən çəkinmirlər. Bəzi beynəlxalq sənədlərdə təsbit olunan prinsipləri öz mənafelərinə uyğun şəkildə təqdim edirlər.
Son dövrlər Ermənistan rəhbərliyinin 1975-ci il Helsinki Yekun Aktının ikinci bəndində təsbit olunan “Zor işlətməmək” prinsipi ətrafında yaratdığı hay-küy də belə cəhdlərdən biri sayıla bilər. Hansı ki, bu prinsip qoşunlar öz dövlətinin sərhədlərində yerləşdiyi və işğal olmadığı şərtlərində tətbiq olunur.
Hər hansı bir dövlətin ərazisi işğal olunduqda bu prinsip pozulmuş sayılır və BMT Nizamnaməsinin 51-ci maddəsi (özünümüdafiə hüququ) qüvvəyə minir.
BMT-nin Nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər və hər bir dövlətin də özünümüdafiə hüququ var. Bəzi dövlətlər nəinki torpaqları işğal olunanda, hətta təhlükəsizliyinə təhdid hiss etdikdə belə bu hüquqdan istifadə edərək əməliyyatlara başlayrlar. Məsələn, 11 sentyabr hadisələrindən sonra "Əl-Qaidə" təşkilatını və "Taliban" rejmini Amerikaya hücumda təqsirləndirən rəsmi Vaşinqton məhz BMT nizamnaməsinin 51-ci maddəsini əsas götürərək, 2001-ci il oktyabrın 7-də Əfqanıstanda genişmiqyaslı hərbi əməliyyatlara başladı. Bu zaman Əfqanıstan ərazisinə daxil olmaq üçün BMT-dən heç bir icazə almağa da ehtiyac duymadı. Sadəcə, BMT nizamnaməsinin 51-ci maddəsinin buna icazə verdiyini bəyan etdi.
Odur ki, Azərbaycan dövləti Ermənistanın işğalına məriz qaldığından və aparılan danışıqlar heç bir nəticə vermədiyindən, BMT nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaq hüququna malikdir. Bundan başqa, BMT nizamnaməsinin 25-ci maddəsində göstərilir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsi icbari xarakter daşıyır. Bu nöqteyi-nəzərdən də BMT Təhlükəsizlik Şurası 1993-cü ildən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Həmin qətnamələrdə erməni hərbi birləşmələrinin tamamilə qeyd-şərtsiz və büsbütün Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi öz əksini tapıb. Yəni həm BMT nizamnaməsinin 25-ci maddəsini, həm də 51-ci maddəsini əsas götürərək, Azərbaycan dövləti işğal altında olan torpaqlarını hərbi yolla geri qaytarmaq hüququnu özündə saxlayır.
Ermənistan rəhbərliyinin istinad etməyə çalışdığı sənədlər, o cümlədən Helsinki Yekun Aktının ikinci bəndində təsbit olunan “Zor işlətməmək” prinsipi işğalçını qoruya bilməz.
Prezident Administrasiyası yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov da "AzərTac"a açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və açıq-aşkar işğalçılıq siyasəti beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir.
“Ermənistanın bu təcavüzkarlığı BMT nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur” – deyə Elçin Əhmədov bildirib.
Elçin Əhmədov qeyd edib ki, Ermənistan bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur: "Adı çəkilən beynəlxalq sənədlərdə Ermənistanın iddia etdiyi xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bununla yanaşı, Dağlıq Qarabağ bölgəsinin erməniləri isə digər ölkələrdə yaşayan ermənilər kimi Azərbaycan Respublikasında yaşayan milli azlıqlardan biridirlər. Beynəlxalq hüququn normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə, dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq və başqa dövlətlərin daxili işlərinə qarışmamaq və beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir”.
Elçin Əhmədov həmçinin bildirib ki, Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir : “Ona görə də, dünya birliyi Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anneksiya siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməli, eləcə də Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalıdır”.
AzPolitika.info