Bakının mühüm Qarabağ çağırışları - “Səbrimiz sonsuz deyil...”
Münhendə beynəlxalq birlik kimin haqlı, kimin işğalçı olduğuna bir daha əminlik hasil etdi; İrəvana təzyiqlər güclənir; Rəsmi Bakıdan xəbərdarlıq: “Erməni tərəfi sülh prosesini pozsa...”
Yenixeber.org: Xəbər verildiyi kimi, ötən həftə Almaniyada, Münhen Təhlükəsizlik Konfransında Qarabağ münaqişəsi ilə bağlı “Xalqları sülhə hazırlamaq” proqramı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında debat keçirilib. Debatdan hasil olan əsas nəticə, heç şübhəsiz, dünya birliyində Ermənistanın işğalçı obrazının daha da möhkəmlənməsi, onun sülhpərvər maskasının yırtılması oldu.
Həmişəki kimi, Nikol Paşinyan debatda absurd və dişsiz mövqe sərgiləyib, özünün ənənəvi ampluasında çıxış edib. Azərbaycan tərəfi isə tutarlı faktlar və kontur-arqumentlər, o sırada tarixə uğurlu ekskurslarla onu susdurub, yerində oturdub, Paşinyanın yalanlarını çıxarıb, hətta onu üzr istəməyə məcbur edib, erməni tərəfinin Qarabağla bağlı saxtakarlıqlarını faş edib.
*****
Ölkə başçısının Ermənistan rəhbəri ilə keçirilən panel-müzakirələr zamanı səsləndiriyi əsas tezislər bunlar olub:
- Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və işğal olunmuş torpaqlarda azərbaycanlı mülki şəxslərə qarşı etnik təmizləmə həyata keçirib, o cümlədən Xocalı soyqırımını törədib. Ermənistan təkcə Dağlıq Qarabağda deyil, heç bir erməninin yaşamadığı ətraf 7 rayonda da etnik təmizləmə aparıb. Onlar Azərbaycan ərazilərində, Dağlıq Qarabağda azərbaycanlıların tarixi, mədəni irsini məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın tarixi irsi yoxdur. Ermənilər işğal altındakı bütün Azərbaycan toponimlərinin adını dəyişdiriblər.
- Paşinyan debatda bildirib ki, Xocalı faciəsi guya Azərbaycan tərəfindən həyata keçirilib. O, bunu deyərkən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovdan “sitat” gətirib. İlham Əliyev isə ona tutarlı cavab verib. Ölkə başçısı qeyd edib ki, internetdə axtarış aparmaqla kimin həqiqəti deməsini müəyyənləşdirmək olar. O bildirib ki, Ayaz Mütəllibov dəfələrlə Xocalı faciəsinin Azərbaycan tərəfindən törədildiyini deməsi ilə bağlı iddiaları təkzib edib.
- İlham Əliyev qeyd edib ki, bütün erməni rəhbərləri fərqli yolla status-kvonun saxlanmasına çalışdılar. Azərbaycanlı məcburi köçkünlər öz ərazilərinə qayıtmalıdırlar. İşğal olunmuş ərazilərdəki silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar bu əraziləri əbədi saxlaya biləcəklərini düşünürlər. Heç vaxt!
- Biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik. Ərazilərin bir hissəsi azad edilməli və məcburi köçkünlər geri qaytarılmalıdır. Dağlıq Qarabağın statusu daha sonra müəyyən edilə bilər. Status Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır
- ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana Dağlıq Qarabağın Ermənistanın olmadığını izah etməlidir. Azərbaycan prezidenti vurğulayıb ki, heç bir ölkə Dağlıq Qarabağı tanımır. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və ərazi bütövlüyümüz bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır.
- Bolşevik partiyasının Qafqaz Bürosu 1921-ci ildə Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar qəbul edib (erməni tərəfi isə sənədi həmişə təhrif edərək bəyan edir ki, guya Büro Dağlıq Qarabağın Azərbaycana verilməsi haqda qərar çıxarıb. Yəni Dağlıq Qarabağ heç vaxt Ermənistanın tərkibində olmayıb).
Ermənistan sülhdən danışır, amma bu gün (fevralın 15-də - red.) Azərbaycan əsgərinin snayperlə öldürülməsini necə izah etmək olar?
- Biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik. Ərazilərin bir hissəsi azad edilməli və məcburi köçkünlər geri qaytarılmalıdır. Dağlıq Qarabağın statusu daha sonra müəyyən edilə bilər. Vəziyyət Azərbaycanın ərazi bütövlüyünə qarışmamalıdır.
- Paşinyan oğlunun Ermənistan silahlı qüvvələrinin sıralarında Azərbaycanın işğal olunmuş torpaqlarında xidmətdə olduğunu söyləməklə hərbi işğal faktını etiraf edib.
- Mən 19-cu əsrin əvvəllərində İrəvan əhalisinin 70%-nin azərbaycanlılar olması haqda danışmayacağam. Ermənilərin daim öz müqəddəratını təyinetmədən danışırlar. Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların artıq erməni dövləti var. İkinci dəfə öz müqəddəratını təyin eləmək üçün özünüzə başqa yer axtarın, Azərbaycanda yox!
Paşinyan debatda həm də gülməli vəziyyətə düşüb. Belə ki, çıxışında o, keçmiş Şaumyan rayonunun (indiki Gülüstan) Dağlıq Qarabağa aid olduğunu deyib. Prezident İlham Əliyev isə dərhal buna reaksiya verib: “Şaumyan Dağlıq Qarabağa daxil deyil”. Paşinyan bundan sonra mövzudan yayınmağa çalışsa da, İlham Əliyev bir daha ona Şaumyanın Dağlıq Qarabağa aid olmadığını xatırladıb. Bundan sonra isə Paşinyan səhvinə görə üzr istəyib.
İlham Əliyev ümid ifadə edib ki, danışıqlar yolu ilə əraziləri qaytarmaq mümkün olacaq. “Ancaq əgər erməni tərəfinin günahı üzündən sülh prosesi pozulsa, o zaman cavab tədbirlərimiz qacılmaz olacaq. Biz Ermənistanın timsalında işğalçı, status-kvonu uzatmağa çalışan bir ölkə ilə danışıqlar aparırıq”, - Azərbaycan prezidenti deyib.
Bununla da rəsmi Bakı dünyaya bir daha sülh tərəfdarı olduğunu nümayiş etdirməklə yanaşı, səbrinin sonsuz olmadığı, yeri gələrsə özünün ərazi bütövlüyünün təmin edilməsi üçün silaha əl atacağı barədə də xəbərdarlıq edib.
*****
Əliyevlə Paşinyan arasında Münhendə keçirilən debat düşmən ölkədə böyük əks-səda doğurub. Erməni ekspertlər debat zamanı olduqca sönük və əzik görünən Nikol Paşinyanı sərt şəkildə tənqid edirlər. Bunlardan biri də politoloq, “Politekonomiya” araşdırma institunun direktoru Andranik Tevanyandır. “Yeni Müsavat” Ermənistan mediasına istinadən onun fikirlərini təqdim edir.
A.Tevanyan N.Paşinyanın bütün parametrlərlə İlham Əliyevə uduzduğunu yazır: “İlk öncə psixoloji hazırlıq və bədən dilindən danışmaq lazımdır. Əliyevin davranışı, onun duruşu, Paşinyanın üzünə rişxəndlə gülməsi (özəlliklə baş nazir velosiped icad edirmiş kimi özünün mikroinqilabı haqqında danışanda) onu göstərdi ki, bu savaşdan məğlub ayrılan tərəf biz olduq. Hətta Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov belə, özünü gülümsəməkdən saxlaya bilmirdi. Bu isə bizim dövlətimizin rəhbərinə, daha doğrusu, elə dövlətimizin özünə açıq-aşkar hörmətsizliyin nümayişidir. Paşinyan onunla belə davranılmasına görə özünü qınamalıdır. Təsəvvür edin ki, indi kulislərarxası görüşdə necə mənzərə görünür. Münhendə Paşinyanın özünü necə apardığı, kimin diktə etdiyi, kiminsə uduzduğu açıq-aşkar göründü.
Söhbətin məzmununa gəlincə, Azərbaycan tərəfi on illərdir ki, təkrarladıqları arqumentləri irəli sürdü. Paşinyanın mövqeyi isə “Münaqişənin nizamlanması Azərbaycan, Ermənistan və ”Qarabağ" xalqı tərəfindən həll olunmalıdır" kimi boş sözdən ibarət oldu. Elə təsəvvür yarandı ki, Ermənistan baş nazirinin bundan başqa söyləyəcək bir sözü yoxdur. Rəsmi Bakı Qarabağı Azərbaycanın tərkibində görür və Şuşanı, habelə digər bölgələri azərbaycanlılara yenidən qaytarmaq istəyir. Bunun üçün İlham Əliyev mərhələli variant təklif edir. Paşinyan isə Əliyevin qətiyyəti fonunda özünü “sülh göyərçini” kimi göstərməyə çalışırdı. Lakin bu, həm mənasız, həm də təhlükəli mövqedir. Belə göründü ki, Əliyev-Paşinyan debatı ağır psixoloji təəssürat oyatdı. Biz əslində Nikol Paşinyanın əsl çəkisini gördük. Paşinyanın bunun üçün nə siyasi savadı, nə operativ reaksiya qabiliyyəti, nə də cürəti var. Bunun əvəzində bizlərə hələ də “Böyük Tiqran”dan danışır. Nikol Paşinyan bir daha göstərdi ki, dövlət rəhbəri kostyumu ona çox böyük gəlir".
Erməni yazıçısı Anna Turcotte isə Paşinyanın ünvanına daha sərt ittihamlar səsləndirib (Moderator.az). Nikol Paşinyanın Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskussiyada prezident İlham Əliyevin qarşısında gülünc vəziyyətə düşməsini heç cür həzm edə bilməyən erməni yazıçısı, bunu Paşinyanın kütlüyü ilə izah edib. Erməni yazıçı vurğulayıb ki, məhz Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskussiyaya lazımınca hazırlaşa bilməməsi onu, onun timsalında isə bütün Ermənistanı gülünc vəziyyətdə qoyub.
A.Turcottenin qənaətincə, N.Paşinyan Münhendəki diskussiyada 1990-cı illərdə ermənilərin Bakı, Sumqayıt, Gəncə şəhərlərində üzləşdiyi “zorakılığa” diqqət çəkməli və dünyanı inandırmalı idi ki, əgər Qarabağ Azərbaycanın tərkibinə qaytarılsa, o zaman buradakı ermənilər “yenə eyni zülmə” məruz qalacaqlar. Erməni yazıçısı qeyd edib ki, Paşinyanın bütün dünyanın izlədiyi siyasi qarşıdurma meydanında “bu tarixi faktı” unutması yolverilməz və bağışlanılmazdır. Ermənistan baş nazirinin Azərbaycan prezidentinə bütün parametrlərdə uduzduğunu bildirən A.Turcotte Ermənistan baş naziri haqqında “ayıb olsun” ifadəsini işlədib.
“Münhendəki Paşinyan-Əliyev debatı məni məyus etdi”. Bu barədə Ermənistanın keçmiş müdafiə naziri Artak Zakaryan öz feysbuk səhifəsində yazıb (Oxu.az). O, Ermənistanın baş nazirinin Azərbaycan prezidentinə uduzduğunu deyib: “Mən heç vaxt Paşinyandan Qarabağ məsələsində müsbət irəliləyiş və ya həll gözləmirdim və bu barədə deyirdim. Münhendə baş verənlər - bu qeyri-mütəşəkkil, yarımçıq söhbət, yumşaq desək, olan bütün ümidləri sarsıtdı. Aydındır ki, Paşinyan hətta Qarabağ məsələsinin həlli ilə bağlı fasiləyə belə tab gətirə bilmir. İlham Əliyev danışıqlar prosesində məsələni mərhələli həll yoluna yönəltdiklərini bir daha qeyd etdi”.
Keçmiş nazir hesab edir ki, Paşinyan İlham Əliyevin fikirlərinə tam cavab verə bilməyib: “Birtəhər Düşənbə haqqında danışdı. Buna hətta Məmmədyarov da güldü. İlham Əliyev bizə öz müqəddəratımızı təyin etmək üçün başqa bir yer tapmağı tövsiyə edərkən, Paşinyan niyə yenidən Tiqran dövrünə qayıdır və orada olanlarda gülüş doğurur? Keçmiş xatirələrə və tarixi mübahisələrə nə ehtiyac var axı?”
Məsələ də ondadır ki, erməni tərəfi xatirələr, xülyalar, uydurmalar və əsassız iddialarla yaşadıqca problemin dinc həllində heç bir irəliləyiş olmayacaq və erməni xalqının iztirabları da davam edəcək və artacaq. Elə Ermənistan üçün fəlakətli müharibə ehtimalı da...(musavat)