“Bizi böyük fəlakət gözləyir...” - Ermənistanın keçmiş baş naziri İlham Əliyevin rəqəmlərini təsdiqlədi
Sələfi Paşinyanı yalançılıqda suçladı; Qrant Baqratyandan SOS!: “Xaricə kapital axını güclənib, biznes qonşu ölkələrə yönəlir, yoxsulluq 1.5% yox, 25% həddindədir...”
Yenixeber.org: Öz qonşularına qarşı bir əsrdən çoxdur əsassız torpaq iddiaları ilə yaşayan Ermənistanın rəhbərlərinin öz xalqını pripiska rəqəmlərlə yedizdirməsi təzə məsələ deyil. Özünü demokrat sayan baş nazir Nikol Paşinyan da sıradan istisna olmadı. Bir daha məlum oldu ki, erməninin demokratı, qeyri-demokratı olmur. Erməni elə ermənidir.
Yada salaq ki, təzə il girər-girməz Paşinyan Ermənistanın adambaşına düşən ÜDM-in həcminə görə Güney Qafqazda lider olduğunu, Azərbaycanı və Gürcüstanı qabaqladığını söyləmişdi. Lakin çox keçmədən o, səhv etdiyini deyərək üzr istədi, Ermənistanın Azərbaycanı yox, Gürcüstanı bu göstəricidə qabaqladığını bildirdi. Hərçənd az sonra məlum oldu ki, işğalçı ölkə heç qonşu Gürcüstanı da üstələyib-eləməyib.
*****
Bu arada Ermənistanın sabiq baş naziri, iqtisadçı-alim Qrant Baqratyan bəyan edib ki, Paşinyan hökumətinin günahı üzündən ölkə böyük fəlakətə yaxınlaşır. “Yeni Müsavat”ın “Vestnik Kavkaza” portalına istinadın verdiyi məlumata görə, bu barədə o, erməni KİV-ə açıqlamasında bildirib.
“Ermənistan hökuməti yanlış iqtisadi siyasət aparır. Bunun nəticəsində ölkədən kapital axını güclənib. Biznes qonşu ölkələrə üz tutur - harada ki, iş qurmaq daha sərfəlidir”, - deyə Nikol Paşinyanın sələfi qeyd edib.
Daha sonra o, ArmNews kanalının telekamerası vasitəsilə N.Paşinyanın Nazirlər Kabinetinə müraciət edib: “Niyə siz dollar qiymətlərini qaldırır, dramla olan qiymətləri isə sabitləşdirirsiniz? Biz böyük fəlakət qarşısındayıq”.
Baqratyan həmçinin xatırladıb ki, Ermənistanda kasıblıq səviyyəsi hələ də 25%-dən aşağı deyil. “Hökumət deyir ki, ölkə əhalisinin cəmi 1.5%-i olduqca kasıb yaşayır. Ancaq daha 24% də bu kateqoriyaya aiddir”, - deyə sabiq hökumət bacısı Paşinyanı yalançılıqda suçlayıb.
*****
Yeri gəlmişkən, yanvarın 13-də Azərbaycan prezidenti İlham Əliyevin yanında keçirilən, 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə dövlət bacısı bu mövzuya da toxunub. Prezident müşavirədəki yekun nitqini əsasən Nikol Paşinyanın son vaxtlar öz çıxışlarında ölkəsini iqtisadi və digər göstəricilərə görə Azərbaycanla müqayisə etmək cəhdlərinə həsr edib. İrəvanın iddialarını konkret rəqəmlərlə alt-üst edib. Onlara bir daha nəzər salaq.
Məsələn, əsas makroiqtisadi göstəricilər haqda müqayisəli şəkildə danışan İlham Əliyev deyib: “2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollar, Ermənistanda isə cəmi 13 milyard dollardır. Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir. Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır. Alıcılıq qabiliyyətinə görə adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18 min 600 dollar, Ermənistanda 11 min dollardır. Valyuta ehtiyatları Azərbaycanda 51 milyard dollar, Ermənistanda 2 milyard dollardır, fərq 25 dəfədir. Xarici ticarət dövriyyəsi Azərbaycanda 33,6 milyard, Ermənistanda 7,4 milyard dollardır, fərq 4,5 dəfədir. İxrac - Azərbaycan 19,6 milyard, Ermənistan 2,4 milyard, fərq 8,1 dəfədir. Müsbət saldo Azərbaycanda 6 milyard dollar, Ermənistanda mənfi saldo 2,6 milyard dollardır. Sərmayə qoyuluşu - keçən il Azərbaycana 13,5 milyard dollar qoyulubdur, Ermənistana 900 milyon, fərq 15 dəfədir. Xarici dövlət borcu - Azərbaycanın xarici dövlət borcu 7,9 milyard dollar, Ermənistanın 6 milyard dollardır. Azərbaycanda xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, Ermənistanda 40 faizdən çoxdur. Valyuta ehtiyatları Azərbaycanda xarici dövlət borcundan 6,4 dəfə çoxdur, Ermənistanda xarici dövlət borcu valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır”.
Yaxud ölkə rəhbərinin aşağıdakı sitatı: “2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat - bu, 425 dollar təşkil edir, Ermənistanda 369 dollar. Alıcılıq qabiliyyətinə görə orta əmək haqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiya Azərbaycanda 200 manat, yəni 118 dollar, Ermənistanda 55 dollardır. Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir. Orta pensiya Azərbaycanda 262 manat, yəni 154 dollar, Ermənistanda 84 dollardır. MDB-də orta pensiyaya görə Azərbaycan dördüncü, Ermənistan səkkizinci yerdədir. Orta pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistan axırıncı - onuncu yerdədir. Yoxsulluq səviyyəsi Azərbaycanda 4,8 faiz, Ermənistanda 24 faizdir, fərq beş dəfədir. Şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə Azərbaycanda 934 mənzil verilibdir, Ermənistanda sıfır. Bütövlükdə Azərbaycanda bu kateqoriyadan olan insanlara 7590 mənzil verilib, Ermənistanda, bildiyimə görə, belə proqram mövcud deyil. Təkcə keçən il bu kateqoriyadan olan insanlara 600 avtomobil verilib, Ermənistanda sıfır. Bütövlükdə bu kateqoriyadan olan insanlara 6750 avtomobil verilib, Ermənistanda sıfır”.
Prezident həmçinin vurğulayıb ki, Azərbaycan dünya əhəmiyyətli nəhəng layihələr icra edir və həmin nəhəng enerji və nəqliyyat layihələri də Ermənistandan yan keçib: “Ermənistanı bu enerji və nəqliyyat layihələrindən biz təcrid etmişik və bunu heç vaxt gizlətməmişik. Mən hələ bir neçə il bundan öncə demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla reallaşdırılan bütün önəmli layihələrdən təcrid edəcəyik və biz buna nail olduq, həmişə olduğu kimi, sözümüzə sadiq qaldıq. Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də qalacaq. Beləliklə, Ermənistan rəhbərliyi növbəti dəfə saxta məlumat əsasında Ermənistanı Azərbaycanla müqayisə etmək istəsə, yaxşı fikirləşsin. Çünki idman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək”.
*****
Diqqət edildi yəqin, Azərbaycan prezidenti Ermənistanda yoxsulluq səviyyəsinin 24% olduğunu bildirib. Bu da Qrant Baqratyanın açıqladığı (25%) rəqəmdən 1 % aşağıdır. Yəni erməni iqtisadçı alimlər vəziyyətin daha ağır olduğunu görür və SOS siqnalı verirlər. Ancaq nə faydası? Bunlar səbəb yox, nəticələrdir. Ermənistanın düşdüyü hazırkı ağır vəziyyətin tək səbəbi isə çoxdan bəlli. İlham Əliyevin təbirincə desək, torpaqlarımızdan çıxmayana qədər düşmən ölkənin durumu belə də qalacaq və daha da ağırlaşacaq...
“Yeni Müsavat”