ZƏRİFİN İSTEFA ƏRİZƏSİ VƏ İRAN RƏHBƏRLİYİNDƏ BÖHRAN:Tehran xarici işlər nazirinə inamını niyə itirib? – Təhlil
Stanislav Tarasov
regnum.ru, 27.02.2019
İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefa verdiyi və sosial şəbəkələrdə öz bloqunda nazir olduğu “müddətdə baş vermiş bütün yarımçıq işlərə görə” İran xalqı qarşısında üzr istədiyi haqda məlumatlar daxil olarkən bu önəmli olayı şərh etməyə tələsməmək qərarına gəldik. Təkcə İran üçün deyil, həm də bütün Yaxın Şərq üçün önəmli olayı.
Yenixeber.org: 59 yaşlı Zərif İranın ən təcrübəli diplomatıdır. İranın BMT-də elçisi işləyib və prezident Həsən Ruhani 2013-də öz postuna seçiləndən sonra xarici işlər naziri olub. Məlumat var ki, amerikalıların Əfqanıstanda taliblər rejiminə qarşı hərbi əməliyyatları dövründə İran və ABŞ arasında qeyri-formal danışıqlara qatılıb. Amma 2015-də Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) kimi tanınan nüvə sazişinin bağlanmasını onun İran XİN başçısı postunda əsas diplomatik uğuru saymaq olar ki, bu da ölkəyə iqtisadiyyatı dirçəltməyə başlamaq və beynəlxalq siyasi təcriddən çıxmaq şansları yaradıb.
Zərifi İran rəhbərliyindəki “uzlaşmaq mümkün olan və uzlaşmaq istəyən” mötədil sima kimi qəbul edildiyi Qərbdə müsbət qarşılayıblar. Və onun günahı deyil ki, hadisələr Vaşinqtonun nüvə sazişindən çıxmaq barədə məlum qərarından sonra başqa ssenari üzrə gəlişməyə başlayıb. Amma nəticə budur ki, xarici işlər naziri siyasi opponentlərlə getdikcə daha çox amansız siyasi tutuşmaya girişməli olur. Son dəfə iki-üç ay qabaq korrupsiya məsələləri üzündən İnqilab Keşikçiləri Korpusu (İİKK) ilə pəncələşəndə elə görünürdü ki, XİN başçısı postunda duruş gətirməyə nail olmayacaq. Amma sovuşdu. Zərif o zaman daxili gərginlik faktını etiraf etdi və bildirdi ki, bu mərhələdə “daxili birlik su və çörəkdən önəmlidir”. Düzdür, İran parlamentinin indi birdən danışmağa həvəsli olmuş bəzi deputatları, özəlliklə milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin üzvü Cavad Kərimi Qudusi məlumat verir ki, sən demə, nazir 13 dəfə istefa xahişi ilə müraciət edib və qəbul etməyiblər. Qudusinin sözlərinə görə, “Zərif, haradasa, iki ay qabaq öz evinə xəlvətə çəkilib və işə gəlməyib, gözləyib ki, Ruhani və prezident administrasiyasının başçısı Vaizi ona zəng edəcəklər, amma onlar zəng etməyiblər”.
Bəzi ekspertlər bundan çıxış edərək Zərifin obrazını “şıltaq, özünü sevən adam” kimi təsvir etməyə başlayıblar. Deputat Qudusi indi iddia edir ki, nazirin istefası artıq qəbul edilib, amma bu məqalə hazırlandığı anda rəsmi təsdiq hələ də yox idi. “Deutsche Welle” İran prezidenti administrasiyasının bəyanatına istinadən iddia edir ki, “Zərifin istefası rədd olunub”. Göy guruldadı, şimşək oynadı və beynəlxalq effekt göründü: Qərbdəki çoxluq Zərifin istefası haqda məlumatı İranda mühafizəkar çevrələrin siyasi qələbəsi kimi qəbul etdi və nazirin demarşına uyğun reaksiya verdi. Bəzi analitiklər isə ölkənin ənənə üzrə “islahatçı-texnokratlar” və “mühafizəkarlar” adlandırılanlar arasında sərt mübarizənin dönüşdüyü ali rəhbərliyində “qaçılmaz” kəskin böhran mövzusuna yenidən üz tutublar.
Üzdə olanı göstərək. İranın “Fars” agentliyi iddia edir ki, Zərifin istefa ərizəsinin bu dəfəki səbəbi Tehrana gəlmiş Suriya prezidenti Bəşər Əsədlə görüşə dəvət olunmaması və məlumatlandırılmamasıdır. Əsəd Suriya böhranının başlandığı andan yalnız ikinci, ya üçüncü dəfə – bu dəfə İrana – xaricə gedə bilib, bunun üçün ciddi səbəblər olmalıydı. Əgər Zərifə bu haqda, doğrudan da, xəbər verilməyibsə, “Entekhab” informasiya portalının iddia etdiyi kimi, bu, ölkə rəhbərliyində müəyyən çevrələr tərəfindən ona qarşı “xarici işlər naziri kimi siyasi inamın itdiyi”nin əlamətidir. Və artq bu zaman ona belə münasibətin səbəbləri haqda sual doğur.
Ola bilsin, İran XİN başçısı nüvə proqramı üzrə ABŞ-la münasibətləri qurmaqda öz ssenarisini təklif edib ki, bu da mühafizəkar adlanan çevrələr tərəfindən sərt müqavimətlə, amma həm də prezident dəftərxanası ilə fikir ayrılığı ilə üzləşib. Lakin Tehranın xarici siyasət kursunda dəyişikliklər gözləməyə dəyib-dəymədiyi haqda məsələ hələlik açıq qalır. “The Associated Press”-in iddiasına görə, hətta Zərifin istefa haqda ərizəsi son zamanlar hökumətdəki sanksiyalara görə ölkə iqtisadiyyatının pisləşən durumundan narazı sərt xətt tərəfdarları tərəfindən getdikcə daha çox artan siyasi basqıyla üzləşən Ruhaninin mövqelərini zəiflədir. Bundan sonra nə olacaq?Tərcümə: Strateq.az