Ermənistanın “xilası kəməri” Azərbaycandadır - Bakı İrəvana təklif verdi
Paşinyandan acı etiraflar və... yersiz hədələr; Azərbaycan xoş məram göstərir, İrəvan isə... Türkiyə və ABŞ-a şərt qoyur - nonsens
Yenixeber.org: Srağagün Ermənistan parlamenti özü-özünü buraxdı. Eyni gündə erkən parlament seçkilərinin tarixi bəlli oldu - 9 dekabr. Beləcə, 40 gündən də az müddətdə işğalçı ölkə özünə yeni parlament seçməli, ardınca isə yeni baş naziri müəyyən etməlidir. Fors-major vəziyyətlər yaşanmasa, böyük ehtimalla, bu, elə indiki baş nazir əvəzi Nikol Paşinyan olacaq.
Buraxılan parlamentin son iclasında isə Paşinyan sensiasion sayılacaq etirafda bulunub. Baş nazir əvəzi bildirib ki, regiondakı geosiyasi vəziyyət üzündən ölkənin İran və Gürcüstanla yarımaçıq sərhədləri də istənilən vaxt bağlana bilər.
Sitat: “Ermənistan-İran sərhədi istənilən an İranla ABŞ-ın münasibətlərinə, habelə geosiyasi vəziyyət səbəbindən qapana bilər. Gürcüstanla sərhədi də de-fakto, misal üçün, pis hava şəraitinə və ya geosiyasi vəziyyət üzündən bağlana bilər. Yəni belə çıxır ki, Ermənistan dənizsiz adadır. Belə vəziyyətdə Ermənistan necə hərəkət etməlidir, o zaman biz nə edək?”, - deyə Paşinyan ritorik sual edib və ardınca bildirib: “Hazırda erməni-türk əlaqələri ilə bağlı mən həmişə dediyim sözü bir daha təkrarlaya bilərəm: Ermənistan heç bir ön şərt olmadan Türkiyə ilə əlaqələrin normallaşmasına hazırdır”.
O, Ermənistan tərəfdən sərhədi açmağa hazır olduğunu söyləyib. “Mahiyyət etibarilə sərhəd biz tərəfdən bağlanmayıb. Türkiyə tərəfdən, Qarabağa görə bağlanıb. Bu, pis siyasətdir. Çünki əgər kimsə ümid edirsə ki, Ermənistan təzyiq altında, hədələrlə ”Qarabağ xalqını" (dırnaqlar bizimdir - red.) bu və ya başqa nizamlama variantına itələyəcək, o, sadəcə, yanılır. Əksinə, belə şəraitdə biz daha da möhkəm olacaq və birləşəcəyik", - deyə erməni baş nazir əvəzi şantajdan da çəkinməyib.
*****
Burda deyirlər, həm qorxur, həm də qorxudur. Məsələ ondadır ki, sərhədlərin açılması hamıdan çox işğalçı Ermənistana lazımdır. Bu da dəqiqdir ki, İrəvan üçün Türkiyə və Azərbaycanla sərhədlər İran-Ermənistan və Ermənistan-Gürcüstan sərhədlərindən qat-qat önəmlidir. Yəni işğalçı ölkənin “xilas kəməri” ilk növbədə Bakı və Ankaradır. Tehran, Tiflis və ya Moskvada yox. Sübut - Ermənistanın hazırkı ağır və böhranlı durumu.
Türkiyə isə heç yerə tələsmir. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqlarının heç olmasa, böyük bir hissəsi (ən azından, Dağlıq Qarabağ ətrafında 5 rayon) qeyd-şərtsiz (!!) azad edilməyincə sərhədlər açılmayacaq. Necə deyərlər, “top” həmişəki kimi erməni tərəfdədir, seçim də həmişəki kimi, onundur.
Əslində Türkiyə sərhədləri tək Qarabağın işğalına görə bağlamayıb. İkinci mühüm səbəb əlbəttə ki, İrəvanın qardaş ölkəyə qarşı hətta Ermənistan konstitusiyasında öz əksini tapmış əsassız torpaq iddiası və saxta soyqırımla bağlı təzminat tələbləridir. Bu yerdə məntiqi sual ortaya çıxır: qonşu ölkənin ərazi bütövlüyünü və suverenliyini tanımadan onunla normal əlaqələr qurulmasını necə istəmək olar?
Yəqin ki, bunu yalnız məkrli ermənilər öz ağıllarına gətirə bilər. Türkiyə isə çoxdan Ermənistanın ərazi bütövlüyünü tanıyıb. Ermənistan sərhədlərin açılmasını istəyirsə, öncə o da Türkiyəni suveren dövlət kimi tanımalıdır. Eləcə də Azərbaycanın. Bunu indi artıq ABŞ da Ermənistana başa salmağa çalışır: ABŞ prezidentinin milli məsələlər üzrə müşaviri Con Bolton İrəvanda olarkən açıq mətnlə bildirib ki, Ermənistan Rusiya asılılığından qurtulmaq, Türkiyə və Azərbaycanla əlaqələrin bərpasını istəyirsə, o zaman Dağlıq Qarabağ probleminin həllinə çalışmalıdır. Həll yolu, qurtuluş modeli isə bəlli.
*****
Boltonun ardınca Paşinyanın belə həyasız açıqlama verməsi isə göstərir ki, Ermənistanın yeni rəhbərliyi də işğalçı ölkə ətrafında formalaşmış acı reallıqlardan doğru nəticə çıxarmağa tələsmir və sələfləri kimi illüziyalarla yaşamaq xəttinə meyllənir. Demək, Paşinyan və erməni xalqı blokadanın daha ağır nəticələrinə hazır olmalıdır.
Paşinyanın son açıqlaması həmçinin o anlama gəlir ki, İrəvan İran-Ermənistan sərhədini bağlanması qarşılığında ABŞ-a utanmadan bazarlıq təklif edir, hətta Vaşinqtonu şantaj edir ki, Ağ Ev İranla sərhədlərin bağlanmasına əvəz olaraq, Türkiyə-Ermənistan əlaqələrinin qeyd-şərtsiz normallaşması üçün Ankaraya təzyiq eləsin, üstəlik, Ermənistana təhlükəsizlik qarantı versin.
Təbii ki, ABŞ bu zəmanəti İrəvana verməyəcək. Ən azı, Rusiyanın forpostu kimi qaldıqca...
“Paşinyan çətin ki, ölkənin siyasi kursunu dəyişsin. Ermənistanda radikal dəyişikliklər yalnız o halda mümkündür ki, əgər bu ölkənin lideri Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıra bilsin. Ancaq onda da onun siyasi karyerası bitəcək”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Moskvadakı MDB ölkələri institutunun direktor müavini Vladimir Jarixin deyib. “Bütövlükdə Ermənistanın düşdüyü bu geosiyasi tələ onun öz qonşuları ilə üzləşdiyi situasiya üzündən hələ ki qalır və çətin ki, kardinal dəyişiklik baş versin”, - deyə politoloq əlavə edib.
*****
Bu arada məlum olub ki, Azərbaycan Ermənistana praqmatik təklif verib - iki ölkə ərazisində olan bütün əsir və saxlanılanları “hamını hamıya” prinsipi üzrə dəyişdirilsin. “Yeni Müsavat” xəbər verir ki, hələ ki Bakının bu xoşməramlı təklifinə İrəvandan reaksiya gəlməyib. Məntiqlə Paşinyan hökuməti həqiqətən öz əsas qonşuları ilə normal münasibətlərdə maraqlıdırsa, o zaman təklifə müsbət cavab verməlidir.
Xatırladaq ki, hazırda Azərbaycan ərazisində Ermənistanın üç vətəndaşı var - Arsen Baqdasaryan, Karen Kazaryan və Zaven Karapetyan. Onlar diversant və hərbi cinayətkarlardır. Ermənistanda isə 3 azərbaycanlı - Dilqəm Əsgərov, Şahbaz Quliyev (Rusiya vətəndaşıdır) və Elnur Hüseynzadə girov kimi saxlanılır. 2014-cü ildə Xankəndindəki saxta məhkəmə D.Əsgərova ömürlük, Ş.Quliyevə isə 22 illik azadlıqdan məhrumetmə “cəzası” kəsib...(müsavat)