Putinin məxfi silahı, yaxud QRU necə dirildi...
"Xeberinfo.com": Təpədən dırnağa silahlanmış, kifayət qədər yaxşı hazırlıq keçdikləri bəlli olan, ancaq tanınma nişanı daşımayan hərbi formalı “yaşıl adamcıqlar” Krımda strateji obyektləri bir-birinin ardınca tutanda Rusiya xüsusi xidmət orqanlarına bələd olanların ağlına dərhal Rusiyanın Baş Kəşfyyat İdarəsi (QRU) gəldi.
Çox keçmədən təsdiqləndi ki, Krımı tutan və Ukraynanı içəridən dağıdan diversantlar məhz QRU xüsusi təyinatlılarıdır və bir vaxtlar Əfqanıstanda prezident sarayını qəfil əməliyyatla tutan Rusiya kəşfiyyat idarəsi yenidən dirçəlib.
ABŞ-ın nüfuzlu “Foreign Policy” jurnalının məqaləsi bu idarədən - Putinin məxfi silahından bəhs edir. Müəllif Mark Qaleotti yazır ki, QRU-nun Ukraynada törətdikləri hələ başlanğıcdır.
Virtualaz.org saytı “Putinin məxfi silahı” başlıqlı məqalənin tərcüməsini oxuculara təqdim edir:
* * * * *
Casus təşkilattının xidmət etdiyi dövlət üçün qiymətli olmasını sübut edə biləcəyi iki metod var. O, ya doğrudan da faydalı ola bilər, tutaq ki, intensiv şəkildə axtarılan terrorçunun yerini müəyyən edə bilər. Və ya o, düşmənlərin tərəfində qorxu, nifrət və qaralama cəhdləri yarada bilər (məsələn, Konqresdəki dinləmələrdə onu ciddi təhdid adlandırırlar).
Ancaq casus təşkilatı həm bunu, həm də digərini edirsə, onun qiyməti heç bir şübhə doğurmur.
Ukraynada böhran başlayanda Kremlin rus hərbi kəşfiyyatının - QRU-nun vacibliyinə heç bir şübhəsi qalmadı. Bu idarə başqa ölkəni bir ovuc agentin və böyük miqdarda silahın köməyi ilə dağıtmaqla Kremlin onu təkcə xarici siyasətin mühüm aləti kimi istifadə edə biləcəyini nümayiş etdirmədi. QRU həm də bütün dünyaya göstərdi ki, Rusiya gələcəkdə müharibəni necə aparmaq niyyətindədir. Müharibəni isə o gizliliyi, diversiyanı, faktları həqiqətə uyğun şəkildə inkar etməyi və cərrahi dəqiqliklə güc tətbiqini birləşdirməklə aparacaq.
Hazırda QRU-nun dəstəklədiyi silahlılar Kiyev qoşunlarının təzyiqi altında geri çəkilir, ancaq geosiyasi landşaft artıq dəyişib. QRU qlobal casus oyununa qayıdıb, üstəlik bu oyunda yeni sxemə malik olmaqla gələcəkdə Qərbə ciddi təhdid yaradacaq.
Son illərdə tale Rusiya Silahlı Qüvvələri Baş Qərargahının nəzdindəki Baş Kəşfiyyat İdarəsinin üzünə gülməmişdi. Nə vaxtsa QRU Rusiyanın və SSRİ-nin ən iri kəşfiyyat strukturu olan, bütün dünyada Rusiya səfirliklərində ayrıca özəkləri fəaliyyət göstərən, gizli agentlərin geniş şəbəkəsinə malik olan və xüsusi təyinatlı qoşunların 9 briqadasına nəzarət edən struktur idi.
Lakin 2013-cü ilin əvvəllərinə doğru QRU tam iflas ərəfəsində idi. 1992-ci ildən etibarən bu idarə keçmiş sovet respublikalarında, yaxud Kremlin dediyi kimi, “yaxın xaric”də əməliyyatlara cavabdeh idi. Ancaq belə görünür ki, Rusiya prezidenti Vladimir Putin QRU-nun bu vəzifələrin öhdəsindən gəlmək üçün münasib qurum olmadığını hesab edirdi.
2003-cü ildə daxili təhlükəsizliyə cavabdeh olan Federal Təhlükəsizlik Xidmətinə xaricdə əməlyyatlar keçirməyə icazə veriləndə bir mötəbər mənbə mənə bunu belə izah etmişdi: “Belə çıxır ki, QRU qonşuluqda tankları saymaqdan başqa heç nəyə yaramır” (QRU hətta bunu da səliqə ilə saya bilmirdi. Putin hesab edirdi ki, QRU-nun 2008-ci ilin avqustunda Gürcüstana qarşı o qədər də parlaq olmayan hərbi əməliyyatlarda öz məsuliyyət payı var).
Moskvada bu mövqe üstünlük təşkil edirdi ki, QRU-nun hərbiləşdirilmiş zərbə dəstələrinin köməyi ilə həyata keçirdiyi əməliyyatlar kibermüharibələr və neft siyasəti zəmanəsinin ruhuna uyğun deyil.
QRU-nun zəifləməsində siyasi xətaların da rolu olmuşdu. Bu idarəyə 1997-2009-cu illərdə rəhbərlik edən general Valentin Korabelnikov Çeçenistanda zərbə qüvvələrinə rəhbərlik etməklə özünü rahat hiss edirdi və Moskvadakı saraydaxili siyasətə qarışmaq istəmirdi.
Putinin hərbi islahatlarını tənqid etdiyi üçün o, “qara siyahı”ya düşdü. 2009-cu ildə V.Korabelnikovu vəzifədən azad etdilər və onu istefaya hazırlaşan general-polkovnik Aleksandr Şlyaxturovla əvəzlədilər. Səhhətinin pis olması üzündən onu QRU-ya rəhbərlik etdiyi iki il ərzində çox nadir hallarda bu idarədə görürdülər.
Nəhayət, 2011-ci ilin dekabrında QRU yeni rəhbəri ilə tanış oldu. O, keçmiş hərbi attaşe və general-mayor rütbəsi daşıyan kəşfiyyatçı zabit İqor Serqun idi.
İ.Serqunun döyüş təcrübəsi yox idi və o, QRU-ya idarənin tarixi boyu rəhbər təyin edilmiş ən aşağı rütbəli zabiti sayılırdı.
2013-cü ilin sonunda Kreml QRU-nun statusuna baş idarədən adi idarəyə qədər endirmək üzərində düşünməyə başladı. Bu isə QRU-nun imicinə və onun siyasətə təsir imkanların ciddi zərbə olardı.
Bir çox amillərə görə QRU-nun statusunun aşağı salınması qaçılmaz idi. 2008-ci ildən etibarən idarədə amansız ixtisarlar aparılmışdı. Hansı ki, Rusiyanın kəşfyyat və əks-kəşfiyyat büdcəsi həmin dövrdə durmadan artırdı. QRU-nun 100-ə yaxın generalından 80-ni vəzifədən azad edildi və ya başqa vəzifələrə keçirildi. “Spesnaz”ın böyük hissəsi nizami ordunun tabeçiliyinə verildi. Rezidenturaları ixtisar etdilər və rezident kimi hər ölkədə hərbi attaşe pərdəsi altında işləyən cəmi bir zabit saxlanıldı.
Ancaq hər şey bir neçə ayın içində necə dəyişə bilərmiş! QRU-nun Kremlin bir vaxtlar nöqsan hesab etdiyi qabiliyyətləri - yaxın xaricə həddən artıq diqqət, hiylə və tələdən istifadə etməklə zorakılıq törətmək, özünü xuliqansayağı aparmaq, o cümlədən xaricdə qətllər həyata keçirməyə hazır olmaq bu idarənin üstünlüklərinə çevrildi.
Mart ayında Krımın demək olar ki, qansız ələ keçirilməsi planı QRU-da hazırlanmışdı. Bu əməliyyat böyük ölçüdə QRU-nun informasiyalarına əsaslanırdı. QRU bu regionu hərtərəfli öyrənmişdi, orada dislokasiya olunmuş Ukrayna qoşunlarının vəziyyətinə və dislokasiya yerlərinə yaxşı bələd idi, ukraynalı hərbçilərin və komandirlərin rabitə əlaqəsi dinlənilirdi.
İdarə “balaca yaşıl adamcıqlar”ın dəstəyi altında sürətlə Krımda strateji obyektləri tutdu, yalnız bundan sonra özlərini tanıtdılar və rus hərbçiləri olduqlarını nişan verdilər. Bu döyüşçülərin çoxu QRU-nun ya indiki, ya da keçmiş xüsusi təyinatlıları idi.
İndi getdikcə daha çox sübut meydana çıxır ki, “Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” İqor Strelkov, yaxud İqor Qirkin ya QRU-nun hazırkı zabitidir, ya da ehtiyatdadır. Əsas odur ki, o, əmrləri QRU-nun qərargahından alır. Nəticədə Avropa İttifaqı belə qənaətə gəlib ki, o, QRU əməkdaşıdır və Strelkova qarşı sanksiyalar tətbiq edilib.
Ukraynanın şərqindəki silahlıların əksəriyyəti Moskvadan dəstəklənən və silahla təchiz edilən ukraynalı və rusiyalı “hərbi turistlər” olsa da belə görünür ki, onların sıralarında QRU kuratorları da var. Kuratorlar sərhəddən silah və adamların keçirilməsini təşkil edirlər.
Mayın sonunda Ukraynanın şərqində “Vostok” batalyonu meydana çıxanda aydın oldu ki, QRU tam bərpa olunub. Bu silahlı dəstə Çeçenistanda fəaliyyət göstərən və QRU-ya tabe olan, 2008-ci ildə buraxılan taborun adını daşıyır. Əsasən həmin çeçen yaraqlılarından ibarət olan, zirehli transportyorlarda hərəkət edən və eyni şəkildə silahlanmış yeni briqada sanki yerin altından çıxdı.
Taborun birinci işi Donetskdə inzibati binaları tutmaq oldu və həmin binalardan özünümüdafiə dəstələrini qovub çıxardı. Özünü əsas güc kimi təsdiqləyən “Vostok” öz sıralarına ukraynalı könüllüləri cəlb etdi və çeçenləri sakitcə evlərinə göndərdi.
Ukrayna Təhlükəsizlik Xidmətindən qaçan Aleksandr Xodakovski sonralar deyirdi ki, bu taborun komandiri məhz o, özüdür.
Lakin bu, Donetskdəki binanın ələ keçirilməsindən bir neçə gün sonra baş verdi. Görünür, əvvəllər bu tabora QRU nümayəndələri komandanlıq edirdilər. Yəqin ki, “Vostok”un vəzifəsi əsasən nizami Ukrayna qoşunları ilə mübarizə deyildi (hərçənd ki, bu tabor onlarla döyüşürdü). Onun vəzifəsi zərurət yaranacağı təqdirdə Moskvanın hərbi birləşmələr üzərindəki hakimiyyətini savadlı, intizamlı və məcburi şəkildə bərqərar etmək idi.
“Vostok” taboru Moskvanın strategiyasının necə olduğunu birmənalı şəkildə göstərdi. Strategiya da bu idi: Kreml qonşuları ilə açıq münaqişəyə girməyi arzulamır, bunun əvəzinə Ukraynada özündə açıq güc tətbiqini, dezinformasiyanı, siyasi və iqtisadi təzyiqləri, məxfi əməliyyatları birləşdirən “dolayı müharibə” aparılır. Belə metodların gələcəkdə də tətbiq edilməsi mümkündür. QRU belə əməliyyatlarda ustadır...
Nəhayət, Moskva dünya miqyaslı derjava adına iddialarından geri çəkilmək niyyətində deyil. Rusiyanın xarici siyasəti yaxın gələcəkdə bu ölkənin Avrasiyadakı hegemonluğunu təmin etməyə köklənəcək. QRU bu məsələlərdə də çox güclüdür.
Məsələn, ruslar yerli milli azlıqdan istifadə edərək Qazaxıstanın çoxsaylı rus əhaliyə malik şimal vilayətlərinə də gələcəkdə analoji şəkildə siyasi təzyiq göstərə bilərlər. QRU bu vilayətlərdə ən əsas kəşfiyyat məlumatlarını toplayan qurumdur. Çünki onun mülki analoqu olan SVR-in (Xarici Kəşfiyyat Xidmətinin) Qazaxıstanda və digər MDB ölkələrində fəaliyyət göstərməsi 1991-ci il, dekabrın 21-də qəbul edilmiş Almatı bəyannaməsi ilə qadağandır.
Bunlar da onu göstərir ki, QRU bu gün özünü keçən ilkindən daha rahat, inamlı və arxayın hiss edir. Rəsmi Kiyev hərbi-dəniz attaşesini QRU zabiti adlandıraraq onu Ukraynadan qovub. İdarənin rəisi Serqun isə Qərbin sanksiyalarının əhatə dairəsinə düşən insanların siyahısına salınıb. Lakin bunların heç biri kəşfiyyat idarəsinə zərbə vura bilməyib. Hətta əksinə, QRU-nun nüfuzunu qaldırıb.
Moskvada QRU-nun statusunun enməsi barədəki söhbətlər xeyli azalıb. İdarənin çəki və nüfuzunun bərpa olunması o deməkdir ki, QRU Rusiya kəşfiyyatçıları arasında gedən əbədi gizli savaşların yenidən fəal iştirakçısına çevrilib. Lakin burada daha vacib detal var. Bütün bunlar o deməkdir ki, QRU-nun digər ölkələrdəki fəallığı artacaq və idarə əvvəlki aqressivliyini qaytaracaq.
QRU-nin dirçəlişi onu da göstərir ki, “dolayı müharibə” doktrinası yalnız Ukrayna spesifikasına cavab reaksiyası kimi tətbiq edilən müvəqqəti addım deyil. Moskva öz maraqlarını gələcəkdə də məhz bu dokrtina vasitəsilə həyata keçirməyi planlaşdırır. Dünya bunu hələ dərk etmir. Hərçənd ki, Baş Qərargah rəisi Valeri Gerasimov Rusiyanın o qədər də yaxşı tanınmayan hərbi jurnallarının birində ötən il dərc olunan məqaləsində bunu kifayət qədər açıq mətnlə yazmışdı. Gerasimov yazırdı ki, “müharibə aparmağın yeni metodları siyasi, iqtisadi, informasiya, humanitar və sair qeyri-hərbi tədbirlərin geniş şəkildə tətbiq olunmasını nəzərdə tutur ki, bu tədbirlər də məxfi xarakterli hərbi üsul və vasitələrlə, o sıradan xüsusi təyinatlı güc tətbiqi ilə tamamlanmalıdır”.
Belə münaqişələrdə kəşfiyyatçılar, diversantlar, hakerlər, müxtəlif yalanların qurbanları, muzdlular iştirak edəcəklər. QRU-nun sərəncamında isə bu kateqoriyadan olan nə qədər desən adam var. Hətta xüsusi təyinatlı birləşmələrin çoxu QRU-nun birbaşa tabeçiliyindən çıxarılsa da qətllər və diversiya törətməyi, rəqibi çaşqınlığa salmağı əla bacaran xüsusi təyinatlı elit qüvvələr bu idarənin sərəncamında qalmaqda davam edir. Bunu Ukrayna hadisələri də göstərdi.
QRU ən müxtəlif qeyri-standart şəxslərlə işləməyə hazır olduğunu da göstərdi. Bu idarə Çeçenistanda nəinki təkcə “Vostok”u, ümumən qaçaqlardan - partizanlardan banditlərə qədər hər kəsdən - ibarət digər dəstələr də hazırlaya bilmişdi. Belə hesab edilir ki, həbsə məhkum edilmiş silah alverçisi Viktor But QRU-nun ştatdankənar agenti olub. QRU əməkdaşlıq üçün adam seçməkdə elə də səhlənkar deyil. Bu isə o deməkdir ki, kimin ona işləyib-işləməməsi məsələsində tam əminliklə nəsə demək olmaz.
Bu vəziyyətdə isə NATO-nun və Qərbin effektiv cavabı hələ də yoxdur. Birbaşa və açıq təcavüzün dəf olunması məqsədilə yaradılan NATO hərbi alyans olaraq bu baxımdan artıq ciddi çətinliklə üz-üzə qalıb. NATO virtual hücumlar qarşısında nə edəcəyini bilmir. 2007-ci ildə Estoniyaya qarşı kiberhücum zamanı belə olmuşdu.
Bəxtin QRU-nun üzünə gülməsi bizə başqa gələcək vəd edir. Elə bir gələcək ki, orada tank hücumları ilə çulğaşmış “soyuq müharibə” təhdidlərinin yerini yeni tipli müharibələr tutacaq. Bu tipli müharibələrdə isə düşməni çaşqınlığa salmaq, yerli əhali arasından sənə işləyən qüvvələr formalaşdırmaq, həmçinin xüsusi təyinatlı birləşmələrin məxfi zərbələr endirməsi kimi taktiki addımlar olacaq ki, bütün bunlar da Kremlin siyasi məqsədlərinin yerinə yetirilməsinə xidmət edəcək.
Ola bilər ki, NATO sırf hərbi baxımdan güclüdür. Lakin əgər Rusiya Qərbdə açıq siyasi ixtilaflar yaradıb bunu qızışdıra bilsə, üçüncü tərəfin hərbi gücündən istifadə etməklə məxfi əməliyyatlar keçirə bilsə, strateji cəhətdən çox vacib şəxslərə və obyektlərə zərbələr endirə bilsə, onda kimin daha çox tankının və ya ən yaxşı qırıcılarının olmasının əsla əhəmiyyəti qalmayacaq. QRU məhz bu cür fəaliyyətə hazırlaşır...