“Qarabağ danışıqları” ətrafındakı situasiyada təhlükəli dönüş
Kreml və İrəvan Bakı əleyhinə yeni anlaşma içində; Putinin kəşfiyyat generallarını Ermənistana yollamasının pərdəarxası; KTMT baş katibi Bordyujadan bir gün sonra QRU başçısının da İrəvana getməsi təsadüfdümü? Rusiya “bir güllə ilə 3 dovşan” hədəfləyib...
"Xeberinfo.com": Ötən həftə Qarabağ məsələsi ətrafında həm diplomatik, həm də hərbi alanda əhəmiyyətli hərəkətliliklə yadda qaldı. Həftənin əvvəlində ATƏT-in Minsk Qrupunun həmsədrləri və Avropa Birliyi Şurasının sədri Donald Tusk İrəvan və Bakıda oldular, həftəsonu isə atəşkəs rejimi qəfildən, növbəti dəfə təhlükə altına düşdü.
Artıq neçə həftədir ki, həmsədrlər, xüsusən də amerikalı vasitəçi Ceyms Uorlik danışıqları dalandan çıxarmaq üçün diplomatik səyləri artırıblar. Vaşinqtonda, Moskvada, Vyanada keçirilən və ilk dəfə olaraq Minsk Qrupunun digər üzvlərinin də cəlb olunduğu intensiv müzakirələrin başlıca hədəfi isə qısa zamanda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil eləməkdir.
Artıq görüş üçün prezidentlər İlham Əliyevin və Serj Sərkisyanın razılığı alınıb. Hər halda həmsədrlərin son birgə bəyanatında belə deyilir. Həmin bəyanatda qırmızı xətt kimi keçən məqam isə yeni konfrontasiyalardan qaçmaqla bağlı tərəflərə edilən çağırışlardır. Vasitəçilər ümid edirlər ki, prezidentlərin görüşünə hazırlıq getdiyi dönəmdə tərəflər heç bir ekssesə yol verməyəcək.
****
Lakin nikbin gözləntilərə rəğmən, cəbhə xəttində vəziyyət təzədən gərginləşib. Bu dəfə Gədəbəy istiqamətində. Hər iki tərəfdən, daha çox da düşmən cinahından yeni canlı itkilərin olduğu bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, düşmən 5 hərbçisini itirib. Bir şəhid də biz vermişik, təəssüf ki.
Maraqlıdır ki, təmas xəttində növbəti eskalasiyanın yaşanması fonunda Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi, general-polkovnik İqor Serqun nümayəndə heyəti ilə birgə İrəvana səfərə gəlib. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, QRU rəhbəri Ermənistan rəhbərliyi və müdafiə naziri ilə görüşüb. Rəsmi bilgilərə görə, tərəflər regional və beynəlxalq əhəmiyyətli bir sıra mövzuları, həmçinin, yaranmış vəziyyətdə iki ölkə arasında təhlükəsizliyin təmin edilməsi çərçivəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
Təbii ki, aparıcı mövzu kəşfiyyat məlumatlarının mübadiləsi və Putinin məxsusi çatdırışları ətrafında olub. Arayış üçün bildirək ki, QRU hazırda Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi “hibrid müharibə” taktikasının əsas elementidir. Bu məxfi kəşfiyyat idarəsinin xüsusi təyinatlı diversiya bölmələri Krımı ildırım sürəti ilə zəbt edib, daha sonra Ukraynanın Şərqində diversiya əməliyyatları həyata keçirərək yerli separatçı dəstələrə Donetsk və Luqansk vilayətlərinə nəzarəti ələ almağa yardımçı olub.
***
Qayıdaq bölgəmizə. Başqa bir diqqət çəkən məqam general Serqundan bir gün öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general Nikolay Bordyujanın da İrəvanda səfərdə olmasıdır. Doğrudur, Bordyuja İrəvana tez-tez baş çəkir. Ancaq budəfəki səfər Qarabağ diplomatiyasının aktivləşməsi dövrünə düşməsi ilə qeyri-adi təəssürat yaradır.
Bəs Putinin bir-birinin ardınca öz generallarını İrəvana göndərməsinin arxasında hansı maraqlar dayanır?
Bir amilə toxunuldu - təmas xəttində hərbi eskalasiya. Aydındır ki, kifayət qədər ərazi zəbt eləmiş Ermənistana yeni müharibə lazım deyil. O zaman sual ortaya çıxır ki, gərginliyi, təxribatları kim yaradır?
Bu sualın ilkin cavabını başqa bir istiqamətdə axtarmağa dəyər. İş ondadır ki, Moskva Ermənistana 200 milyon dollarlıq kredit vermək və Azərbaycanla hərbi balansı saxlamaq adı ilə bölgədə qorxunc “İsgəndər M” (daha doğrusu, “İsgəndər E”) taktiki raket kompleksləri yerləşdirmək arzusundadır. Amerikalı hərbi analitiklərə görə, nüvə başlıqları belə daşıya biləcək bu kompleksləri işğalçı Ermənistanda yerləşdirməklə Rusiya bütövlükdə regionda ciddi şəkildə möhkəmlənmək niyyəti güdür. Güman eləmək olar ki, son vaxtlar Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlığının güclənməsi də Kreml qarşısında belə bir imperativi başqa yandan zəruri edib.
Ola bilsin, Moskva Ermənistanın maraqlarından qat-qat çox öz maraqlarına hesablanmış “İsgəndər” komplekslərini işğalçı ölkədə yerləşdirməklə bağlı hazırda İrəvanla intensiv zondaj aparır, onu inandırmağa çalışır. Cəbhə xəttindəki eskalasiya fonunda isə inandırma daha asan baş tuta bilərdi. Bordyujadan dərhal sonra QRU başçısının böyük bir nümayəndə heyəti ilə İrəvana gəlməsi də təmas xəttindəki yeni qarşıdurmalara görə narahatlıqdan daha çox, bu inandırmanı effektli eləmək məramından qaynaqlana bilər. Burdaca yada salaq ki, Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan Rusiya kəşfiyyatının adamıdır (Ona “Kremlin tulası” da deyilir).
***
Generalların səfəri həmçinin, Bakı-Supsa neft kəmərinin Gürcüstanın işğal altındakı ərazisindən keçən hissəsi ətrafında yaranmış gərgin duruma təsadüf etməsi ilə maraq doğurur. Yada salaq ki, rus əsgərləri işğal altındakı Cənubi Osetiyada “sərhəd” göstəricilərini Gürcüstanın içərilərinə doğru çəkdikləri zaman Ermənistan da öz tərəfindən Gürcüstan ərazisinin 10 hektar torpağını zəbt edib.
Ermənilər bunu, əlbəttə ki, rusun “dobro”su olmadan edə bilməzdilər. İstisna deyil ki, Rusiya Cənubi Osetiyadakı avantüra ilə yanaşı, Ermənistanın da əli ilə Gürcüstanı təxribata çəkmək istəyir. Generalların, xüsusən də QRU başçısının səfəri mümkündür ki, həm də bu mövzu ətrafında olsun.
Nəhayət, rus generallarının Ermənistana artan səfəri Kremlin Qarabağ məsələsində öz patronajlığını qoruyub saxlamaq niyyətindən də qaynaqlana bilər. Bunun üçün ötən ilin avqustunda olduğu kimi, vəziyyəti bir az tündləşdirib, ardınca prezidentləri “zəruri anda” Moskvaya çağırmaq yetər.
***
Belə görünür, indiki mürəkkəb mərhələdə Moskva bir güllə ilə “3 dovşan” vurmağı hədəfləyib: 1. Ermənistanda özünə qarşı baş qaldıran narazılığı elə ən çox özünə xeyirli olan 200 milyonluq kreditlə səngitmək; 2. Bölgədə həmişəlik möhkəmlənmək və qonşu dövlətləri daha ciddi təhdid altında saxlamaq üçün “İsgəndər” komplekslərinin yerləşdirilməsinə nail olmaq; 3. Qarabağ vasitəçiliyində üstünlüyü heç kimə verməmək, heç kəslə bölüşməmək.
Musavat.com