“QRU”-nun “MAYDAN”ı NECƏ NÜFUZDAN SALDIĞININ ÜSTÜ AÇILDI–Sosial şəbəkələr kəşfiyyat qurumunun əsas əməliyyat meydanına çevrilib
Yenixeber.org: İctimai rəydə "QRU" kimi populyar olan Rusiya Müdafiə Nazirliyi Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi (BKİ) 2014-cü ildə “Maydan”dakı dinc etiraz hərəkatını nüfuzdan salmaq üçün sosial şəbəkələrdə kampaniyalar təşkil edibmiş və BKİ bu məqsədlə “Facebook” və “ВКонтакте” sosial şəbəkələrində 30-dan çox “Ukrayna” qrupu yaradıbmış.
UNİAN xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Rusiya BKİ-nin məxfi hesabatına əsasən məlumat yayıb.
Bildirilir ki, BKİ-nin təşkil etdiyi kampaniyanın məqsədi qərar qəbul edən həlledici şəxslərə və geniş ictimaiyyətə 27 fevral 2014-cü ildə Krım parlamentinin ələ keçirilməsilə başlayan Rusiya hərbi hərəkatının yolunu açmaq üçün təsir etmək olub.
“The Washington Post”un məlumatına görə, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin ölkəni tərk etməsindən sonrakı gün rus hərbçiləri “Facebook” və “ВКонтакте” sosial şəbəkələrində çoxsaylı saxta hesablar yaradıblar: “Personajlar Ukraynanın hər tərəfindən olan, müxalifətin Kiyevin “Maydan” adlandırılan mərkəzi meydanında keçirdiyi etirazlardan məyus olan sadə insanları təmsil etməli idi”.
22 fevral 2014-cü il, şənbə günü axşamı özünü "İvan Qalitsin" adlandıran adam Böyük Britaniya qəzetində çap olunan bir məqaləyə öz şərhini əlavə edib. Bu, həmin gün həbsdən azad edilən Ukrayna müxalifətinin lideri və sabiq Baş nazir olan Yuliya Timoşenko haqqında hekayə olub. Qalitsin ingiliscə yazıb: "Ukraynada çevriliş baş verib”.
Məlumata həmçinin əlavə edilib: “Mən Kiyevdə yaşayıram. Mən “Maydan”da oldum, lakin dinc etiraz bundan iki ay öncə, silahlı millətçilər orada bizi əvəz etdikdən sonra bitdi. Bu, bir kabusdur. II Dünya Müharibəsindən 70 il sonra faşistlər yenidən bizə gəldilər. Mən Ukrayna üçün bu gələcəyi istəmirəm”.
“The Washington Post”un yazdığına görə, bu hesab BKİ əməkdaşları tərəfindən yaradılıb.
Həmin hesabda narkotik qaçaqmalçılığına görə ABŞ-da həbs cəzası çəkən Konstantin Yaroşenkonun fotoşəklindən istifadə ediblər.
“Qalitsin”in şərhləri digər ingilisdilli nəşrlərdə də üzə çıxıb. Hesabata görə, əməliyyatın keçirilməsi üçün RF MN Baş Qərargahının BKİ sosial şəbəkələrdə 30 “Ukrayna” qrupu və 25 ingilis nəşri seçibdir.
BKİ-nin əməliyyatçıları “Ukraynanın rusiyameylli sakinlərində narazılıq yaratmaq” üçün adi Ukrayna vətəndaşları adından şərhlər veriblər. Bu şərhlərdə etirazçıları “qərbçilər”, “Maydan”dakı nümayişçiləri isə “nasistlər” və “faşistlər” adlandırıblar.
27 fevral 2014-cü il tarixdə Krım parlamentinin binası ələ keçirilərkən, BKİ “Facebook” və “ВКонтакте” sosial şəbəkələrində Krım sakinlərini Ukraynadan ayrılmağa dəstək verməyə sövq etmək üçün 4 qrup yaradıb.
BKİ-nin hesabatında deyilir: “Biz “Facebook”dakı öz hesablarımızdan istifadə edərək, Krım yarımadasının əhalisini millətçi təşkilatlardan qaynaqlanan təhdidlərlə bağlı olaraq məlumatlandırmaq üçün şərhlər yaydıq”.
Saxta hesablardan istifadə edən hərbçilər üçün kiçicik metod da işlənib hazırlanıb. Məsləhətlərdən birində deyilir ki, onlar belə hesablarda öz şəkillərindən istifadə etməməlidirlər.
Hesabata görə, BKİ bu qrupların populyarlığını artırmaq üçün “Facebook”da ödənişli elanlardan da istifadə edib. Hesabatda verilən məlumata görə, “Facebook”dakı bu saxta qruplara yalnız 27 fevralda 200 000 baxış olub. Həmin kontent “Facebook”, “ВКонтакте” və “LiveJournal”dakı digər qruplarda yenidən yayılıbdır.
“The Washington Post” qeyd edir ki, BKİ-nin Ukraynadakı informasiya əməliyyatının təsirini qiymətləndirmək çətindir. Eyni zamanda, hesabat müəlliflərinin özləri göstərirlər ki, “sosial şəbəkə istifadəçilərinin əzici əksəriyyəti göstərilən arqumentlərlə razılaşırdılar və müəlliflərin mövqeyini dəstəkləyirdilər”.
UNİAN-ın xatırlatmasına görə, əvvəllər senator Con Makkeyn bəyan etmişdi ki, Rusiya xaos yaratmaq və 2016-cı il seçkiləri ərzində amerikalıları bölmək üçün sosial mediadan istifadə edib.