Davudoğlunun “başı”nı Putin istəyib – ŞOK İDDİA
Türkiyə siyasətində aysberqin görünməyən tərəfi; Baş nazirin istefasını zəruri edən ilginc səbəblər barədə; Əhməd Davudoğlunun siyasətdən də getmək niyyəti əlavə suallar doğurub; Ankara-Moskva münasibətlərində ilıqlaşma gözlənilirmi?..
Xeberinfo.com: Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefası məsələsi ətrafında müzakirələr davam edir. Artıq AKP-nin 22 may növbədənkənar qurultayı ərəfəsində yeni baş nazir postuna adlar da hallanır. Onların sayı hələlik 7-dir. Ancaq müşahidəçilər əmindir ki, Davudoğlunun xələfi ondan xeyli zəif bir fiqur olacaq və faktiki, prezident Rəcəb Tayyib Ərdoğanın kölgəsində qalacaq.
Səbəblər barədə müəyyən mülahizələr artıq səslənib. Aparıcı motiv budur ki, Ərdoğan güclü xarizmatik lider olaraq, ölkənin şəriksiz liderliyinə iddialıdır və partiyadaşı olsa belə, yanında ikinci güclü fiqurun olmasını arzulamır. Təsadüfi deyil ki, baş nazir olanda da Ərdoğanın yanında zəif prezident Abdulla Gül idi. İndi özü prezident ikən yenə zəif və “sözə baxan” baş nazir arzusundadır.
Məsələni aktual edən detallardan biri də şübhəsiz ki, cənab Davudoğlunun personası, yəni prezident Rəcəb Tayyib Ərdoğan yanında yetərincə onun müstəqil statusa, geniş manevr imkanların malik olmasıdır. Bütün hallarda Ə.Davudoğlunun baş nazirlikdən və maraqlıdır ki, həm də siyasətdən getməyə hazırlaşması Türkiyə daxili və xarici siyasətində hansısa mərhələnin qapanmaq üzrə olması qənaətini yaradır.
***
Bu xüsusda Davudoğlunu istefaya vadar edən daha bir qiymətli məqama toxunmaq yerinə düşər. Sirr deyil ki, indiki baş nazir prezident Ərdoğanla müqayisədə həmişə Kremlin daha güclü hədəfində olub. Vurulan “Su-24"təyyarəsinə görə ötən ilin noyabrın 24-dən kəskinləşmiş Moskva-Ankara münasibətlərini nəzərdə tuturuq. Davudoğlunun istefasına aparan daha bir səbəb kimi bu detal da diqqətə alınmağa layiqdir, bizcə.
Məlumdur ki, həmin insidentə görə Əhməd Davudoğlu baş nazir kimi məsuliyyəti şəxsən öz üzərinə götürmüş, hətta “vur” əmirini özünün verdiyini bəyan eləmişdi. Düzdür, prezident Ərdoğan da Türkiyə Hava Qüvvələrinin addımını müdafiə eləmişdi, lakin tezliklə o, situasiyanı yumşaltmağa çalışmış, bir neçə dəfə üzrxahlığa yaxın formada “belə olmasını heç istəməzdik” söyləmiş, Moskvaya barışıq təklifləri eləmişdi. Sonuncu belə bir barışıq jestini o, Vaşinqtonda olarkən dilə gətirmişdi.
Ancaq Rusiyanın sərt reaksiyasına səbəb olan “Su 24" insidenti ilə bağlı indi də, o vaxt da ən prinsipial və güzəştsiz mövqe sərgiləyən yeganə və ən yüksək çinli Türkiyə rəsmisi Davudoğludur. Bu amil sözsüz ki, Kreml rəhbərliyinin diqqətindən yayına bilməzdi. Üstəlik, münasibətlərin kritik olduğu dönəmdə baş nazir Bakıya səfəri zamanı da çox sərt və Moskvanı qəzəbləndirən mövqe ortaya qoymuşdu. Əhməd Davudoğlunun Bakıda Qarabağla bağlı Azərbaycana hər cür dəstək vəd eləməsi şimal qonşumuzda başqa yandan qıcıq yaratmışdı.
***
Ayrı sözlə desək, təyyarə insidentinə görə pozulmuş münasibətlərdə Davudoğlu amili daim özünəməxsusluğu ilə seçilib yazsaq, yanılmarıq. Bir daha vurğulayaq ki, istefada Ərdoğan-Davudoğlu münasibətlərinin mərkəzdə durması fikri aparıcı olaraq qalır. Ancaq siyasətin aysberq kimi geniş ictimaiyyətə görünməyən, “suyun altında qalan” tərəfi də var. Nədən söhbət gedir?
Əlbəttə ki, Ərdoğan həmişə bunun da fərqində olub ki, Moskva 24 noyabrdan sonra Davudoğlunun personasına onun özü ilə müqayisədə daha qıcıqlı yanaşır. İstisna deyil ki, baş nazirin “qurban verilməsi”ndə bu faktor özəl təsir göstərib. Bəzi iddialara görə, iki ölkənin barışığı yönündə zaman-zaman aparılan konfidensial danışıqlarda da Davudoğlunun prinsipiallığı tormozlayıcı rol oynayıb.
Barışığa yönəlik danışıqlar, ikitərəfli komissiyaların işləməsi barədə “Yeni Müsavat” olaraq zamanında yazmışıq və hətta prosesin içində Azərbaycan amilinin də rol aldığını qeyd eləmişik. Məsələn, 4 fevral tarixli “Rusiya və Türkiyə anlaşma üzrə - gizli Azərbaycan faktoru..” sərlövhəli yazısında vurğulamışdıq:“Bu xüsusda əldə elədiyimiz və olduqca şok effektli, dəqiq, eyni zamanda da mötəbər bilgilərə görə, üzümüzə gələn günlərdə böhran yaşayan Rusiya-Türkiyə münasibətləri üzdəki gərginliyə rəğmən, düzələcək. Özü də təmaslarda və vasitəçilikdə Azərbaycan faktorunun da yer aldığı deyilir. O da bildirilir ki, təmaslar artıq bitmək üzrədir və qısa zamanda hər şey yoluna qayıdacaq. ”Təbii ki, bunu Qərb istəmir. Amma hər iki ölkənin hökumətləri yaxşı anlayır ki, savaş Rusiya və Türkiyə dövlətləri və xalqlarına yalnız fəlakət gətirəcək və nəticə etibarilə “üçüncü qüvvə” yaranmış vəziyyətdən ən çox siyasi və iqtisadi divident götürəcək" - əlavə edib mötəbər mənbə. Təbii ki, “üçüncü qüvvə” dedikdə ABŞ və Avropa Birliyi, daha çox da Birləşmiş Ştatlar nəzərdə tutulur. Çünki Moskva və Ankaranın noyabrın 24-dək bütün sahələr üzrə isti səciyyə daşımış münasibətləri, qardaş ölkənin Kremlə qarşı iqtisadi sanksiyalara qoşulmaması və regionda daha müstəqil siyasət yürütməsi Qərbin bölgəyə yönəlik strateji hədəfləri ilə düz gəlmir".
Lakin bəllidir ki, gözləntilər doğrulmadı. Bunun da əsas səbəbi kimi anlaşma əldə olunmaq ərəfəsində baş nazir Əhməd Davudoğlunun Türkiyədəki mitinqlərin birində etdiyi və münasibətləri daha da gərginləşdirən çıxışı göstərilir. Həmin çıxışda o, Rusiyanın, Pitinin ünvanına növbəti sərt ifadələr işlədərək, anlaşma ilə bitmək üzrə olan bir prosesi sıfırlamış, bununla Ərdoğanın da siyasi kursu əleyhinə getmişdi.
Əlavə edək ki, Rusiya siyasi çevrələrində Davudoğlu Ərdoğanla müqayisədə daha çox “Amerikanın və Avropanın adamı” sayılır və belə hesab edilir ki, Qərb məhz onun əli ilə Ankara-Moskva barışığına əngəl yaratmağa çalışır.
***
Yəni baş nazirin “başını” əslində Putin də istəyə bilərdi - münasibətlərdəki gərginliyi heç olmasa, ölü nöqtədən çıxarmaq naminə. Sadəcə, bu istək Ərdoğanın cari siyasi maraqları ilə də üst-üstə düşür. Davudoğlunun baş nazirliklə yanaşı, siyasətdən də getmək qərarı bu yöndə təxminləri gücləndirir ki, zəiflətmir.
***
Rusiya-Türkiyə yaxınlaşması isə indi heç vaxta olmadığı qədər hər iki tərəf üçün güclü imperativə çevrilib. Əgər Rusiya üçün bu barışıq ilk növbədə getdikcə ağırlaşan iqtisadi durum və Qərbin izolyasiyasının siyasi-iqtisadi təsirlərini azaltmaq səbəbi ilə zəruri görünürsə, qardaş ölkə daha çox iqtisadi maraqlar və artıq başlamış turizm mövsümünə görə buna ehtiyac duyur. Çoxmilyardlıq Akkuyu AES-in inşası, “Türk axını” kimi layihələrin donunun açılması zərurəti də öz yerində.
Davudoğlunun qəfil istefası isə rus pilota atəş açdığı deyilən “boz qurdçu”nun həbsinin ardınca Ankaradan Kremlə ikinci xoşməramlı jest təəssüratı yaradır. Bu jest-mesajlar Rusiyanın “könlünü almaq” üçün kifayət edəcəkmi? Söyləmək çətindir.
Bu yerdə onu da yada salaq ki, Rusiya rəsmilərindən biri demişdi ki, Davudoğlunun istefası Ankara-Moskva münasibətlərinin durumuna ciddi təsir etməyəcək, çünki “Türkiyə siyasətinin başında hələ ki Ərdoğan dayanır”.Hərgah, Davudoğlu mövzusuna Moskva hələ ki ən yüksək səviyyədə reaksiya bildirməyib.
Bir şeyi dəqiqliklə söyləmək olar ki, güclü baş nazirin gedişindən sonra Rusiya-Türkiyə münasibətlərinə cavabdehlik Ankara tərəfdən müstəsna olaraq prezident Ərdoğanın üzərində qalacaq və onun manevr imkanları bir qədər daralmış olacaq. Yaxşıdır, yoxsa pis - bunu zaman göstərəcək.
Musavat.com