Politoloq: “Birbaşa müharibə olmasa da, bu gün Ukrayna NATO silahları ilə döyüşür və bu, Rusiya-NATO müharibəsi deməkdir”
Yenixeber.org: “Rusiya NATO ilə döyüşmək fikrində deyil. Çünki hərbi bloka başçılıq edən ABŞ müdafiəyə Rusiyadan qat-qat artıq vəsait xərcləyir”. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Torjokda hərbçilərlə görüşündə deyib: “Bizim bu dövlətlərə qarşı aqressiv niyyətimiz yoxdur. Əgər Ukraynada dövlət çevrilişi olmasa, Donbassda hərbi əməliyyatlar olmasaydı, biz heç vaxt Ukraynada heç nə etməzdik”.
Putin xatırladıb ki, 2022-ci ildə ABŞ-ın hərbi büdcəsi təqribən 811 milyard dollar, Rusiyanın isə 72 milyard dollar təşkil edib: “Və bu nisbəti nəzərə alaraq, biz NATO ilə vuruşacağıq, yoxsa nə? Bu, sadəcə cəfəngiyyatdır”.
Qeyd edək ki, martın 17-də Putin etiraf etmişdi ki, Rusiya NATO ilə genişmiqyaslı münaqişə ilə üzləşə bilər: “Məncə, müasir dünyada hər şey mümkündür. Amma mən artıq demişəm və hamıya da aydındır ki, bu, tammiqyaslı Üçüncü Dünya müharibəsi olacaq”.
Ötən il dekabrın əvvəlində isə ABŞ Prezidenti Co Bayden NATO ölkələrinə Rusiyadan təhlükənin artdığını açıqlamışdı. Pentaqon rəhbəri Lloyd Ostin isə Ukraynanın məğlubiyyətinin Rusiya ilə NATO arasında müharibəyə səbəb olacağı barədə xəbərdarlıq edib və bildirib: “Putin Rusiyası Ukraynanın suveren ərazilərini tutmaqla qalmayacaq. Ukraynadan sonra hədəf NATO ölkələri olacaq”.
Rusiya lideri isə belə bəyanatları “cəfəngiyyat” adlandırıb: “Bu, onun Rusiya istiqamətindəki yanlış siyasətinə bəraət qazandırmaq üçün sadəcə bir bəyanatdır”. Putin qeyd edib və Rusiyanın NATO ilə müharibədə “heç bir səbəbi və marağı” yoxdur.
Yeri gəlmişkən, Şimali Atlantika Alyansı da əks fikirdədir. Yanvarın 19-da NATO Hərbi Komitəsinin sədri, holland admiral Rob Bauer Rusiya ilə müharibənin qaçılmaz olduğunu bəyan edib. Onun sözlərinə görə, blokun bütün ölkələri bunun yaxın 20 il ərzində başlayacağına hazırlaşmalıdırlar. Oxşar çağırış Böyük Britaniya, Danimarka, Norveç, Hollandiya, İsveç, Almaniya, Polşa, Çexiya, Belçika və Estoniyanın ordu komandirləri və müdafiə nazirləri tərəfindən də edilib.
Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə isə Putin NATO ilə uzunmüddətli perspektivdə genişmiqyaslı müharibəyə hazırlaşır. İnstitutun analitikləri hesab edirlər ki, Şimali Atlantika Alyansı ilə qeyri-nüvə münaqişəsi zamanı Kremlin planları ölkənin hərbi-inzibati bölgüsündə aparılan islahatlarla sübut olunur. Xüsusilə, qüvvələri qərb istiqamətində cəmləşdirə biləcək Moskva və Leninqrad hərbi dairələri yenidən yaradılıb.
Rusiya-NATO müharibəsi ehtimalını şərh edən politoloq Zaur Məmmədov deyib ki, hazırda demək olar ki, Rusiya-NATO müharibəsi əslində Ukraynada dolayısı ilə gedir: “Birbaşa müharibə olmasa da, bu gün Ukrayna NATO silahları ilə döyüşür və bu, Rusiya-NATO müharibəsi deməkdir. Faktiki olaraq, NATO silahlarının Ukrayna tərəfindən Rusiyaya qarşı istifadə edilməsi bir təcrübədir. Alyans sanki silahlarını sınaqdan keçirir, silahlarının müharibələrdə hansı nəticələri verə biləcəyini öyrənir”.
“Digər tərəfdən, həm Avropa ölkələri, həm ABŞ hərbi texniki imkanlarını yeniləyir, modernləşmə aparır. Demək ki, NATO ölkələri hazırlıqlarını aparırlar. Artıq NATO ölkələrinin rəhbərləri də ordularının güclənməsinə, Rusiyanın hücumlarına hazırlıqla bağlı çağırışlar edirlər. Bunlar sıradan bəyanatlar deyil”, - Məmmədov fikrini tamamlayıb.(AYNA)