Yeni ilə yeni müharibə ilə? -Sülhün imitasiyası İrəvanın başında çatlayacaq!
Bakının sülhə məcburetmə taktikası təzədən işə düşə bilər; erməni politoloq: “Azərbaycan Ordusunun son dərəcə dəqiq, ölçülü-biçili hərbi əməliyyat planı var, İrəvan bir az da o yan-bu yan eləsə...”
Yenixeber.org: 2022-ci ilin son ayındayıq. Əfsus ki, başa çatmaqda olan il də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına və düşmənçilik səhifəsinin çevrilməsinə gətirmədi. Xarici havadarlarından stimul alan rəsmi İrəvanın apardığı pozucu və sülhü imitasiya siyasəti imkan vermədi.
Hərçənd Brüssel prosesi çərçivəsində, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə anlaşma əldə olunmuşdu ki, 2022-ci ilin noyabr ayı ərzində xarici işlər nazirləri sülh müqaviləsinin ilkin mətnini müzakirə eləsinlər, dekabrda - ilin sonunadək isə müqavilə imzalansın.
Beləcə, bölgədə xeyli artan müharibə riski köhnə ildən təzə ilə adlayır. Ona görə ki, Ermənistan rəhbərliyi sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan eləsə də, real sənədə gələndə bunu öz imzası ilə təsdiqləmək istəmir, iki ildən çoxdur müxtəlif bəhanələrlə, o sırada “artsax” mövzusunda spekulyasiya eləməklə sülh sazişindən yayınır. Sözsüz ki, qatı ermənipərəst Fransa dövlətinin fitnəkar və təxribatçı addımları Nikol Paşinyan hökumətini bu yöndə daha cəsarətli edir. Sülh danışıqlarını bir az da mənasız hala gətirir.
Yaranmış durumda Makronsuz görüşlərə getməmək qərarı vermiş Paşinyanla danışıqların əslində anlamı qalmır. O zaman sülh prosesini irəli aparmağın tək yolu hərbi gücə əl atıb sülhə məcbur etməkdir. Bu mənada vəziyyət müəyyən mənada 2022-ci ilin 27 sentyabr ərəfəsini xatırladır. Nə vaxt ki, Nikol öz hərəkətləri ilə sülh qapılarının hamısını bağlamışdı.
Odur ki, yaranmış durumun Ermənistana hansı sürprizlər vəd elədiyi barədə gərək öncə İrəvanda yaxşı-yaxşı fikirləşsinlər. Azərbaycanın itirəcəyi bir şey yox. Kapitulyant ölkədə onu da unutmasınlar ki, nəinki Qarabağda, eləcə də Ermənistanla sərhəd boyu bütün strateji yüksəkliklər və mövqelər bizdədir. Obrazlı ifadə eləsək, hər şey “ovucumuzun” içində, o cümlədən “Şeytan yuvası” Xankəndi. Separatçı anklava gedən su, qaz, işıq, internet xətləri, bir sözlə, irili-xırdalı “nəfəsliklər” də həmçinin bizim nəzarətimizdə...
*****
“Azərbaycan artıq əmin olub ki, Ermənistan tərəfi ərazi bütövlüyünün tanınması ilə bağlı istənilən danışıqlar prosesini sabotaj etməyə çalışır”.
Bunu Minval.az-a politoloq Fərhad Məmmədov tərəflər arasında gözlənilən sülh müqaviləsinin imzalanmamasına münasibət bildirərkən deyib.
“Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və ya tanımağa hazır olması ilə bağlı bütün bəyanatları boş sözlərdir. Diplomatik fəallıq onunla bağlıdır ki, hazırda əsas oyunçular - Rusiya, ABŞ və Fransa başa düşür ki, danışıqlar prosesi olmadığı təqdirdə hərbi əməliyyatların başlanması şansı yüksəkdir. Ona görə də bəzi qabaqlayıcı addımlar atmaq üçün müəyyən tədbirlər həyata keçirilir”, - deyə politoloq qeyd edib.
Təhlilçiyə görə, biz başa düşməliyik ki, alternativ rəqabət formatları var və tərəflərin hər biri bu şərtlər daxilində əsas vasitəçinin yerini tutmağa çalışır, amma gündəm bununla dəyişmir: “Əsas problem budur. Ermənistanın mövqeyi dəyişmir, Azərbaycanın mövqeyi dəyişmir və müvafiq olaraq danışıqların gündəliyi də dəyişmir. Danışıqlar prosesi erməni tərəfinin günahı ucbatından dalana dirənirsə, o zaman Ermənistandan nəyinsə asılı olduğu məsələləri aradan qaldırmaq üçün şərtləri dəyişmək lazımdır. Əgər Ermənistan hələ də Qarabağdan danışırsa, İrəvanın Qarabağ ermənilərinə verdiyi resurs dəstəyini kəsmək lazımdır”.
Beynəlxalq ictimaiyyətə gəlincə, ekspertin fikrincə, beynəlxalq birlik Ermənistan-Azərbaycan sərhədi ətrafında cərəyan edən proseslərə aydın reaksiya verir.
“Qarabağda bu reaksiya etnik təmizləmə kimi təsnif edilir, lakin Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması, eləcə də yerli əhalinin yanacaq və elektrik enerjisi ilə təmin olunması məsələsi yaranarsa, demək, o zaman Azərbaycan bu məsələnin həllini öz üzərinə götürür”, - deyə politoloq vurğulayıb.
Sülh müqaviləsinə gəlincə, o, indi belə bir sənədin imzalanması şansının az olduğunu düşünür. “Azərbaycan Laçın yolunun tikintisini başa çatdırıb ondan istifadə etməyi təklif edəndə ermənilər bundan imtina etdilər. Sonra Azərbaycan ”Qisas" əməliyyatını həyata keçirdi və yol iki həftə ərzində istifadəyə verildi. Yəni Azərbaycanın gücdən istifadə etməklə dinc gündəmə nail olmaq təcrübəsi var. Fikrimcə, Yeni il qabağı müəyyən eskalasiya mümkündür. Ermənistan Qarabağın özündə vəziyyətə heç bir şəkildə təsir göstərə bilməməsi üçün Laçın yolunda nəzarət keçid məntəqəsi ilə bağlı məsələ öz həllini tapacaq", - deyə o fikrini tamamlayıb.
*****
“Ermənistan hakimiyyəti hazırda vaxt udmağa çalışır, amma İrəvan anlaya bilmir ki, Bakı artıq əvvəlkitək 30 il gözləyən deyil”.
Bunu isə erməni siyasi şərhçi Artsrun Pepanyan deyib.
“Azərbaycan Ordusunun son dərəcə dəqiqliyinə qədər ölçülüb-biçilmiş hərbi əməliyyat planı artıq mövcuddur. Bu heç kimə sirr deyil. Əgər Ermənistan hakimiyyəti bir az da o yan-bu yan eləsə, Bakının səbri tükənəcək. Bu ilin sonuna qədər Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin xırda bir səhvini gözləyəcək və dərhal əməliyyat planı işə düşəcək. Bu dəfə hər şey tez bitəcək, çünki Ermənistan özünü qorumaq qabiliyyətinə qadir deyil, o ki ola Xankəndini və yaxud Laçın dəhlizini qoruya bilsin”, - deyə o əlavə edib.
Hoqqabaz və macəraçı Paşinyan və hökuməti barı öz ekspertlərinin xəbərdarlığını ciddiyə alaydı. Həm də vaxtında. Zaman gedir...“Müsavat”