Ermənistanı sülhə məcburetmə əməliyyatı -2: Brüssel düyməyə basdı, bəs Moskva...
Avropa zirvəsindən görünən gerçək; İrəvan bu şansı da qaçırsa, Azərbaycanın qarşısını heç kim ala bilməyəcək...
Yenixeber.org: Avropa Birliyinin (AB) moderatorluğu ilə Azərbaycan və Ermənistan liderləri arasında daha bir mühüm görüş reallaşdı. Brüsseldə 4 saat yarım sürən müzakirələrə ilkin reaksiyalar tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması yönündə əhəmiyyətli dönüşün qeydə alındığını söyləməyə imkan verir. Daha dəqiq qiymət üçün əlbəttə, zamana ehtiyac olacaq. Çünki rəsmi İrəvanın bir şey deyib, əməldə başqa şey elədiyinin, yaxud öz vədini dandığını və ya götürdüyü öhdəliyi təftiş elədiyinin dəfələrlə şahidi olmuşuq.
Ancaq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüş sonrası bəyanatından belə bir ön qənaət hasil olur ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulması prosesi böyük ölçüdə rəsmi Bakının irəli sürdüyü gündəm, daha dəqiqi, 5 məlum baza prinsipi əsasında irəli aparılacaq - qarşılıqlı etimad mühitinin yaradılmasına yönəlik, humanitar xarakterli müəyyən korrektələrlə. Hansı korrektələrlə? Bunu da yəqin ki, yaxın zamanda görəcəyik.
Əsas olan Ermənistan rəhbərliyinin sülh prosesinə nə dərəcədə hazır olub töhfə verməsi və bundan ötrü yetərli siyasi iradə nümayiş etdirməsidir. Məsələn, aprelin axırınadək iki ölkə arasında sülh müqaviləsinə hazırlıq, sərhəd mübahisələrinin çözülməsi, habelə digər məsələlərlə bağlı birgə işçi komissiyaları yaradılmalıdır. Bundan ötrü Paşinyan hökuməti, nəhayət, sülh istəyən erməni xalqından aldığı mandata söykənərək qərarını verməli, qaragüruhu qulaqardı eləməlidir.
*****
Yeri gəlmişkən, İrəvanda rusiyayönlü müxalifətin 5 apreldə təşkil elədiyi anti-Brüssel mitinqi göstərdi ki, Moskvaya bağlı radikal, revanşist və pozucu qüvvələrin cəmiyyətdən dəstəyi zəif olaraq qalır. Mitinqə cəmi 10-12 min adamın (ölkə əhalisinin 2%-dən də azı!) qatılması bunu əyani təsdiq edir.
Başqa yandan, Şarl Mişelin də vurğuladığı kimi, İrəvan və Bakı arasında sülh prosesi özündə 10 noyabr 2020-si il bəyannaməsi, tərəflər arasında Moskvanın vasitəçiliyi ilə imzalanmış digər sənədlərdəki öhdəliklərə sadiqliyi və onların reallaşması vacibliyini ehtiva edir. Eyni zamanda imkanlı təşkilat olaraq Avropa Birliyi həm də tərəflərin ortaq layihələrinə maliyyə dəstəyi vəd edir. Hansı ki, Moskva bu potensialda deyil. Qısası, rəsmi Brüssel əslində həm də Rusiyanın işini görür.
Ən başlıcası, bəllidir ki, bölgədə yeni müharibənin alovlanması Avropa qədər Rusiyanın da marağında deyil. Yeni müharibəni önləmək üçün isə ən əvvəl Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması tezləşməli (bu məqsədlə Azərbaycan və Ermənistan XİN rəhbərlərinə xüsusi tapşırıq verilməsi nəzərdə tutulur), həmçinin sülh prosesi fonunda bölgədə nəqliyyat və kommunikasiyaların açılması təmin edilməli, beləcə, regionda sabitlik və əməkdaşlıq geridönməz xarakter almalıdır. Yalnız o halda müharibə riski gündəmdən tam çıxmış hesab olunacaq.
*****
Bu xüsusda rəsmi Moskvanın Brüssel zirvəsindən narazı qalması və qıcıqlanması üçün əsası yoxdur. Qalır İrəvanın sülh anlaşması yönündə yenə də “nala-mıxa” vurub-vurmayacağı. Lakin Ermənistanın hələ ki şəriksiz yiyəsi olan Rusiya da əgər AB kimi eyni prinsipiallığı göstərsə, o halda kapitulyant ölkənin yenə vaxt uzatmağa heç bir şansı qalmayacaq və Ermənistanı “sülhə məcburetmə əməliyyatı - 2" real məzmun qazanmış olacaq.
Yox, İrəvan faktiki sonuncu şansı da xərcləsə və növbəti dəfə prosesi pozsa, bundan sonra baş verənlər onun əleyhinə işləyəcək və Azərbaycanın qarşısını heç kim ala bilməyəcək. Çünki Bakıya kimsənin irad tutmaq haqqı olmayacaq. Zatən, bu haqq indi də yoxdur. Sadəcə, Azərbaycan həmişəki kimi, səbirlə, addım-addım, yavaş-yavaş, maksimum hərbi gücə əl atmadan öz hədəflərinə çatmaq taktikası yürüdür.
Bu taktika özünü doğrultmaqdadır. Onlardan növbəti birinə də artıq çatmış sayıla bilərik. Söhbət ondan gedir ki, Brüsseldəki yekun anlaşma sənədində nə Azərbaycan Prezidentinin ləğv etdiyi “Dağlıq Qarabağ” adlı ərazi-inzibati vahidindən, nə də İkinci Qarabağ müharibəsindən sonra siyasi-hüquqi statusunu itirmiş üzdəniraq ATƏT-in Minsk Qrupundan bəhs edilir. Hansı təsisatdan ki, İrəvan israrla “status” məsələsini gündəmə daşımaq üçün istifadə eləməyə çalışırdı. Artıq Brüsseldə də əmin oldular ki, bu qurum daha heç nəyə yaramır və buraxıla bilər.
Bu, hər şeydən öncə o anlama gəlir ki, Ermənistan da daxil, hamı Qarabağda qalmış ermənilərin “təhlükəsizlik məsələsi”nin sırf Azərbaycanın daxili işi olması ilə barışır və heç bir “öz müqəddəratı təyinetmə” iddiası qəbul olunmayacaq. Yəni Ermənistan, erməni xalqı səmimi şəkildə sülh, barışıq, inkişaf istəyirsə, ərazi iddiasından birdəfəlik imtina eləməlidir.
*****
Srağagünkü Brüssel sammitinin yekun sənədlərində ölkəmiz üçün vacib olan daha bir məqam əksini tapıb. Belə ki, Avropa Birliyi 1-ci Qarabağ müharibəsi zamanı itkin düşən azərbaycanlıların taleyinin aydınlaşdırılması, minalardan təmizlənmə və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması kimi məsələlərdə Azərbaycana dəstək ifadə edib. Bu, yalnızca humanitar yardım anlamına gəlmir, həm də İrəvana yeni diplomatik təzyiq deməkdir. AB-nin Azərbaycana ərazilərin yenidənqurma və bərpa işlərində yardım etməyə hazır olması isə bu əraziləri təzədən işğal etmək xəyalları ilə yaşayan erməni revanşistlərə və separatçı-quldurlara çox aydın bir mesaj, daha dəqiqi, tərs şillədir. Yəni ki, qatar artıq gedib...“Müsavat”