“Ukraynaya görə bizi...” -İrəvanda Azərbaycanla sülh, yoxsa müharibə davası
Ermənistanın yeni prezidenti: “Qonşularla anlaşmalıyıq, əks halda, məhvə doğru gedəcəyik...”
Yenixeber.org: Ukraynada yaşanan bəşəri faciə sözsüz ki, ən əvvəl Ermənistan kimi dünənin xırda işğalçı ölkələrinə dərs olmalıdır. Rəsmi İrəvan, ermənilər qonşu ölkələrlə, xüsusən ondan qat-qat güclü qonşularla dil tapmağın, dinc-yanaşı yaşamanın, absurd ərazi iddiaları və yeni işğalçılıq planlarından əl çəkməyin öz xalqı üçün nə dərəcədə həyati önəm daşıdığını nəhayət, anlamalıdırlar. Anlayırlarmı?
Əfsus ki, kapitulyant ölkədən gələn xəbərlər təsdiqi cavab üçün yetmir. Əksinə, orada hələ də dünyanın gedişini tərs başa düşüb köhnə havada qalanlar, Azərbaycanı “işğalçı” qismində görənlər (bir ölkə özü-özünə, görəsən, necə təcavüz edə bilər?!), hətta Rusiya kimi bizim ölkəyə qarşı da sanksiyalar tətbiqi xülyası ilə yaşayanlar var.
Doğrudur, srağagün Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib. Sitat: “Gündəlikdə bölgədə kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”.
Lakin diqqət edin, baş nazir sülh müqaviləsini sərhədlərin demarkasiyasından sonraya qoyub. Halbuki bunların bir-birinə dəxli yoxdur. Daha doğrusu, öncə ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyan sülh müqaviləsi imzalamalı, sonra sərhədlərin dəqiqləşməsi prosesinə başlanmalıdır. Necə ki, Gürcüstan və Rusiya ilə bu cür olub. İrəvan isə neçə vaxtdır “atı arabanın arxasına” bağlamağa çalışır. Üstəlik, Azərbaycanla sülh sazişini vaxtaşırı aparıb “artsax” məsələsinə, “öz müqəddəratını təyinetmə”yə bağlayır.
Biz hələ Ermənistandakı qatı revanşist və radikal müxalifəti, onun nəzarətindəki avantürist erməni mediasını demirik. O müxalifət və media ki, günü bu gün də nəinki Şuşanı və Hadrutu, həmçinin DQMV ətrafındakı 7 rayonu heyrətamiz həyasızlıqla “artsaxın işğal edilmiş əraziləri” kimi təqdim eləməyə davam edir. Onlara eybəcər adlar da veriblər.
Təbii ki, Azərbaycanla sülh müqaviləsini istisna edən belə radikal ovqat ictimai rəyə də yansıyır. Erməni toplumunu yeganə düzgün seçimi eləməyə qoymur. Lakin ümid qalır yenə az-çox praqmatik görünməyə səy edən Paşinyan iqtidarının cəsarətli qərarlarına. Hər necə olmasa, 2021-ci ilin parlament seçkilərində erməni xalqı radikal-revanşistləri, faşist-daşnak tör-töküntüləriiə deyil, onun partiyasını qalib edib...
Vaaqn Xaçatryan
Bu arada Ermənistan parlamentində ölkənin yeni prezidentinin seçkisi keçirilib. Bəlli idi ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının yeganə namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan idi. Dünən səsvermənin ilk turunda o, 69 səs toplayıb ki, bu da lazım olan minimum səs sayından (81) az olub. Müxalif “Şərəfim var” və “Hayastan” fraksiyaları prezidentliyə namizədliyin müzakirəsini boykot ediblər. Lakin 2-ci və uzağı 3-vü turda onun prezident seçiləcəyi heç bir şübhə doğurmurdu. Çünki konstitusiyaya görə, 2-ci və 3-cü turda seçilmək üçün müvafiq olaraq 65 və 54 səs kifayətdir. Elə də olub. Vaaqn Xaçatryan 71 səslə ölkənin 5-ci prezidenti seçilib.
Yeni prezidentin seçki öncəsi açıqlaması diqqət çəkir. O hesab edir ki, Ermənistanın hazırkı rəhbərliyinin sülh gündəliyinin alternativi yoxdur. “Ermənistanın müdafiə qabiliyyətli dövlət olması əsas prioritet olaraq qalır. Lakin qonşularla sülh şəraitində yaşamaq lazımdır. Biz yalnız təhlükəsizlik sistemlərimiz işləyəndə, özümüzü təhlükəsiz hiss etdikdə, regionda müharibə təhlükəsi olmayanda, sərhədlər açılanda iqtisadi uğura nail olacağıq”, - Xaçaturyan deyib.
Onun sözlərinə görə, regionda sabitliyin bərqərar olmasına çalışmaq lazımdır. Xaçatryanın fikrincə, dünyada baş verən hadisələr sülhün alternativinin olmadığını nümayiş etdirir: “Ermənistan təcrid olunmamalıdır. Dağlıq Qarabağda 44 günlük müharibə bunun bariz təsdiqidir”.
Paşinyan hakimiyyətinin sülh gündəminə gəlincə, erməni siyasətçinin qənaətincə, o, ölkə üçün başqa inkişaf yolu görmədiyindən bu gündəmi dəstəkləyir. “Biz bütün daxili qorxuları dəf etməli və başa düşməliyik ki, regionumuz əməkdaşlıq platformasına çevrilməlidir. Bütün ölkələrlə mehriban qonşuluq münasibətləri qurmaq lazımdır. Bizim qonşularımız var və onlarla sülh şəraitində yaşamalıyıq. Əgər cəmiyyətdə fərqli ovqat üstündürsə, demək, biz məhvə gedirik”, - deyə o əlavə edib.
Müharibəni yox, sülhü tərcih edən, erməni xalqına tək doğru yolu göstərən rasional bir yanaşma. Qalır onu toplumda dominant edib reallığa çevirmək...
Siyasi şərhçi Armen Ohanseyan isə Armenianreport.com saytındakı məqaləsində Ukrayna böhranı kontekstində yazır: “Ukraynadakı müharibəsi bizim üçün ən azı 3 təhdid yaradır. Birincisi, bütün dünya anlayır ki, bu müharibədə kim təcavüzkar, kim onun qurbanıdır. Biz KTMT hərbi-siyasi blokunda kimin yanındayıq? Rusiyanın. Yəni ədalətsiz müharibə aparan təcavüzkarla eyni bağdayıq. Düzdür, BMT-nin İnsan Haqları Şurasının iclasında Ukrayna məsələsində Ermənistan bitərəf qalıb. Amma bu, çox azdır. Xüsusən ona görə ki, Rusiyanın bizdən gözlədiyi kimi, sənədin ”əleyhinə" səs verməmişik. Sivil dünyanın bizdən gözlədiyi “lehinə” də olmamışıq. Bu da o deməkdir ki, Ukrayna və onun separatçı regionları arasındakı münasibətlər modelindən istifadə edən Azərbaycan Avropada məsələni elə təqdim edəcək ki, Bakıya simpatiya bəsləməyə başlayacaqlar. Azərbaycan deyəcək baxın, Rusiya Ukraynadan torpaq qoparır, Rusiyanın müttəfiqi Ermənistan da Azərbaycandan torpaq tələb edir, Dağlıq Qarabağı zəbt edir".
Müəllifə görə, ikinci təhdid odur ki, Bakı Rusiyanın zəifləməsindən Qarabağ kontekstində yararlana bilər: “Təbii ki, Rusiyanın başqa cəbhə açmaq iqtidarında olmadığını anlayaraq. Və üçüncü təhdid - unutqanlıq faktoru. Məsələ burasındadır ki, Rusiyanın Ukraynada törətdikləri fonunda Azərbaycanın ”özbaşınalığı" (dırnaqlar bizimdir - red.) xırda şey kimi görünəcək. Yəni Kiyev və Xarkovun bombalanması fonunda Azərbaycanın hərəkətləri unudulacaq. Baxın, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dəridən-qabıqdan çıxır ki, Avropa və dünya diplomatlarına bizim mövqeyimizi çatdırsın. Ancaq Avropada müharibənin başlanması fonunda görünən odur ki, bizim problemlərimiz, uzaq Cənubi Qafqazdakı hansısa münaqişə onlar üçün önəmli deyil".
Göründüyü kimi, Ukrayna olayları da Ermənistana Azərbaycanla sülh içində yaşamaqdan savayı yol qoymur, nəinki bu sülhü dalana salacaq və yeni müharibəni qızışdıracaq köhnə, artıq keçilmiş fəlakətli yol.
Sonda onu da əlavə edək ki, hələ uzun müddət ağır sanksiyalar altında qalacaq Rusiyanın artıq Ermənistan ordusunu həm də özünün güzəştli silah kreditləri hesabına bərpası müşkülə çevriləcək. Çünki Rusiya öz hayında olacaq, hayların yox...“Müsavat”