“Bir millət, iki dövlət”i əbədi və sarsılmaz edən -Şuşa Bəyannaməsi
Türkiyə və Azərbaycan parlamentlərinin 15 iyun 2021-ci il tarixli sənədi təsdiqləməsi ortaq əməkdaşlıq üçün yeni üfüqlər açır
Yenixeber.org: Azərbaycan Respublikası Milli Məclisinin qərarından sonra Türkiyə Böyük Millət Məclisi (TBMM) də Şuşa Bəyannaməsini ratifikasiya etdi. Qeyd edək ki, fevralın 1-də, Milli Məclis yaz sessiyasının ilk iclasında “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsinə yekdilliklə səs verdikdən dərhal sonra qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin başqanı Mustafa Şentopun imzası ilə Xarici işlər komissiyasına təqdim olunmuşdu.
AKP İstanbul millət vəkili Akif Çağatay Kılıçın başqanlığı ilə keçirilən toplantıya Xarici işlər nazirinin köməkçisi Yavuz Səlim Kıran da qatılmışdı. Komissiyanın yekdil mövqeyindən sonra isə “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi parlament müzakirəsinə təqdim olunub və lehinə 266 nəfər olmaqla təsdiqlənib.
Beləliklə, hər iki ölkənin qanunverici orqanları 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyiblər. Bununla da Azərbaycan-Türkiyə birliyinin rəsmiləşdiyini söyləmək olar.
Bu arada, deputat Fazil Mustafa maraqlı təkliflə çıxış edib. Musavat.com xəbər verir ki, “Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun gününü bu müttəfiqliyin şərəfinə həm Azərbaycanda, həm də Türkiyədə rəsmi bayram günü olaraq qutlamağı təklif edirəm”, - deyə Fazil Mustafa sosial şəbəkədəki şəxsi səhifəsində qeyd edib. Millət vəkilinin bu təklifini özündə əks etdirən yazılı mətnin tam məzmunu belədir: “Fevralın 1-də Azərbaycan Milli Məclisi Şuşa bəyannaməsini qanuniləşdirmişdi. Fevralın 3-də Türkiyə Böyük Millət Məclisi də Şuşa Bəyannaməsini qəbul etdi. Artıq rəsmən müttəfiqik. Türkiyəyə hücum Azərbaycana, Azərbaycana hücum Türkiyəyə hücum deməkdir. Bu halda bir-birimizin yardımına qoşmaq üçün heç bir hüquqi əngəl qalmadı. Bu, böyük tarixi hadisədir. Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun gününü bu müttəfiqliyin şərəfinə həm Azərbaycanda, həm də Türkiyədə rəsmi bayram günü olaraq qutlamağı təklif edirəm. Bizdə bu tarix Qurtuluş günü kimi rəsmi bayram olaraq qeyd olunur. Həm də Müttəfiqlik və ya Qardaşlıq günü kimi də qeyd edə bilərik. Müttəfiqliyimiz qardaşlığımız kimi əbədidir. Xeyirli olsun!’’
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Milli Məclisdə və Türkiyə Böyük Millət Məclisində Azərbaycanla Türkiyə arasında müttəfiqlik əlaqələrini nəzərdə tutan Şuşa Bəyannaməsinin təsdiqlənməsinə münasibət bildirib. “Report” xəbər verir ki, o bu barədə tviter səhifəsində yazıb. “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, - o bildirib. Yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Cənab Ərdoğan isə Türkiyənin Şuşada Baş konsulluq açacağını bəyan edib. Ümumilikdə bu sənəd Azərbaycana hər hansı dövlət tərəfindən hərbi aqressiya olarsa, Türkiyənin açıq və leqal şəkildə ölkəmizə hərbi dəstək verməsini şərtləndirir. Həmçinin Azərbaycan da Türkiyəyə qarşı hər hansı aqressiya olarsa, bu sənəddən çıxış edərək, öz dəstəyini ifadə edə bilər.
Qars Müqaviləsinə görə, Azərbaycanın Naxçıvan bölgəsinin təhlükəsizliyinin qarantı olan Türkiyə Şuşa Bəyannaməsi ilə bütün Azərbaycanın təhlükəsizliyinin təminatçısı statusunda çıxış etmiş olur, bu da Ermənistana və havadarlarına ciddi xəbərdarlıqdır. Eyni zamanda Azərbaycan NATO-nun qüdrətli dövlətinin yanında olacaq hər zaman. Bəyannamədə qeyd olunur: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Şuşa Bəyannaməsinin təsdiqləndiyi günlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Ankara səfəri də diqqət çəkdi. Ekspertlər prezident Ərdoğan tərəfindən qəbul edilən Z.Həsənovun səfərini təsadüfi hesab etmir. “İki qardaş ölkə arasında müttəfiqlik münasibətləri rəsmən ən yüksək səviyyəyə çatdı” deyə bilərik. Sənədin hər iki ölkə parlamentində təsdiqlənməsi Ermənistanın cığal və destruktiv mövqeyində ciddi düzəlişlərə səbəb olacaq. Artıq Ermənistan Türkiyə-Azərbaycan birliyinin gerçəkləri ilə üzə-üzə qaldı. Ona nə Qərb kömək edə biləcək, nə Rusiya qucaq açacaq, nə xaricdəki erməni lobbisi yardıma yüyürə biləcək. Məşhur filmdə deyildiyi kimi, “mahnı və zarafat bitdi”. Ermənistan gerçəklərlə baş-başa qaldı.
Türkiyə prezidenti son aylar bir neçə dəfə deyib ki, Ermənistanla o vaxt sərhədləri açacaqlar, münasibətləri düzəldəcəklər ki, Azərbaycana qarşı torpaq iddiasından əl götürəcək və Zəngəzur dəhlizinin açılmasında cığal mövqedən geri duracaq. Artıq dəhlizlə bağlı Ermənistan tərəfin müəyyən addımlar atdığı məlumdur. Qalır Qarabağın dağlıq hissəsindən terrorçu silahlı dəstələri yığışdırmaq. Onun da şahidi olacağıq yaxınlarda...
Akif Nağı
QAT sədri Akif Nağı da “Yeni Müsavat”a açıqlamasında Şuşa Bəyannaməsinin təsdiqlənməsini tarixi hadisə adlandırdı: “Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə parlamentlərində ratifikasiya olunması iki qardaş ölkənin müttəfiqlik münasibətlərinin bir daha nümayiş etdirilməsi, təkcə Ermənistana və Rusiyaya deyil, dünyaya niyyətlərimizlə bağlı ciddi mesaj oldu. Sənədin adı, yəni ”müttəfliqlik" ifadəsi çox şeyi deyir. Sənədin içərisindəki bütün müddəlar vacibdir, xüsusi olaraq tərəflərdən hər hansı birinin müdaxiləyə məruz qalacağı təqdirdə tərəflərin məsləhətləşməsinə dair müddəa daha əhəmiyyətlidir".
A.Nağı hesab edir ki, bu, açıq şəkildə hərbi dəstəyə işarədir: “Görünür, Türkiyənin NATO üzvlüyü bundan artıq ifadə işlətməyə imkan vermir. Proseslər düzgün istiqamətdə gedir, Azərbaycan Türkiyə ilə birlikdə regionda əldə olunmuş nəticələri möhkəmlətməklə məşğuldur. Bu gücün qarşısında heç kəs, o cümlədən Ermənistan dayana bilməyəcək. İndi əsas məsələ Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaqdır. Eyni zamanda paralel olaraq erməni silahlı dəstələri regionda tam tərksilah edilməlidir. Təbii ki, bunu Azərbaycan və Türkiyə rəhbərliyi başa düşür və bu istiqamətdə addımlar atır. İnanırıq ki, bu işlərin nəticəsi özünü çox gözlətməyəcək”.
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Türkiyə artıq Avrasiya və Avropa siyasi mənzərəsində danılmaz tandem qazanıblar: “Şuşa Bəyannaməsi təkcə iki ölkə arasındakı strateji müttəfiqlik sazişi deyil. Bu bəyannamənin mühüm əhəmiyyəti var. Əvvəla, Bəyannamə uzun illərdən sonra real olaraq iki ölkənin bir-birinin ərazi bütövlüyünə rəsmi səviyyədə qarant olduğunu göstərir. Bu gün KTMT, NATO kimi hərbi bloklar səviyyəsində bəyannamə xarakterli sazişlər olsa da praktiki baxımdan özünü doğrultmur. Ona görə Şuşa Bəyannaməsi həm də dünya politologiya irsi üçün də tədqiq ediləsi mühüm sənəddir. Bəyannamə Azərbaycan və Türkiyənin hüquqlarını təsbit etməklə yanaşı, beynəlxalq hüquqa da əvəzedilməz töhfə vermiş olur. Əgər Bəyannaməyə qısqanclıqla yanaşılıb provokativ şərhlər edilməsə, qlobal təşkilatlar da yaxşı anlayar ki, Şuşa Bəyannaməsi hansısa başqa ölkələrə qarşı yönəlməyib, iki ölkənin beynəlxalq hüquqi təhlükəsizliyində bir-birinə yardımı nəzərdə tutur.
Bu günə qədər Azərbaycan torpaqlarının işğalına, Xocalı qətliamına səssiz qalan, Türkiyəni Aİ-yə üzv etməmək üçün dəridən-qabıqdan çıxan Paşinyanın “dayıları” (“Sorosun uşaqları”) və digər imperialist dairələrin təhriklərinə, erməni terrorunun gələcək müdaxilələrinə qarşı Şuşa Bəyannaməsi bir müqavimət səddi yaratmış olacaq”.
T.İsmayılov vurğuladı ki, Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin leqal sənədidir: “Bəyannamə hüquqi çərçivədə hər iki ölkə üzərinə müəyyən məsuliyyətlər qoyur. Bundan sonra bu məsuliyyət həm də bölgənin təhlükəsizliyinə, rifahına qarant vermiş olacaq. Enerji təhlükəsizliyi baxımdan isə beynəlxalq əhəmiyyətli sənəddir Şuşa Bəyannaməsi. Eyni zamanda Azərbaycan və Türkiyənin hərbi müttəfiqliyi fonunda Zakir Həsənovun Türkiyə səfəri də xüsusi əhəmiyyətə malikdir. Şuşa Bəyannaməsi ilə hərbi sahədə və müdafiə sənayesində ortaq addımların fəaliyyət sferaları daha da genişlənəcək. Gələcəkdə Azərbaycanda ortaq PUA zavodunun tikintisi, ortaq silah istehsalı və başqa sahələrdə də addımlar atıla bilər. Qarabağdan terroçular çıxarılmasa, Şuşa Bəyannaməsi əsasında gələcəkdə Türkiyə də terrorçulara əks-hücum əməliyyatlarına qatıla bilər”.
Qarşıda prosedura uyğun olaraq liderlərin qəbul edilmiş sənədi imzalaması var. Şuşada imzalanmış tarixi sənədin faydalarını isə millətimiz daim görəcək, hiss edəcək. Dövlətimiz və millətimiz üçün xeyirli-uğurlu olsun, inşallah! “Müsavat”