Ərdoğan Ukraynanı xilas edir:Həm ABŞ və NATO, həm də Rusiya Türkiyəyə möhtacdır
Rəsmi Ankara yeni savaş poliqonuna çevrilmə təhlükəsi qarşısında olan Ukraynanın xarici hərbi müdaxilədən yayındırılmasına böyük önəm verir; Çoxvektorlu manevr imkanlarına malik Türkiyə həm ABŞ-Rusiya, həm NATO-Rusiya, həm də Ukrayna-Rusiya təmaslarına eyni vaxtda vasitəçilik edə biləcək yeganə dövlətdir…
Yenixeber.org: Beynəlxalq siyasət məkanında qarşıdurma mühiti dərinləşməyə başlayıb. Hətta yaxın vaxtlarda bəşəriyyətin növbəti qlobal müharibə ilə qarşılaşa biləcəyi də qətiyyən istisna olunmur. Və bu ehtimalın getdikcə daha inandırıcı görüntülər alması isə dünya dövlətləri arasında narahatlıq doğurmaqdadır.
Təbii ki, hazırda beynəlxalq qarşıdurma məkanı üçün əsas “düyün nöqtəsi” məhz Ukrayna böhranı hesab olunur. Belə ki, indi ABŞ və NATO Rusiya ilə qarşıdurma prosesinin ağırlıq mərkəzini tamamilə Ukrayna coğrafiyasi ətrafına keçirib. Hər iki tərəf Ukraynaya nəzarət uğrunda amansız və güzəştsiz mübarizə aparmaq niyyətində olduğunu qətiyyən gizlətmir.
Bir müddət öncə keçirilmiş NATO-Rusiya danışıqları uğursuz nəticələr ilə ilə diqqəti çəkdi. Qarşıduran tərəflər heç bir məsələdə anlaşa bilmədilər. ABŞ və NATO Rusiyaya təhlükəsizlik təminatı verməkdən açıq-aşkar imtina etdi. Üstəlik, Ukraynanın NATO-ya üzv qəbul ediləcəyini birmənalı şəkildə bəyanladı.
Bunun qarşılığında Kreml Rusiyanın milli təhlükəsizlik maraqlarına yaranacaq istənilən problemə müqavimət göstərməyə hazır olduğunu vurğuladı. NATO-nun Rusiyaya qarşı bütün hərbi addımlarına adekvat reaksiya veriləcəyini bildirdi. Üstəlik, NATO-ya qəbul edilməsi ilə bağlı məsələ ciddiləşərsə, Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi barədə də Kreml tərəfindən ultimatum verildi. Və Rusiyanın NATO ilə hərbi toqquşma ehtimalından qətiyyən çəkinmədiyi qabardıldı.
Yəni, belə anlaşılır ki, ABŞ və NATO ilə Rusiya arasında savaş təhlükəsi kifayət qədər ciddi xarakter daşıyır. Ancaq ABŞ və NATO-nun Rusiya ilə açıq savaşa girmək niyyəti müəyyən mənada, şübhə doğurur. Böyük ehtimalla nə ABŞ-ın, nə də NATO-nun Rusiya ilə müharibəyə başlamağa elə bir ciddi həvəsi yoxdur.
Hazırda daha çox hərbi-siyasi təzyiqlərlə, hətta təhdidlərlə Rusiyanın geri çəkilməsi, öz sərhədləri içərisinə qapılması hədəflənir. Hesab edilir ki, öz sərhədləri içərisnə həbs olunmuş Rusiya dünya üçün daha təhlükəsiz dövlətə çevrilə bilər. Və Kreml Rusiyanın belə faciəvi şəkildə kiçildilməsinə qarşı əlindəki bütün hərbi-siyasi potensialı işə salmaqla, müqavimət göstərməyə çalışır.
Maraqlıdır ki, mövcud situasiyada Türkiyə ABŞ və NATO-nun Rusiya ilə amansız hərbi-siyasi qarşıdurmasında “açar dövlətə” çevrilmə şansına sahibdir. Çünki rəsmi Ankaranın həm ABŞ və NATO, həm də Rusiya ilə xüsusi münasibətləri var. Üstəlik, rəsmi Ankara Ukrayna ilə də yaxın əlaqələrə sahibdir. Və bu, mövcud situasiyanın nizamlanması baxımından Türkiyənin əhəmiyyətini daha da artırır.
Məsələ ondadır ki, Türkiyə NATO üzvü olduğundan ABŞ rəsmi Ankaradan Rusiya ilə qarşıdurmada açıq dəstək gözləyir. Hətta rəsmi Ankaraya indiyə qədər Ağ Evlə qarşıdurmaya səbəb olmuş bəzi prinsipial məsələlərdə güzəşt belə, təklif olunur. Xüsusilə də, Ağ Ev Türkiyə ilə yaşanan “F-35 böhranı”nı rəsmi Ankaranı məmnun edəcək məzmunda həllini vəd edir. Və bütün bunların qarşılığında Türkiyənin Rusiya-NATO qarşıdurmasında tərəfini müəyyən etməli olduğuna eyham vurur.
Onu da qeyd etmək lazımdır ki, Rusiyanın da Türkiyədən müəyyən gözləntiləri olmamış deyil. Kreml rəsmi Ankaranı özünün siyasi-iqtisadi tərəfdaşı kimi qəbul etdiyinə eyham vurur. Türkiyənin Rusiyaya təhlükəsizlik təminatı verilməsi məsələsinə NATO-da olan təsir imkanları ilə fərqli istiqamət verə biləcəyini düşünür.
Üstəlik, Kreml rəsmi Ankaradan beynəlxalq hüquq normaları ilə sahib olduğu səlahiyyətlərdən yararlanaraq, ABŞ və NATO hərbi gəmilərinin Qara dəniz hövzəsinə girişinə qadağa qoymasını da istəyir. Yəni, Rusiya müəyyən mənada, Türkiyədən Ukraynanın Qara dəniz istiqmətindən blokadaya alınmasına dəstək gözləyir. Və təbii ki, bütün bunlar Kremlin rəsmi Ankara ilə mövcud münasibətlərə maksimalist mövqedən yanaşmasının təzahürüdür.
Ancaq rəsmi Ankara hazırda nə ABŞ və NATO-nun, nə də Rusiyanın Türkiyəyə yönəlik gözləntilərini qarşılamağa qətiyyən həvəsli deyil. Hazırda rəsmi Ankara qarşıduran tərəflər arasında dəstək balansını qorumağa, daha doğrusu, neytral mövqe tutmağa üstünlük verir. Və bu, Türkiyənin milli maraqlarının qorunması ehtiyacı ilə izah edilir.
Məsələ ondadır ki, Türkiyənin Ukraynada tamamilə fərqli maraqları mövcuddur. Rəsmi Ankara Ukraynanı Türkiyəyə dost ölkə hesab etməklə yanaşı, həm də önəmli iqtisadi-ticari tərəfdaş kimi qəbul edir. Xüsusilə də Türkiyə-Ukrayna münasibətlərində hərbi ticarət sahəsində əldə olunmuş anlaşmalar xüsusi əhəmiyyət daşıyır.
Nəzərə almaq lazımdır ki, Ukrayna Türkiyə hərbi-sənaye kompleksinin istehsal etdiyi müasir döyüş texnikasının, xüsusilə də, “Bayraktar TB2” PUA-larının əsas müştəriləri sırasında yer tutur. Hətta Ukraynada “Bayraktar TB2” PUA-larının istehsalı ilə bağlı ortaq hərbi müəssisənin yaradılmasına da artıq başlanılıb. Və bu anlaşmalar hər iki tərəfin iqtisadi-ticari, eləcə də, hərbi təhlükəsizlik maraqlarına cavab verir.
Digər tərəfdən, Ukrayna Türkiyənin istehsal etməyə hazırlaşdığı yeni nəsil döyüş təyyarələri üçün böyük əhəmiyyət daşıyan mühərrik probleminin həllinə yardım göstərə bilər. Bu problemin həlli mümkün olarsa, yaxın gələcəkdə Türkiyə savaş aviasiyası sahəsində dünyanın avanqard ölkələri sırasına daxil olmaq şansı da qazana bilər. Və bütün bunları nəzərə aldıqda, rəsmi Ankara Ukraynanın dünya nəhənglərinin hərbi poliqonuna çevrilməsində qətiyyən maraqlı görünmür.
Belə anlaşılır ki, Ukrayna ətrafında mövcud olan indiki hərbi qarşıdurma Türkiyəyə qətiyyən sərfəli deyil. Rəsmi Ankara bir tərəfdən ABŞ və NATO ilə Türkiyənin müttəfiqlik münasibətlərinin tamamilə korlanmasını istəmir. Digər tərəfdən, Türkiyə Rusiya ilə iqtisadi-ticari tərəfdaşlığının pozulmasına da qətiyyən həvəsli deyil. Nəhayət, yeni savaş poliqonuna çevrilmə təhlükəsi qarşısında olan Ukraynanın xarici hərbi müdaxilədən yayındırılmasına da böyük önəm verir.
Ona görə də, hazırda rəsmi Ankara Türkiyə üçün həm ABŞ və NATO-nun, həm də Rusiyanın gözləntilərindən fərqli missiya planlaşdırmağa çalışır. Belə ki, rəsmi Ankara siyasi-diplomatik kanallarla ABŞ və NATO-ya Rusiya ilə danışıqlarda Türkiyənin vasitəçiliyini təklif edir. Hazırda birbaşa təmaslar böyük uğursuzluq ilə nəticələndiyindən ABŞ və NATO-nun Türkiyə tərəfindən yürüdülən vasitəçilik missiyasına ehtiyac duya bilər.
Təbii ki, Rusiya üçün təhlükəsizlik təminatının verilməsində israrlı olan Kreml də Türkiyənin vasitəçilik missiyasına güvənmək məcburiyyətindədir. Ən azından ona görə ki, rəsmi Ankara çoxvektorlu vasitəçilik imkanlarına malikdir. Yəni Türkiyə həm ABŞ-Rusiya, həm NATO-Rusiya, həm də Ukrayna-Rusiya təmaslarına vasitəçilik edə biləcək ən real namizəddir. Və Türkiyədən daha uğurlu vasitəçinin tapılması artıq savaş təhlükəsi ilə üz-üzə olan qarşıdurma tərəfləri üçün o qədər də asan olmayacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert