Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə Ukraynanı dəstəklədi, Rusiyanı isə fakt qarşısında qoydu: Yeni situasiya yarana bilər

 

 Rəsmi Ankara Kremlə növbəti dəfə Türkiyənin istənilən vaxt fərqli hərbi-siyasi manevrlər etmək potensialının mövcud olduğu mesajını verdi; Rusiya Türkiyənin milli maraqları olan məkanlarda daha həssas davranmalı olacaq…

Yenixeber.org: Ukrayna ətrafında gərginlik artaraq, davam edir. Donbas böhranı Rusiya və Ukrayna arasında savaş ehtimalını ən yüksək səviyyəyə çatdırıb. Və yaxın vaxtlarda gərginliyin azala biləcəyi hələlik o qədər də inandırıcı görünmür.

Rusiya davamlı olaraq, Donbas bölgəsi ətrafına canlı qüvvə və hərbi texnika cəmləşdirir. Hətta bu bölgəyə Rusiya hərbi qüvvələrinin girməsi barədə də ilkin məlumatlar var. Bu, savaş təhlükəsinin reallığa yaxın olduğunu göstərir.

Digər tərəfdən, Ukrayna da bölgədə hərbi fəallığını artırıb. Ukrayna qoşunlarının Donbas ətrafında döyüş hazırlığı vəziyyətində olduğu bildirilir. Ukrayna PUA-ları Donbas üzərində kəşfiyyat uçuşları keçirməklə qarşı tərəfin döyüş mövqelərini dəqiqləşdirməyə başlayıb.

Ancaq bütün bunlar rəsmi Kiyevin Ukraynanın ərazi bütövlüyünü təmin etməyə tam hazır olmasını düşünmək üçün hələlik yetərli deyil. Çünki savaş başlayarsa, Ukrayna ordusu sadəcə, Donbas separatçıları ilə deyil, məhz Rusiyanın hərbi qüvvələriylə silahlı toqquşmalara girmək məcburiyyətində qalacaq. Və belə bir savaşdan Ukrayna ordusunun qələbə ilə çıxmaq şansları o qədər də ümidverici deyil.

Atılacaq hər hansı yanlış addım Ukrayna üçün baha başa gələ bilər. Çünki Rusiya Donbas ətrafında baş verənlərə müşahidəçi qalmayacağını, dərhal müdaxilə edəcəyini gizlətmir. Əsas bəhanə isə bölgədə yaşayan rusların böyük əksəriyyətinin Rusiya pasportu daşıması ilə bağlıdır. Kreml Rusiya vətəndaşlarını qoruyacağını iddia edir və Ukraynanı cəzalandıraraq, “yeni sərhədlər” mesajı verir.

Belə vəziyyətdə Rusiyanı əngəlləyə biləcək faktorların yetərli olmaması rəsmi Kiyev üçün əsas problemlərin sırasında ön planda yer alır. Hər halda, ABŞ və Qərbin, eləcə də, NATO-nun Ukraynaya vəd olunan dəstəyi hələlik sadəcə, Rusiyaya qarşı siyasi ittihamlardan, qınaq bəyanatlardan uzağa getmir. Savaşın başlayacağı təqdirdə, Ukraynaya əməli dəstəyin olacağına isə hələlik tam təminat yoxdur. Və bu, rəsmi Kiyevi tərəddüdlər içərisində buraxmaqdadır.

Ancaq rəsmi Kiyev güvənli dəstək axtarışını da davam etdirir. Ukraynanın bu baxımdan, Türkiyədən gözləntisi böyük maraq doğurur. Hər halda, Türkiyə və Ukrayna arasında olan münasibətlər rəsmi Kiyevi belə bir gözlənti içərisində saxlayır.

Əlbəttə ki, Ukrayna rəsmi Ankaradan Türkiyənin Azərbaycana verdiyi dəstəyin bənzərini umur. Halbuki, indiki situasiyada bu, o qədər də reallığa yaxın ümid qaynağı sayıla bilməz. Çünki oxşar faktorlar mövcud olsa da, fərqli amillər daha ağır basır.

Məsələ ondadır ki, II Qarabağ savaşında Azərbaycanın birbaşa Rusiya ilə silahlı toqquşma ehtimalı yox idi. Rəsmi Ankara Azərbaycanı dəstəkləməklə, Rusiyanın neytral qalmasına çalışırdı. Burada Türkiyənin son illərdə Rusiya ilə yüksələn tərəfdaşlıq münasibətləri də xüsusi rol oynayırdı.

Ancaq Donbas böhranı ilə bağlı situasiya bu baxımdan, ciddi şəkildə fərqlənir. Belə ki, Rusiya Donbas ətrafında yaranmış qarşıdurmada birbaşa iştirakçı roluna iddialıdır və geri çəkilmək niyyətində olmadığını sezdirir.

Deməli, Kreml ilə yüksək səviyyədə münasibətləri olan rəsmi Ankara Ukraynaya Azərbaycana verilən dəstəyi vəd etməyə həvəsli olmaz. Bu, Türkiyənin maraqlarına da müəyyən problemlər yarada biləcək addım olardı.

Bütün bunlara baxmayaraq, rəsmi Ankara mövqeyində ardıcıl olduğunu da artıq sübut edib. Hər halda, Türkiyənin Ukraynaya verdiyi dəstək ABŞ və Qərbin rəsmi Kiyevə vədlərindən daha güclüdür. Türkiyə Ukrayna ilə hərbi sahədə əməkdaşlıq edir. Ukraynaya II Qarabağ savaşında həlledici hərbi faktorların sırasında yer alan müasir “Bayraktar TB2” PUA-ları satıb. Və rəsmi Kiyev Rusiyanın köhnəlmiş hərbi texnikası qarşısında məhz bu PUA-lara güvənir.

Təbii ki, rəsmi Kiyev bundan artığına da ümid edir. Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə son səfəri zamanı da bu, açıq-aşkar nəzərə çarpdı. Və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün bu, siyasi labirintə bənzər situasiya yaratmaqdaydı.

Məsələ ondadır ki, Ukrayna prezidentinin umduğu səviyyədə dəstək Türkiyənin Rusiya ilə strateji səviyyəyə yaxınlaşmış tərəfdaşlığını zədələyə bilərdi. Halbuki, Türkiyənin hazırda Rusiya ilə önəmli ortaq geopolitik, geoiqtisadi maraqları mövcuddur. Və həmin maraqların təhlükə altına düşməsi Türkiyə üçün qətiyyən sərfəli deyil.

Digər tərəfdən, prezident V.Zelenskinin Ankaradan tamamilə əliboş göndərilməsi də rəsmi Ankara üçün strateji itki xarakteri daşıya bilərdi. Hər halda, Ukrayna Türkiyənin beynəlxalq tərəfdaşlarından biridir. İki ölkə arasında Qara dəniz hövzəsində əməkdaşlıq və hərbi ticarət əlaqələri mövcuddur.

Ancaq prezident Rəcəb Tayyib Ərdoğan bu qəliz situasiyadan böyük ustalıqla çıxa bildi. Belə ki, o, Türkiyənin Krım yarımadasının ilhaqına qarşı olduğunu növbəti dəfə təkrarladı. Təbii ki, Ukrayna prezidenti bundan məmnun qaldı. Eyni zamanda, Rusiya da böyük narahatlıq keçirmədi. Çünki rəsmi Ankaranın bu mövqeyi Kreml üçün qətiyyən yeni deyil.

Digər tərəfdən, prezident R.T.Ərdoğan Donbass məsələsinə də hər iki tərəfi də qane edəcək mövqedən yanaşdı. Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və Donbass bölgəsinin beynəlxalq hüquqa görə, bu ölkəyə aid olduğunu vurğuladı. Və Türkiyənin bu mövqeyi şübhəsiz ki, rəsmi Kiyev üçün prinsipial əhəmiyyət daşıyır.

Ancaq Türkiyə prezidenti Donbass böhranın həllinə münasibətdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə eyni mövqedə dayanmadı. Rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsinin həllində bütün yolları, xüsusilə də, hərbi variantı mümkün sayırdı və dəstəkləyirdi.

Ancaq Donbas böhranının birmənalı şəkildə hərbi faktorların iştirakı olmadan, sülh danışıqları yolu ilə həll edilməsinin vacibliyini vurğuladı. Yəni, rəsmi Ankara Ukrayna və Rusiya arasında baş verə biləcək hərbi qarşıdurmada tərəf olmağa həvəs göstərmədiyinə eyham vurdu.

Təbii ki, prezident R.T.Ərdoğanın bu mövqeyi Rusiya tərəfindən məmnunluq ilə qarşılana bilər. Hər halda, hərbi toqquşmalar ehtimalında Rusiya Türkiyə ilə problem yaşamaq məcburiyyətində qalmayacağından əmin oldu. Rusiya prezidenti Vladimir Putinin Ukrayna liderinin Türkiyəyə səfərindən öncə prezident R.T.Ərdoğana zəng etməsi də Kremlin bu məsələdə narahatlığından xəbər verirdi.

Düzdür, telefon danışığı üçün Ermənistan baş naziri Nikol Paşinyan ilə Moskvada olan müzakirələr barədə məlumat vermək niyyəti bəhanə edilmişdi. Ancaq əsas müzakirə mövzusunun məhz Donbass böhranı olduğu da qətiyyən şübhə doğurmur.

Göründüyü kimi, rəsmi Ankara növbəti dəfə uğurlu diplomatik gedişlə MDB məkanında Türkiyənin təsir gücünü qorumağa nail ola bildi. Eyni zamanda, rəsmi Kiyev üçün Ukraynaya sadəcə, vədlər verməkdən uzağa gedə bilməyən ABŞ və NATO-dan daha faydalı tərəfdaş olduğunu sübut etdi.

Məsələ ondadır ki, iki ölkə prezidenti arasında əldə olunan razılaşmaya görə, Türkiyə və Ukrayna arasında hərbi ticarət əməkdaşlığı davam edəcək. Ukrayna Türkiyədən yenə də müasir silahlar alacaq. Və bu, Ukrayna üçün ən uyğun silah tədarükü qaynağı rolunu oynayır.

Digər tərəfdən, rəsmi Ankara Ukraynanın NATO-ya üzvlüyü dəstəklədiyini bəyanatladı. Üstəlik, NATO-nun Ukraynaya üzvlük üçün Fəaliyyət Planı təqdim etməli olduğunu vurğuladı. Bununla da, ABŞ və Qərbin, eləcə də, NATO-nun indiyə qədər Ukraynaya sadəcə, vədlər verməklə kifayətləndiyinə eyham vurmuş oldu.

Ancaq iki ölkə prezidentlərinin görüşündə Rusiyanı narahat edə biləcək bir addım hər halda, atıldı. Belə ki, Türkiyə prezidenti R.T.Ərdoğan Ukrayna liderinin yayda keçiriləcək “Krım platforması”na qatılma təklifini geri çevirmədi. Həmin yüksək səviyyəli toplantıda mütləq iştirak edəcəyini vurğuladı. Və Rusiyanın sərt reaksiya göstərdiyi bu toplantıya qatılma vədi iki məqamla izah edilə bilər.

Böyük ehtimalla rəsmi Ankara bu addımını Ukrayna prezidentinin birbaşa dəvətini geri çevirməyin qeyri-etikliyi ilə izah edə bilər. Digər tərəfdən isə bu addımla Kremlə növbəti dəfə Türkiyənin istənilən vaxt fərqli hərbi-siyasi manevrlər etmək potensialının mövcud olduğu mesajı verildi. Yəni, Rusiya Türkiyənin milli maraqları olan məkanlarda daha həssas davranmalıdır.

Bütün bunlar onu göstərir ki, Türkiyənin Ukrayna ilə bağlı qəti qərar verməsi o qədər də asan deyil. Rəsmi Ankaranın hər iki ölkə ilə çox yaxın münasibətləri mövcuddur. Və bu ölkələrin heç birisi ilə münasibətlərin zədələnməsinə həvəsli deyil.

Ona görə də, Türkiyə həm Ukraynanı dəstəklədi, həm də Rusiyanı öz təsir gücü ilə bağlı fakt qarşısında buraxdı. Yəni, istənilən halda, rəsmi Ankara “odla su arasında qalmaq” kimi də dəyərləndirilə biləcək bu vəziyyətdən siyasi-diplomatik manevrlər ilə çıxmağı bacardı. Ancaq Rusiya və Ukrayna arasında hərbi toqquşmalar baş verərsə, indiki situasiyanın ciddi şəkildə dəyişə biləcəyi də qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam