Güclü hər zaman haqlı deyil -Türkiyədən on dövlətə daha bir dərs
Dövlətin müstəqilliyi hər an qorunur. Əks halda onun mövcudluğu uzun sürməz. Qorunan yalnız ərazi bütövlüyü deyil. Ölkənin sərhədinin pozulmasının qarşısının alınması nə dərəcədə əhəmiyyətlidirsə, suveren hüquqların qorunması da o qədər önəmlidir. Hər iki halda dövlətin təhlükəsizliyi təhdid edilir. Suveren hüquqları tapdanan dövlətin perspektivdə ərazi bütövlüyünün pozulmasına zəmin olur.
Yenixeber.org: Türkiyə və Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini qoruyur. Azərbaycan ərazi bütövlüyünün bərpası və suveren hüquqları uğrunda 30 il mübarizə aparıb, bu istiqamətdə də fəaliyyəti davam edir. Azərbaycan və Türkiyə bu məsələlərdə də bir-birinə dəstək verir, hüquqlarının tapdanmasının qarşısını alırlar. Azərbaycan həmişə Türkiyənin ərazi bütövlüyünü pozmağa cəh göstərənlərə qarşı mübarizə aparıb. Türkiyə də Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı rəsmi Bakıya hərtərəfli dəstək verib.
Sovetlərin tərkibində qalmaqla qapalı əyalətə çevrilən bir ərazi olan Azərbaycan indi dünyaya açılır. Türkiyə bu istiqamətdə çox yardım edir. Bu baxımdan iki dövlət arasındakı münasibət, əlaqə və əməkdaşlıq Azərbaycanın modernləşməsinə də təkan verir. Bu, artıq çoxdan təsdiqlənib. Buna örnək olaraq 44 günlük Vətən müharibəsi zamanı Türkiyə ilə Azərbaycan arasındakı əlaqəni göstərmək kifayət edər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana səfər edib. Bu, cari ildə onun Azərbaycana üçüncü səfəridir. Türkiyə Prezidentinin hər səfəri Azərbaycan üçün dəstəkdir. Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Rəcəb Tayyib Ərdoğanın müxtəlif təntənəli tədbirlərdə birlikdə iştirak etməsi bir ənənə olub. Bu həm də iki ölkənin birliyinin simvoludur. Xatırladaq ki, Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda tikilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər.
İki ölkə arasında bu kimi əlaqələr regional və qlobal əməkdaşlığa, təhlükəsizliyə yardım edir. Azərbaycanla Türkiyənin Cənub Qafqazdakı əməkdaşlığına regional və bölgənin inkişafında maraqlı olan başqa dövlətlər də qoşulur, yaxud qoşula bilər. Azərbaycan-Türkiyə münasibəti həm də iki dövlətin bir-birinin suveren hüquqlarına, ərazi bütövlüyünə hörmət edilməsinə nümunədir. Bu əlaqələr isbatlayır ki, dövlətlərin bir-birinə qarşılıqlı hörməti əsasında daha böyük uğur əldə etmək olar. Ankara və Bakı rəsmiləri çıxışlarında daima bildirirlər ki, Azərbaycanın suverenliyi, qüdrətli olması Türkiyənin, Türkiyənin suverenliyi, qüdrətli olması isə Azərbaycanın suverenliyi və qüdrətli olmasıdır. Azərbaycan və Türkiyə cəmiyyətləri də bir-birinə belə yanaşır.
Türkiyə Cümhurriyyəti yarandığı gündən öz ərazi bütövlüyünü qoruyub, beynəlxalq hüquq və normalar çərçivəsində suverenliyinə hörmət edilməsini istəyib. Uzun illərdir regionda yaranan vəziyyət ölkənin təhlükəsizliyini təhdid edir. Qonşu dövlətlərdə fəaliyyət göstərən terrorçular davamlı olaraq Türkiyənin ərazi bütövlüyü və təhlükəsiziyi üçün təhdid mənbəyinə çevrilib. Bu, azmış kimi, terrorçuları dəstəkləyən Türkiyənin daxili işlərinə də qarışırlar.
Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveçin Türkiyədəki səfirlərinin 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən Osman Kavalanın məhkəməsi ilə bağlı sosial şəbəkələrdə yaydıqları açıqlamalara görə arzuolunmaz şəxs elan edilməsi barədə tapşırıq vermişdi. O bildirmişdi ki, titulundan asılı olmayaraq, Türkiyənin müstəqilliyinə, millətin həssaslığına hörmət etməyən heç kim bu ölkədə yaşaya, fəaliyyət göstərə bilməz”.
Xatırladaq ki, Osman Kavala Gəzi Parkı hadisələri, Fətullahçı Terror Təşkilatının (FETÖ) 17-25 dekabr sui-qəsdləri və 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaq çərçivəsində 2017-ci il noyabrın 1-də həbs edilib. O, "Gəzi" terror təşkilatının meneceri və təşkilatçısı olmaqda ittiham olunub. O.Kavala 2019-cu ildə keçirilən məhkəmədə verilən ittihamlardan bəraət qazanıb, amma sərbəst buraxıldıqdan dərhal sonra yenidən həbs edilib və bu dəfə onun işi çevriliş cəhdilə əlaqədar başqa ittihamlarla birləşdirilib. Sonda məhkəmənin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Türkiyə liderinin bəyanatı və Xarici İşlər Nazirliyinin fəaliyyəti nəticəsində adıçəkilən dövlətlərin səfirləri geri addım ataraq Vyana Konvensiyasına əməl edəcəklərini bildiriblər. Bu səfirlərin 7-si NATO-da Türkiyənin strateji müttəfiqidir. Qeyd edək ki, diplomatik missiyaların fəaliyyəti ilə bağlı 1961-ci ildə imzalanan və 1964-cü ildən qüvvədə olan 53 maddəlik Vyana Konvensiyasının 41-ci maddəsinə əsasən, dövlətlərin suverenliyinə və müstəqilliyinə xələl gətirmədən, imtiyaz və immunitetlərdən istifadə edən hər bir səfir qarşı tərəfin qanun və qaydalarına əməl etməlidir. Səfirlərin vəzifəsi dövlətin daxili işlərinə qarışmamaqdır. Bu, müstəqil ölkələr arasında diplomatik münasibətlər üçün bir çərçivə müəyyənləşdirir. Kovensiya müasir beynəlxalq münasibətlərin təməl daşı sayılır. Bu sənədi 192 dövlət qəbul edib. Səfirlərin əsasən səlahiyyətləri daxilində öz dövlətlərini təmsil etmək, ölkələrin xarici siyasi kursunu səlahiyyətləri daxilində həyata keçirmək, qəbul edən dövlətlə iqtisadi, sosial, elmi-texniki, mədəni və başqa sahələrdə əməkdaşlığının inkişafına öz səlahiyyətləri daxilində kömək göstərmək və s. hüquq və vəzifələri var.
Dövlət sərhədi hava, quru və sudan pozulanda müdaxilənin qarşısını hərbçilər alırlar. Türkiyəyə qarşı fəaliyyət göstərən terrorçuları adları çəkilən dövlətlər silahlandırır, onları təlimatlandırırlar. Bu, onların ölkəyə qarşı yeni savaşı deyil. Yüz ildən artıqdır onlar müxtəlif bəhanələrlə Türkiyəni zəiflətməyə cəhd göstərirlər. Terrorçu PKK/YPG-PYD-yə yardımların edilməsi və onların dəstəklənməsi belə bəhanələrdəndir. Hədəf Türkiyənin başını qalmaqala qatmaq, onu asılı vəziyyətə salmaqdır. Bu dəfə həmin aktorlar başqa şəkildə, fərqli iddia ilə çıxış etməyə cəhd göstəriblər. Onlar insan haqlarını əldə bayraq edərək Türkiyənin suverenliyinə qarşı açıqlamalar yayıblar.
Rəsmi Ankaranın davranışı dövlət sərhədinin qorunması qədər əhəmiyyətli idi. Bu, Türkiyənin nəbzinin yoxlanılmasına cəhd kimi də dəyərləndirilə bilər. Odur ki, dəyişməyən aktorlar eyni düşüncə ilə Türkiyəyə təzyiq göstərirlər. Bu dəfə də alınmadı. On ölkənin səfiri fəaliyyət göstərdikləri dövlətin suveren hüquqlarını pozduqları üçün “arzuolunmaz şəxs” (“persona non qrata”) elan oluna bilərdi. Bu, tarixdə ilk hadisə olacaqdı. Baş verən xoşagəlməz hadisə həmin dövlətlərin beynəlxalq nüfuzuna da mənfi təsir edəcək.
Türkiyə öz suverenliyinə hörmət olunmasını tələb etməklə beynəlxalq hüquq və normaları qorudu, aparıcı sayılan dövlətlərə diplomatiya dərsi verdi. Rəcəb Tayyib Ərdoğanın səfərləri Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə təbliğatıdır. Türkiyə lideri bu addımı ilə də dünya siyasi səhnəsinin 100 illik aktorlarına əməkdaşlığın daha əhəmiyyətli olduğu ismarışını göndərir.