Rəsmi Bakı erməni təxribatlarını dəf edir: Milli Şura isə Azərbaycana arxadan zərbə vurur
Azərbaycan dövlətinin maraqlarını, milli mənafeyə bağlı məsələləri siyasi mübarizənin predmetinə çevirmək cəhdi yolverilməzdir; Siyasi düşmənçilik vərdişlərinin davam etdirilməsi Azərbaycanın gələcək taleyi üçün ən real təhlükəyə çevrilə bilər…
Yenixeber.org: Azərbaycan 30 ilə yaxın davam edən əsas problemini həll edib, öz ərazi bütövlüyünü bərpa edib. Ölkəmizin bu tarixi uğuru əksər beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən də etiraf olunub. İndi Azərbaycanın həm beynəlxalq nüfuzu daha da yüksəlib, həm də rəsmi Bakı Cənubi Qafqaz regionunda şəriksiz geopolitik iradə sahibi kimi qəbul edilir.
Son vaxtlarda baş verən hadisələr də bu reallığı birmənalı şəkildə təsdiqləyir. Rəsmi Bakı Ermənistanı artıq küncə sıxışdırıb. Qarabağ mövzusu ilə bağlı proseslərdən tədricən kənarlaşdırmağa başlayıb. Və bu, Azərbaycanın regionda bütün təşəbbüsü öz əlinə almasının təsdiqi sayıla bilər.
Məsələn, qondarma “dqr”in “müstəqilliyinin” elan edildiyi tarix hər il Xankəndidə separatçılar tərəfindən “təntənə” ilə qeyd olunurdu. Ermənistandan dövlət məmurları, müxalifət təmsilçiləri bu tədbirdə iştirak edirdilər. Hətta ötən il sentyabrın 2-də Ermənistan baş naziri Nikol Paşinyan Şuşanın Cıdır düzündə yallı getmişdi. Və bu, Azərbaycanın suveren hüquqlarının pozulmasıyla yanaşı, həm də nümayişkaranə şəkildə planlaşdırılmış siyasi-ictimai təxribat idi.
Ancaq artıq zaman da, geopolitik şərtlər də ciddi şəkildə dəyişib. Azərbaycan ordusu Ermənistana duracağı yeri tam dəqiqliyi ilə göstərib. Ona görə də, Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan Rusiya sülhməramlılarının arxasında gizlənmək məcburiyyətində qalan Araik Arutyunyan və onun separatçıları ötən il törətdikləri təxribatları təkrarlamağa cəsarət etmədilər.
Yəni, 2 sentyabr tarixini əvvəlki illərdə olduğu kimi, hay-küylə qeyd edə bilmədilər. Ermənilərin daha bir “uydurma tarixi” əllərindən alınmış oldu, son 28 ildə ilk dəfə qondarma “dqr”in ildönüm mərasimi iflasa uğradıldı. Ermənistandan heç bir dövlət məmuru Xankəndi və ətraf bölgəyə səfər edə bilmədi. Ötən il sentyabrın 2-də Şuşanın Cıdır düzündə nümayişkaranə şəkildə yallı gedən Ermənistan baş naziri N.Paşinyan bu dəfə həmin tarix ərəfəsində qısamüddətli məzuniyyət götürərək, qeybə çəkildi.
Təbii ki, erməni baş nazirin bu addımı 2 sentyabr gününü Ermənistan cəmiyyətinin diqqətindən kənarda saxlamaq üçün həyata keçirilən siyasi manevr idi. Bu addımın atılmasından cəmisi bir neçə gün sonra isə Ermənistan mətbuatı baş nazir N,Paşinyanın sadəcə, məzuniyyətlə göz önündən çəkilməklə kifayətlənmədiyini vurğuladı. Eyni zamanda, erməni baş naziri Ermənistanın hökumət təmsilçilərinə Xankəndi və ətraf bölgəyə səfəri qadağan etməkdə suçladı. Və bunu rəsmi Bakının sərt xəbərdarlığı ilə əlaqələndirdi.
Bütün bunlar onu göstərir ki, Ermənistanın dövlət rəsmiləri artıq Azərbaycan ərazisinə - Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu bölgəyə əvvəlki kimi sərbəst gəlib-gedə bilməzlər. Rəsmi Bakı bunu qətiyyən bağışlamaz, Ermənistanı ən sərt şəkildə cəzalandıra bilər. Və Ermənistanda bu reallığı artıq qəbul ediblər.
Onu da qeyd edək ki, rəsmi Bakı öz siyasi iradəsini Ermənistanın əsas beynəlxalq himayədarlarından biri olan Rusiyaya da qəbul etdirməyə başlayıb. Belə ki, bir müddət öncə Rusiya Müdafiə Nazirliyinin saytında rus sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazilər “Dağlıq Qarabağ Respublikası” kimi göstərilmişdi. Bu, hətta Ermənistan cəmiyyətində və mətbuatında böyük məmnunluqla qarşılanmışdı. Və yenidən “uzaqgedən xəyallar” qurmağa başlamışdılar.
Ancaq ermənilərin sevinci o qədər də uzun sürmədi. Rəsmi Bakının diplomatik kanallarla etirazından sonra həmin səhv düzəldildi, Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu bölgə yenidən Azərbaycan Respublikasının ərazisi olaraq, qeyd olundu.
Yəni, rəsmi Bakı Azərbaycanın suveren hüquqlarını, dövlət maraqlarını Rusiya qarşısında da müdafiə etməyi bacardı. Və bu, yalnız Ermənistanın deyil, Rusiya da daxil olmaqla, regionda maraqları olan digər kənar güclərində Azərbaycanın geopolitik iradəsi ilə hesablaşmaq məcburiyyətində qalmasının təsdiqidir.
Bu reallığı artıq hər kəs etiraf etsə də, Azərbaycanın daxilində bəzi qrupların təmsilçiləri hələ də görmək istəmirlər. Həmin marginal opponent qruplar Azərbaycanın əleyhinə təbliğat aparmaqla, dövlətin və ordunun tarixi zəfərinə kölgə salmağa cəhd göstərirlər. Və son hadisələrə münasibətdə də bu antimilli xəttin açıq-aşkar ön plana çıxarılmasına cəhd edildiyi müşahidə olundu.
Məsələ ondadır ki, erməni toplumu üçün böyük əhəmiyyət daşıyan 2 sentyabr ərəfəsində, “dqr” ilə bağlı Azərbaycana qarşı müxtəlif provakasiyaların edilə biləcəyi dönəmdə həmin opponent qruplar yenidən ciddi şəkildə fəallaşmışdılar. Onların Azərbaycan dövlətinə qarşı fəallığı hətta “ermənilərdən daha çox erməniçilik” səviyyəsinə yüksəlmişdi.
Hələ “2 sentyabr”dan xeyli öncədən başlayaraq, bu qruplaşmaların təmsilçiləri qondarma “dqr”in ildönümü ilə bağlı ardıcıl məqalələr dərc etməklə, Azərbaycan dövlətini hədəfə almağa çalışırdılar. Halbuki Ermənistandan Xankəndi və ətraf bölgəyə məmurların və ya hər hansı nümayəndə heyətinin gəlib-gəlməyəcəyi də qətiyyən məlum deyildi. Və sonradan da məlum olduğu kimi rəsmi Bakı ermənilərin “2 sentyabr təxribatları”nı fiaskoya uğratmağı bacardı.
Ancaq buna baxmayaraq, antimilli xəttin təmsilçiləri hələ də bu mənasız və artıq gündəmdən birdəfəlik çıxarılmış bu mövzudan əl çəkmək niyyətində deyillər. İndi də Ermənistan müxalifətinin bu barədə hansısa mənasız bəyanatlarını, erməni politoloqların əhəmiyyətsiz açıqlamalarını tirajlamaqla, Azərbaycan cəmiyyətində pessimist əhval-ruhiyyə yarada biləcəklərinə ümid bəsləyirlər.
Xüsusilə də, Milli Şura adlanan, ancaq antimilli mövqedən çıxış edən marginal qruplaşma daha çox fəallıq edir. Milli Şuranın Avropadakı, eləcə də ölkədəki təmsilçiləri Rusiya Müdafiə Nazirliyinin yanlış məzmunlu və artıq düzəliş olunmuş tender elanı ilə bağlı bir çox “fantaziyalar istehsal etməyə” çalışırlar.
Onlar iddia edirlər ki, guya artıq Rusiya Azərbaycanı ciddiyə almır və onun ərazilərini tanımır. Guya Kreml Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu bölgəni qondarma “dqr”in ərazisi hesab edir. Milli Şura təmsilçiləri Azərbaycanın siyasətinin fiaskoya uğradığını “sübuta yetirməyə” çalışırlar. Azərbaycan ordusunun əməyinin boşa çıxarıldığını, şəhidlərimizin qanının batırıldığını iddia edirlər.
Halbuki Milli Şura təmsilçilərinin bütün bu iddiaları tamamilə əsassızdır. Ən azından ona görə ki, onların xüsusi olaraq, gündəmdə saxlamağa çalışdıqları ermənilərin “2 sentyabr” avantürası artıq fiaskoya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin saytında isə yol verilən yanlışlıq düzəldilib. Yəni marginal opponent qruplaşma təmsilçilərinin günlərlə təkrarladığı iddiaları özünü doğrultmayıb.
Buna baxmayaraq, həmin marginal qruplar öz qərəzli mövqelərindən imtina edərək, mövcud reallığın etirafı üzərindən xalqdan üzr istəmək əvəzinə, Azərbaycan dövlətini hədəfə almaqda israrlı davranırlar. Onların bu davranışları hətta ermənilərin infoteka.ru adlı saytının Azərbaycana qarşı qarayaxma kampaniyasını belə, qabaqlayır. Yəni, Milli Şuraya bağlı internet TV-lərin və digər sosial media resurslarının antitəbliğat istiqamətləri ilə ermənilərin infoteka.ru saytının Azərbaycana qarşı “qara piar” kampaniyası arasında demək olar ki, elə bir ciddi məzmun fərqi yoxdur.
Bəlkə də bu istiqamətdə yeganə fərq ermənilərin infoteka.ru saytında bəzən Ermənistanın da tənqid olunması, Azərbaycan isə üstün məqamlarının vurğulanması ola bilər. Ancaq Milli Şura təmsilçiləri Azərbaycanla bağlı heç bir müsbət məqamı qeyd etmir, qazanılmış uğurları qətiyyən görmək istəmirlər. Yəni birmənalı şəkildə yalnız təftişçi mövqeyə üstünlük verirlər.
Ancaq unutmaq olmaz ki, Azərbaycan dövlətinin maraqları, milli mənafeyi təmsil edən məsələlər siyasi mübarizənin predmeti olmamalıdır. Siyasi mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının milli maraqları hər şeydən üstün tutması olduqca vacibdir. Ümid edək ki, yaxın gələcəkdə Azərbaycan dövlətinin maraqlarına siyasi düşmənçilik mövqeyindən yanaşılması vərdişlərindən imtina olunacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert