Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kreml Paşinyana müsbət cavab verdi:Peskova bir içimlik “Sirab” suyu

Ermənistan Baş naziri Nikol Paşinyanın rus sərhədçilərinin Azərbaycan-Ermənistan sərhədlərinə yerləşdirilməsi təklifinə Kremldən müsbət cavab gəlib.
Yenixeber.org: Məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov media açıqlamasında Paşinyanın çağırışını yüksək qiymətləndirib.
"Rusiya üçtərəfli sazişlərin tam icrasını təmin etmək üçün İrəvan və Bakı ilə təmaslarını davam etdirir", - deyə Kremlin sözçüsü əlavə edib.
 
Jurnalistlərdən Paşinyanın istəyini yerinə yetirməyə hazır olub-olmadıqlarını aydınlaşdırmaq istədikdə, Peskov əlavə edəcək bir sözünün olmadığını söyləyib.
 
Aydın görünür ki, Paşinyanın bu çağırışı Kremlin razılığı ilə verilib. Məqsəd rus əsgərlərinin hələ delimitasiya və demarkasiya prosesi tamamlanmamış sərhədə yerləşdirmək, istənilən an hər iki tərəfə təzyiqlər göstərməkdir. 


 
Rusiyanın bu fırıldağının əsasən Azərbaycan üçün qurulduğunu təklifin Paşinyan tərəfindən verilməsi də təsdiqləyir. Qəsdən 2 həftə boyunca ərazilərimizə hücum edən və gərginlik yaradan Ermənistanın birdən-birə Rusiyaya üz tutması təsadüfi sayıla bilməz. Özgə vaxt özünü Qərbə onun kəbinli arvadı kimi göstərib altdan-altdan Rusiya ilə flört edən Paşinyanın hərbi dəstəyi niyə Moskvadan istəməsi əvvəldən şübhə doğururdu. Baxmayaraq ki, o, çağırışında “Rusiyadan bizə dəstək verilməsə, ATƏT-ə və digər qurumlara müraciət edə bilərik” anlamına gələn yalançı şərt də daxil etmiş, bununla da guya, Rusiyanı “şantaj etməyə çalışmışdı”. 
 
Paşinyan-Peskov paslaşmasının tam da NATO-nun Gürcüstanda keçirdiyi və Azərbaycanın iştirak etdiyi "Agile Spirit 2021" (“Çevik Ruh”) hərbi təlimlərinə dəng gəlməsi də təsadüfi görünmür. Qeyd edək ki, Moskvanın yuxusunu ərşə çıxaran bu təlimlərə Azərbaycanla yanaşı Ukrayna, Türkiyə, Gürcüstan, ABŞ, Böyük Britaniya, Polşa, Rumıniya, Litva, Estoniya, Almaniya, İspaniya, Kanada, İtaliya və Litva kimi 15 ölkə qatılıb. Əksəriyyəti NATO üzvü olan ölkələrlə bərabər təlimlərdə iştirak edən Ukrayna və Gürcüstan isə Alyansın rəsmi tərəfdaşı sayılırlar. Bir nov Alyans üzvlüyünə namizəd statusunda görünürlər. İndiyədək  tərəfsizliyini qoruyan, hazırda belə, Qoşulmama Hərəkatının dövri sədrlik edən Azərbaycanın NATO qüvvələri ilə eyni cərgədə dayanması Rusiyanı qəzəbləndirməyə bilməzdi. Görünür, Kremlin sözçüsü də məhz bu səbəbdən Paşinyanın təklifini yüksək qiymətləndirib.


 
Peskovun jurnalistlərlə söhbətində dilə gətirdiyi bəzi sözlər də bu versiyanı təsdiqləyir. Məlumata görə, Kremlin sözçüsü "Agile Spirit 2021" hərbi təlimlərini şərh edərkən, “NATO -nun Rusiya sərhədləri yaxınlığındakı fəaliyyəti səbəbindən hərəkətə keçməyin lazım olduğunu” açıqlayıb. Peskov bildirib ki, NATO -nun Rusiya sərhədləri yaxınlığındakı hərəkətləri Moskvanı adekvat tədbirlər görməyə vadar edir. 
 
“"Agile Spirit 2021" təlimləri NATO -nun hərbi infrastrukturu ilə sərhədlərimizin ətrafında, yalnız sərhədlərimizin ətrafında deyil, həm də sərhədlərimizlə tam təmasda olmasının başqa bir təsdiqidir. Bu, əlbəttə ki, tərəfimizdən çox yaxından izlənilməlidir”, - deyən Peskov NATO təlim ssenarisinin Rusiyaya qarşı gizli hərəkətləri nəzərdə tutmadığına ümid etdiyini bildirib.
 
Peskovun sözlərindən də göründüyü kimi, Moskva NATO-nun Cənubi Qafqazda oturmasına “adekvat tədbirlər görməyə” çalışır. Ermənistan Baş nazirinin sözlərinin Kreml tərəfindən yüksək qiymətləndirilməsi də bu “adekvat tədbirlər”dən ola bilər.
 
Onu da qeyd etmək yerinə düşərdi ki, Kreml sözçüsünün həmin fikirləri dilə gətirdiyi vaxt Azərbaycan Müdafiə Nazirliyi ABŞ generallarını qəbul edirdi. Rəsmi məlumata görə, nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Amerika Birləşmiş Ştatlarının Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüş və onları Azərbaycan ordusunun bəzi hissələrinə aparmış, əsgərlərimizin fəaliyyəti ilə tanış etmişdi. Görüşdən verilən məlumatlardan aydın görünürdü ki, ABŞ hərbi nümayəndələri Azərbaycanda xeyli isti qarşılanıb, onlar da ordumuzun döyüşə hazırlıq vəziyyətini bəyəniblər.
 

 
Məlumatda həmçinin vurğulanırdı ki, tərəflər Azərbaycan Ordusu ilə Oklahoma ştatının Milli Qvardiyası arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Bundan əlavə, 44-günlük Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsinə salınmış guşə ziyarət olunub. General-mayor M.Tompson Fəxri ziyarətçi və qonaqlar kitabına ürək sözlərini qeyd edib. ABŞ hərbi nümayəndələrinin bu jesti Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı zəfərə xüsusi sayğı ilə yanaşdıqlarını və bəyəndiklərini bir daha təsdiqləyirdi. Sözsüz ki, Rusiya onun silahlarının beş quruşa dəymədiyini bütün dünyaya car çəkən 44 günlük savaşa göstərilən bu sayğı jestə gözü yumulu qala bilməzdi. Paşinyanın məhz belə bir zamanda Rusiyaya müraciət etməsi və təklifin Kreml tərəfindən yüksək qarşılanması bu baxımdan başadüşüləndir. Fəqət Kreml unutmamalıdır ki, delimitasiya və demarkasiya olunmamış istənilən ərazi hüquqi sərhəd sayılmır və Rusiya ordusunun həmin bölgədə yerləşməsinə mütləq Azərbaycan da icazə verməlidir. Əks halda Rusiya Azərbaycan torpaqlarını rəsmən işğal etmiş sayla və bu zaman isə ölkəmizin strateji tərəfdaşları ilə bağladığı hərbi müqavilələr dövriyyəyə girə bilər. Bu isə Rusiyanın heç arzulamadığı ssenaridir. Söhbət NATO-nun üzvü kimi Türkiyə ordusunun Cənubi Qafqazda rəsmən dislokasiyasından gedir. 
 
Təsdiqlənməmiş məlumatlara görə, Moskva son günlər Azərbaycana KTMT-yə və Avrasiya Birliyinə üzv olmaq istiqamətində təzyiqlərini də artırıb. Azərbaycan isə ümumi sözlərlə onu yola verdiyi halda, konkret addımlarını NATO təlimlərinə qatılmaqla, ABŞ Ordusu ilə əməkdaşlığını artırmaqla atır. Moskvanın qəzəbinin bir səbəbi də bundan qaynaqlanmış ola bilər. Amma belə vəziyyətlərdə qəzəbin ən yaxşı dərmanı bir stəkan su içməkdir. Yəqin ki, Kremldə qəzəb soyudan bir stəkanlıq su tapılar. Tapılmasa, rəsmi Bakı Moskvaya bir butılka “Sirab” suyu göndərsin. Bir stəkanını indi, digər hissəsini isə növbəti dəfə qəzəblənəndə içə bilərlər.(ovqat)
 Heydər Oğuz

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam