Türkiyəni “soyqırım”da suçlayan, Vatikan və Rusiyadan da artıq ermənilik edən bir dövlətin Qarabağ məsələsində qərəzsiz arbitr imici artıq korlanıb; işğalçının 1 nömrəli havadarının yeni “sülh təklifi”ni Azərbaycan qardaş ölkəyə həmrəylik əlaməti olaraq geri verə bilər...
"Xeberinfo.com": Fransa prezidenti Fransua Ollandın aprelin 25-də Bakıya gələcəyi təsdiqlənib. Ollandın ölkəmizə haradan təşrif buyuracağı da bəllidir - İrəvandan. O da məlum olub ki, Ermənistan paytaxtında keçiriləcək saxta "soyqırımın" 100 illik tədbirinə Serj Sərkisyandan savayı cəmi iki prezident qatılacaq - Cənubi (yunan) Kiprin başçısı və... Fransua Olland.Ermənistan rəsmisi artıq etiraf edib ki, mərasimdə yerdə qalan ölkələr, yəqin ki, ən yüksək səviyyədə yox, aşağı ranqlı nümayəndə heyətləri ilə təmsil olunacaqlar.
Təkcə Rusiya prezidenti Vladimir Putinin gəlib-gəlməyəcəyi tam dəqiq deyil. Hərçənd, ehtimal ciddidir ki, Rusiya “genosid” yubileyində ən yaxşı halda 2-ci şəxslə - baş nazir Dmitri Medvedyev səviyyəsində təmsil olunacaq.
*****
Fransanın “genosid” törəninə belə önəm verməsi, özü də bunun xeyli öncədən, sanki Türkiyəyə acıq kimi Fransa prezidentinin dilindən dönə-dönə səslənməsi, üstəgəl, Ollandın İrəvana Fransanın imkanlı erməni lobbistləri ilə eyni təyyarədə gəlməyə hazırlaşmasına normal baxmaq da olardı, əgər Fransa Minsk Qrupunun 3 həmsədrindən biri kimi Qarabağ danışıqlarında neytral arbitr roluna iddia etməsəydi.
Məsələ də ondadır: Ermənistanın hərbi-siyasi müttəfiqi olan Rusiyanın, yaxud üçüncü həmsədr dövlətin - ABŞ-ın liderləri İrəvana getmir, Fransa prezidenti isə gedir. Belə davranış, əlbəttə ki, Türkiyə ilə yanaşı, Azərbaycanı da yaralamaq deməkdir və vasitəçiliklə bir araya sığmır. Həmçinin, rəsmi Parisin torpaqlarımızın işğalına açıq dəstəyi anlamına gəlir. Çünki düşmənin 24 aprel yubiley mərasimlərindən güddüyü iki əsas hədəfdən biri məhz “əzabkeş xalq”ın Azərbaycan ərazilərini işğalına haqq qazandırmaqdır.
* * * * *
Maraqlıdır ki, Rusiya saxta soyqırım mərasimlərinə münasibətdə yetərincə təmkinli mövqe sərgiləməkdədir. Bir neçə gün öncə canlı yayımdakı mətbuat konfransı zamanı isə Putin Roma Papasının məlum açıqlamasına münasibət bildirərkən olduqca korrekt danışdı, Türkiyəni incidəcək heç bir şey demədi, “soyqırım” sözünü dilə gətirmədi və aprelin 24-də İrəvana gedəcəyini söyləmədi.
Fransa isə, əksinə, 24 aprel İrəvan şousunda ən yüksək səviyyədə təmsil olunmaq azmış kimi, hələ üstəlik, öz deputatları timsalında Avropa Parlamentinin anti-Türkiyə qərarının qəbul edilməsində ən fəal rol oynadı, əlindən gələni elədi. Yeri gəlmişkən, 1987-ci ildə Avroparlament ilk dəfə saxta genosidi məhz Parisin ciddi səyləri nəticəsində qəbul eləmişdi...
* * * * *
Bu dövlət sanki hər addımda və fürsətdə ermənipərəst mövqedə durduğunu, Ermənistana Rusiyadan da etibarlı dost olduğunu nümayiş etdirməyə çalışır. Ollandın sələfi Nikola Sarkozi də ondan geri qalmırdı, “soyqırımı” inkara görə cəza nəzərdə tutan sənədi israrla parlamentdə qəbul etdirməyə çalışırdı...
Qardaş ölkəyə qarşı zaman-zaman belə haqsız mövqe sərgiləyən, işğalçı Ermənistanı “Fransanın kiçik bacısı” sayan, Vatikandan da çox ermənilik edən (heç Roma Papasının özü İrəvana getməyəcək) bir dövlətin Dağlıq Qarabağ məsələsində vasitəçiliyi, əlbəttə ki, nonsensdir. Çünki Türkiyəyə qarşı ədalətsizlik Azərbaycana qarşı da ədalətsizlikdir və belə bir ölkə sülh danışıqlarında qərəzsiz münsif ola bilməz.
Şəxsən Fransua Ollandın Türkiyəyə antipatiyası bu ilin yanvarında “Charlie Hebdo” jurnalının əməkdaşlarının öldürülməsinə etiraz olaraq Parisdə keçirilən çoxminli mitinq zamanı bir daha ortaya çıxmışdı. O zaman Olland digər ali qonaqlardan fərqli olaraq baş nazir Əhməd Davudoğlu ilə çox aşağılayıcı tərzdə, olduqca soyuq görüşmüş, Davudoğlunun əlini bir müddət havada saxlamışdı...
* * * * *
Ümid edək ki, rəsmi Bakı qapalı danışıqlarda bu qəbildən iradları, qatı ermənipərəstliklə ədalətli vasitəçiliyin bir araya sığmadığını Fransa prezidentinin nəzər-diqqətinə çatdıracaq. Bakıdakı müzakirələr bu üzdən çətin ki, heç nə olmayıbmış kimi, konstruktiv ab-havada keçsin və ya Ollandın ötən payızdakı səfəri kimi nəticə versin.
Hər halda, sağlam məntiq bunu diktə edir. Məntiq eyni zamanda onu deyir ki, Türkiyə ilə həmrəylik jesti olaraq prezidentlərin növbəti görüşü ilə bağlı Fransa liderinin budəfəki təklifini Azərbaycan rəhbəri geri də verilə bilər. Onsuz da Əliyev-Sərkisyan təmasları indiyədək ciddi nəticəyə gətirməyib. Ancaq Ollandı umsuq eləməklə ədalət heç olmasa, qismən bərpa olar. Bu, “soyqırımı” tanıyanlara ciddi bir etiraz mesajı, 1 nömrəli strateji müttəfiqimizlə isə növbəti ortaqlıq, qardaşlıq nümayişi olardı...
* * * * *
Təbii ki, saxta genosid məsələsində ifrat canfəşanlığın ölkəmizdə doğurduğu neqativ reaksiyadan Fransa lideri də xəbərdardır. Bu mənada o, əslində Bakıya Qarabağ missiyasından daha çox, öz ölkəsinin Azərbaycan və Türkiyə qarşısında sifətini saxlamaq, obrazlı desək, günahını “yumaq” və balansı saxlamaq üçün gəlir.
Onu da unutmaq olmaz ki, son vaxtlar Minsk Qrupunda Fransanın istər Dağlıq Qarabağ, istərsə də saxta genosid məsələsində qat-qat obyektiv mövqe tutan Almaniya ilə əvəzlənməsi yönündə təkliflər xeyli ciddiləşib. Ollandın uydurma soyqırımla bağlı mövqeyi bu təklifləri aktual edir və Azərbaycana əlavə arqumentlər verir.
Şübhə yox ki, rəsmi Paris vəziyyətin fərqindədir. Hər halda, vasitəçilikdən uzaqlaşdırılmaq Fransanın böyük dövlət kimi həm imicinə, həm də ona qarşı dünyadakı etimada zərbə olardı.
Musavat.com