Kapitulyasiya sonrası Ermənistan üçün 3 ssenari –Paşinyan çarmıxa, Köçəryan taxta?..
Müharibə nəticəsində “köhnə təknə” ilə qalan ölkədə Qarabağ klanı “siyasi reabilitasiya”ya can atır; Kremlin seyfində nə var? Putinlə 1 saatlıq gizli danışıq - gerçək, yoxsa...
Yenixeber.org: Ermənistan təzə ilə 30 ilin problemləri ilə, həm də 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətlə qat-qat ağırlaşmış problemlərlə gedir. Onlardan biri də hakimiyyət böhranı ilə bağlıdır.
Artıq bəllidir ki, iki aydır hakimiyyəti zorla devirməyə çalışan radikal müxalifət baş nazir Nikol Paşinyanın erkən parlament seçkiləri təklifini rədd edib. Siyasi rəqiblər hesab edir ki, bununla N.Paşinyan vaxt udmaq və öz hakimiyyətini bərkitmək istəyir. Əslində isə baş nazirin Ermənistan üçün hansısa pozitiv addımlar atıb, xalq qarşısında “öz günahı”nı qismən yumşalda biləcəyindən ehtiyat edirlər.
Başqa tərəfdən, zaman onsuz da müxalifətə işləmir. Çünki getdikcə daha az sayda etirazçı aksiyalara həvəs göstərir, hakimiyyətin zorakı üsullarla devrilməsinə inam azalır. Bütövlükdə isə narazı əhalinin mühüm bir kəsimi meydanda olan siyasilərdən müharibənin yaratdığı yeni situasiyadan kardinal çıxış yolu gözləyir ki, bunu da Paşinayanın opponentləri göstərə bilmirlər. Azərbaycan və Türkiyəyə qarşı kin-nifrət və intiqam çağırışları isə artıq keçilmiş yoldur, işə yaramır və Ermənistana yalnız yeni fəlakətlər vəd edir.
Ermənistandakı mövcud situasiya, iqtidar-müxalifət qarşıdurması göstərir ki, ölkədəki böhran tezliklə həllini tapa bilməyəcək. Bir şey də aydındır: erməni xalqı ya kapitulyasiya aktına imza atmış Nikol Paşinyanla yola davam edəcək, ya da “tamam!” deyib onu başqası ilə əvəzləyəcək - seçkilərlə, yaxud seçkisiz...
*****
“Bu gün Ermənistanın durumu (44 günlük müharibənin yekununa əsasən) A.S. Puşkinin ”Balıqçı və qızıl balıq" nağılında axırda köhnə təknə ilə qalan qarının vəziyyətinə oxşayır. Ancaq Ermənistan heç olmasa, müəyyən dəyəri olan köhnə təknədən də məhrum ola bilər. Yəni ümumiyyətlə heç nəsiz qala bilər".
“Yeni Müsavat”ın məlumatına görə, bu fikri rusiyalı tanınmış siyasi-hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
Ekspertin ehtimalına görə, hazırda hakimiyyəti müxalifətə təhvil vermək istəməyən Nikol Paşinyanın məntiqi yalnız ona qarşı mümkün repressiya qorxusuna deyil (istefa verib hökumət iqamətgahından çıxan kimi yəqin ki, bu qaçılmaz olacaq), həm də yeni geosiyasi reallıqda ölkənin bərpasına başlamaq istəyinə əsaslanır. Ayrı sözlə, baş nazir vəzifədə qaldığı müddəti boşuna xərcləməməyə ümid edir.
“Nikol Paşinyan son statusunda ölkə vətəndaşlarının müxalifətin istefa tələbini dəstəkləmədiyini qeyd etməkdə haqlıdır”.
Bunu isə Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, indilikdə Paşinyanı devirmək istəyənlərin cəminin reytinqi N.Paşinyanın reytinqindən üstün deyil: “Müxalifət meydanlara 5-6 mindən çox insan toplaya bilmir. Bəs onda Paşinyan erkən parlament seçkilərinə niyə ehtiyac duydu? Görünür, o, müxalifətdən güclü olduğunu bilsə də, güc strukturlarının mümkün itaətsizliyindən və güc yolu ilə çevriliş ssenarisindən çəkinir. Ona görə də seçkilərə gedir”.
Politoloq bu xüsusda Ermənistanda 3 ssenarini mümkün hesab edir: “Birinci odur ki, Paşinyanın partiyası seçki nəticəsinə görə yenə birinci olur və o, yenidən baş nazir seçilir. İkinci ssenari: onun partiyası üstünlük qazansa da, koalisyon hökumət qurulur və baş nazir başqası olur, ancaq Paşinyan hökumətin qurulması üçün həlledici səs əldə edir. Üçüncü, Paşinyan üçün ən pis ssenari isə parlamentdə ana müxalifət olmaqdır. Amma hər 3 variant Paşinyan üçün keçərlidir”.
Politoloqun qənaətincə, Nikol Paşinyan erkən parlament seçkilərinin nəticələrinə görə, öz kürsüsünü qorusa, bu, onu çarmıxa çəkmək istəyən Ermənistan müxalifətinə dəhşətli zərbə olacaq. “Belə çıxacaq ki, Ermənistan vətəndaşları müharibənin ağır nəticəsinə və kapitulyasiya aktına görə Paşinyanı günahkar saymır və Azərbaycanın qələbəsini həzm etməyə hazırdır. Paşinyan müxalifətdə də özünü diskomfort hiss etməyəcək”, - deyə o əlavə edib.
*****
Bu arada “168 am” qəzeti özünün Rusiyadakı qaynağına istinadən keçmiş prezident Robert Köçəryanın az öncə (18 dekabr) Moskvada işgüzar səfərdə olarkən Rusiya lideri Vladimir Putinlə telefonla 1 saata yaxın danışdığını yazıb. Məlumatda deyilir ki, “onlar müharibədən sonrakı Ermənistanda təhlükəsizlik məsələlərinin geniş spektrini, proseslərin mümkün regional inkişafını, habelə ölkədəki siyasi və iqtisadi vəziyyəti müzakirə ediblər”.
Nəşr məlumatı Köçəryanın İrəvandakı ofisi ilə də dəqləşdirməyə çalışıb. Oradan məlumatı təkzib etməsələr də, şərh də verməyiblər.
Belə bir görüş əslində istisna deyil. Ən azı o səbəbə ki, Köçəryan Putinin dostlarından sayılır. Lakin ikitərəfli münasibətlərdə dostluq amili, şəxsi simpatiya heç də həmişə həlledici rol oynamır, xüsusən də söhbət ölkənin köklü maraqlarına gedib dirənəndə. Rusiyanın maraqları isə Nikol Paşinyanın hələlik öz postunda qalmasını və üçtərəfli bəyanatın tam yerinə yetirilməsini diktə edir.
Digər yandan, Moskvada yaxşı bilirlər ki, Xocalı hərbi canisi Köçəryanın rəhbərlərindən biri olduğu Qarabağ klanının hakimiyyətə qayıdış şansı yüksək deyil. Bunu Paşinyan əleyhinə aksiyaların kütləvi xarakter ala bilməməsi də sübut edir - hansı aksiyaların ki, əsas təşkilatçılarından biri Qarabağ klanı, keçmiş rejimlərin təmsilçiləridir.
Bir səbəb erməni toplumunun korrupsioner Köçəryan-Sərkisyan rejiminin qayıdışını arzulamamasıdırsa, digər heç də az olmayan motiv 44 günlük müharibədə rüsvayçı məğlubiyyətin səbəbinin həm də Qarabağ klanının liderlərinin ayağına yazılmasıdır. Hər necə olmasa, darmadağın olan ordu əsasən Köçəryan-Sərkisyan dönəmində yaradılmışdı...
Odur ki, Kremlin seyfinda Robert Köçəryanın hansısa “siyasi reabilitasiya” planının mövcud olması inandırıcı görünmür. Ancaq siyasətdə “heç vaxt heç vaxt” demək olmaz. Hər halda, çox şey Paşinyanın ilin ilk həftələrində özünü necə aparacağı və gedəcəyi manevrlərdən asılı olacaq...
“Müsavat”