“Qarabağ klanı” son “qala”nı qoruyur - GƏLİŞMƏ
Ermənistanda siyasi vəziyyət nisbətən sabitləşsə də, “Qarabağ klanı” adlandırılan siyasi qüvvənin mövcud hakimiyyətə qarşı ittihamları davam edir.
Yenixeber.org: Qondarma rejimin keçmiş “təhlükəsizlik şurası katibi”, general Vitali Balasanyan hökuməti istefaya çağırıb. Parlamentin buraxılması tələbini də səsləndirən Balasanyan hakimiyyətin idarəçiliyinin bütün erməniliyi təhdid etdiyini qeyd edib:
“Onlar özləri rədd olmayacaqlar, onları rədd eləmək lazımdır. Xalq ayılmalıdır, tələb etməlidir, məcbur etməlidir ki, bütün deputatlar mandatlarını təhvil versin,- kimliyindən asılı olmayaraq, istər “Mənim addımım”, istər “İşıqlı Ermənistan” və digərləri. Əks halda, bütün ermənilik təhdid altında qalacaq”.
Vitali Balasanyan Paşinyanın 2016-cı ilin yayında Yerevanda polis alayının binasını tutan “Sasna tsrer” terrorçuları ilə əlbir olduğunu da deyib. Buna sübut kimi həmin terrorçulardan bir qrupunu hökumət binasında qəbul etməsini göstərib: “Paşinyan böyük antierməni layihəsidir”, - deyən Balasanyan bildirib ki, 2016-cı ildə Paşinyan terrorçuların ələ keçirdiyi polis polkunun binasına gedəndə, həmin terrorçulara dəstək mitinqində iştirak edəndə həmin banda ilə əməkdaşlıq edirmiş. Bu cür bəyanatlar Ermənistanda “Qarabağ klanı”nın geri çəkilmək niyyətində olmadığını göstərir.
Hadisələrin inkişafı hansı istiqamətə yönələ bilər?
Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Vitali Balasanyan Nikol Paşinyanın tələbi ilə vəzifəsindən uzaqlaşdırılıb:
“Digər tərəfdən isə o, Sarkisyan və Xaçaturyanın da aid olduğu “Qarabağ klanı”nın üzvlərindən biridir. Hazırda “Qarabağ klanı” balasanyanların dili ilə Paşinyan hökumətinə və Paşinyana hücum edir. Bununla da ictimai fikir formalaşdırmaq istəyirlər. Balasanyanın nə deməsindən asılı olmayaraq, bir məsələyə diqqət yetirmək lazımdır ki, burada söhbət Paşinyanın hakimiyyətinin Sarkisyan hakimiyyətindən pis olmasından deyil, hakimiyyət uğrunda mübarizədən gedir. Burada Balasanyan kimilər siyasi “alət” olaraq dəyərləndirilməlidilər”.
Bununla belə, politoloq hesab edir ki, Balasanyanın fikirləri siyasi anlamda heç nə ifadə etmir:
“Bunun Paşinyanın istefası ilə əlaqəsi belə yoxdur. Çünki, hələ də Ermənistanda Paşinyan hökumətinə alternativ olacaq güc mərkəzləri yoxdur. “Qarabağ klanı” ciddi siyasi nüfuza və dəstəyə malik deyil. Revanş olaraq, “Qarabağ klanı” ölkədə siyasi hakimiyyəti devirmək istəsə belə, bunu edə bilməz. Bundan başqa məlumdur ki, 2020-ci ildə Qarabağda qondarma prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə “Qarabağ klanının” namizədinin qalib gəlməsi üçün mübarizə qızışıb. Əslində, Balasanyanın bu cür açıqlamaları ictimai fikri Paşinyanın əleyhinə yönəltmək məqsədi güdür. O, istəyir ki, Paşinyanın müdafiə etdiyi namizədlər Qarabağda qalib gələ bilməsin”.
Natiq Miri deyir ki, bununla belə, hər seçkilərə qədər Ermənistanda hansı ciddi qarşıdurmalar gözlənilmir. (dia)