Natiq Cəfərli: “Artıq böyük geosiyasi oyuna girdik, indi üstünlüyü artırmaq, zəif nöqtələri qapatmaq vaxtıdır”
Şahin Cəfərli: “Müharibədəki məğlubiyyətlərinə baxmayaraq, yeni danışıqlarda da erməni tərəfindən konstruktiv mövqe gözləmirəm”
Məhəmməd Əsədullazadə: “Türkiyə ilə Rusiya arasında sülhməramlı və digər məsələlərlə bağlı müqavilələr, razılaşmalar var, artıq yeni siyasi mərhələyə keçilib”
İlqar Altay: “Müqavilədə Türkiyənin adı yoxdursa, demək ki, erməniləri və Paşinyanı çəkindirmədən qol çəkdirmək üçün bu, Monitorinq Mərkəzi adı arxasında gizli saxlanıb”
Araz Aslanlı: “Doğru təhlil üçün nəyin qarşılığında nələrin alındığını, hansı risklər qarşılığında nələrdən vaz keçildiyini bilmək lazım olacaq”
Yenixeber.org: Dünən Rusiya nümayəndə heyəti qardaş Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edib. CNN Türk-ün verdiyi xəbərə görə, Rusiya nümayəndə heyəti Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra görüləcək işlərlə bağlı Xarici İşlər və Milli Müdafiə nazirliklərində texniki görüşlər keçirib. Qeyd edək ki, sözügedən səfərdən öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Türkiyə ilə ortaq vəzifələrinin olduğunu bildirib. Lavrov həmçinin, Türkiyə ilə razılıq əldə etdiklərini də vurğulayıb: “Türk ortaqlarımızla Azərbaycan torpaqlarında müşahidə mərkəzinin yaradılması məsələsində razılaşdıq. Bu mərkəz bölgədə müşahidə aparacaq. Hər hansı pozuntu olarsa, Rusiya və Türkiyə müdaxilə edəcək. Fərqli istəklərin dilə gətirildiyini eşidirəm, ancaq bunları bir tərəfə qoyub müəyyən edilən işi görmək lazımdır. Bu iş də iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanan anlaşma çərçivəsində görülə bilər”.
Bu arada, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana sülhməramlıların yerləşdirilməsi barədə danışarkən qardaş ölkənin həm masada, həm də meydanda işin içində olduğunu bəyan edib: “Türkiyə orada (Azərbaycanda) haradadır? Türkiyə işin içindədir. Həm masada, həm də meydanda. Hər hansı oldu-bitdi söhbəti müzakirə mövzusu deyil”. Akar gedən proseslərin sonunda atəşkəsin qalıcı olmasını, sabitliyin təmin edilməsini və hüdudların müəyyən edilməsini istədiklərini qeyd edib: “Müşahidə gücü üçün qərar qəbul edilə bilər. Hərbçi sayı sabahkı görüşlərdən sonra dəqiqləşəcək”.
“Türkiyə ilə hərbi-siyasi müqavilə daha üst səviyyəyə çıxarılmalı, Naxçıvan, Ağdam, Bərdə ərazisində təcili olaraq adını “baza” qoymadan birgə Hərbi Tədris Təlim Mərkəzləri yaradılmalıdır”
Beləliklə, mövzu ilə bağlı mövqeyini bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərlinin fikrincə, bu gün Kremllə diplomatik və ritorik mübahisəyə girmək mənasızdır, çünki Rusiya daha çox Ermənistanın könlünü almağa çalışır: “Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Türkiyə sülhməramlıları Dağlıq Qarabağda yox, Azərbaycan ərazilərində yerləşdiriləcək. Məntiqlə, Kreml Qarabağın indi erməni silahlı birləşmələri qalan hissəsini Azərbaycan ərazisi saymır, ya da, rus əsgərinin çəkməsi dəyən hər yeri artıq öz ərazisi sayır. Mən Peskova bizim XİN-nin indi cavab verməsini mənasız sayıram, cavab başqa olmalıdı. Türkiyə ilə hərbi-siyasi müqavilə daha üst səviyyəyə çıxarılmalı, Naxçıvan, Ağdam, Bərdə ərazisində təcili olaraq adını “baza” qoymadan birgə Hərbi Tədris Təlim Mərkəzləri yaradılmalıdır. Müqavilə bu il bağlanmalı, gələn ilin əvvəlində isə həyata keçirilməlidir. Bu gün Kreml ilə diplomatik və ritorik mübahisəyə girmək mənasızdır. Kreml daha çox Ermənistanın könlünü almağa çalışır və hər məqamda Türkiyənin adının keçməsindən çılğına dönür. Biz artıq böyük geosiyasi oyuna girdik, ciddi üstünlüklərimiz də var, zəif nöqtələrimiz də. İndi üstünlüyü artırmaq, zəif nöqtələri qapatmaq vaxtıdır”. Politoloqun sözlərinə görə, bu günə maksimum nailiyyət bu idi, odur ki, önümüzə baxmalı, gələcək üçün zəmin hazırlamalıyıq: “Özümüzü aldatmayaq, Qarabağla bağlı status məsələsi hər addımda gündəmə gələcək. Bunun qarşısını siyasi-diplomatik almağın tək yolu var, gecikmədən 1988-89-cu illərdə Ermənistan ərazisindən qovulmuş 235 min soydaşımızın ora qayıtması məsələsi artıq masada olmalıdır. Qarabağda nə status olacaqsa, eynisi Ermənistan ərazisində soydaşlarımız üçün olmalıdır. Bu, ciddi işdir, artıq hüquqi addımlar atılmalı, masaya qoymaq üçün sənədlər toplusu hazırlanmalıdır”.
“Rusiya özü hansısa məqsədini həyata keçirmək üçün atəşkəsin pozulması provokasiyasını rahatlıqla təşkil edə bilər”
Siyasi şərhçi Şahin Cəfərli isə qeyd edib ki, 10 noyabr tarixli üçtərəfli bəyanatda Türkiyə hərbi kontingenti ilə bağlı heç nə yoxdur: “Orada 3-cü maddədə bildirilir ki, Dağlıq Qarabağdakı təmas xəttində və Laçın dəhlizi boyu Rusiya sülhməramlı kontingenti yerləşdiriləcək. 5-ci maddədə atəşkəsə nəzarət üzrə Sülhməramlı Mərkəz yaradılması nəzərdə tutulur, Türkiyə təmsilçiləri məhz bu qurumda çalışacaqlar. Yəni əsasən ofisdə oturacaqlar və belə başa düşürəm ki, fiziki olaraq təmas xəttinin yalnız bəri (bizim) tərəfində müşahidə apara bilərlər. Rusiya tərəfinin bildirdiyinə görə, Sülhməramlı Mərkəz Qarabağda yerləşməyəcək. Adından da göründüyü kimi, bu mərkəz atəşkəsə nəzarət edəcək, pozulmamasına çalışacaq. Yəni mərkəzin hansısa siyasi missiyası və səlahiyyəti, tutaq ki, Xankəndi başda olmaqla, Rusiya sülhməramlılarının nəzarətində qalacaq ərazilərdə yerli idarəetmənin təşkili, təhlükəsizlik kimi məsələlərdə hər hansı rolu olmayacaq. Təmas xəttində rus əsgərləri dayanacağı üçün atəşkəsin ciddi şəkildə pozulması ehtimalı da yoxdur. Ehtiyac görsə, Rusiya özü hansısa məqsədini həyata keçirmək üçün atəşkəsin pozulması provokasiyasını rahatlıqla təşkil edə bilər”. Onun fikrincə, istəsək, təmas xəttinin biz tərəfdə Türkiyə hərbi kontingentini yerləşdirə bilərik: “Məncə, buna hər hansı hüquqi əngəl yoxdur. Amma bizi maraqlandıran əsas məsələ təmas xəttinin qarşı tərəfində yaranacaq status-kvodur. Azərbaycan əsgərləri həmin ərazilərə daxil ola bilməyəcək, bu, aydındır. Bəs, orada Azərbaycan dövlətinin suverenliyi hansı şəkildə təmin olunacaq, ümumiyyətlə, tam şəkildə təmin olunacaqmı? Bu məsələlər yəqin ki, hazırlanacaq sülh sazişində yer alacaq. Bunun üçün yeni bir danışıqlar prosesi başlayacaq. Rusiya artıq ərazidə öz hərbi mövcudluğunu təmin etdiyi üçün masada onun rolu və təsiri daha da artmış oldu. Rusiya çox geniş manevr imkanları qazanır və moderator kimi prosesin fövqündə dayanmaq imkanı əldə edir. Yəni bu anlaşma ilə hər iki tərəf məsələnin taleyini Rusiyanın insafına buraxmış olub. Müharibədəki məğlubiyyətlərinə baxmayaraq, mən yeni danışıqlarda da erməni tərəfindən konstruktiv mövqe gözləmirəm. Belə olan halda təminat varmı ki, proses yenə uzanmayacaq və qarşıdakı 5 ildə həll olunub, bitəcək? Bu sualın dəqiq, birmənalı cavabını yəqin ki, yalnız Moskvada bilirlər. Problemin yekun həllinin açarı yenə onlardadır, sadəcə olaraq, köhnə açarı yenisi ilə dəyişdilər”.
“Hazırkı prosesdə qeyri-müəyyənlik yaradan Lavrovdur, o, çalışır ki, Qarabağdakı ermənilərin statusu və silahlı dəstələri olsun”
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bu qənaətdədir ki, Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi və statusla bağlı Ankara ilə Moskva arasında fikir ayrılıqları var: “Türkiyə təkcə monitorinqlə deyil, sülhməramlı qüvvələrinin yerləşdirilməsində də israrlıdır. Moskvadan verilən açıqlamalar isə ziddiyyətlidir. Həmçinin, Sergey Lavrov gələcəkdə status məsələsinin də müzakirə ediləcəyini qeyd edir. Halbuki Qarabağda hər hansı bir statusun olmayacağı qeyd edilir. Yeni mübarizənin diplomatik müstəvidə davam edəcəyi gözlənilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sülhməramlı qüvvələrinin yerləşdirilməsini həyata keçirəcəyini vurğulayıb. Buna qarşı Lavrov və onun xətti qarşı çıxır. Amma iki ölkə arasında müqavilə var. Türkiyə sülhməramlı qüvvələrinin Qarabağda Azərbaycanın nəzarətindəki ərazilərdə yerləşməsi reallaşa bilər. Həmçinin burada Laçın korridoru da daxildir. Türkiyə bu məsələdə israrlı görünür”. Politoloq qeyd edib ki, hazırkı prosesdə qeyri-müəyyənlik yaradan Sergey Lavrovdur: “O, çalışır ki, Qarabağdakı ermənilərin statusu və silahlı dəstələri olsun. Bu, Ankara və Moskva arasında aparılan danışıqlar prosesinə də ziddir. Azərbaycan diplomatik danışıqlarda tək deyil. Türkiyə sülhməramlı qüvvələrinin Qarabağda olması, həmçinin diplomatik müstəvidə masada olması, hər hansı bir təzyiqin neytrallaşdırılmasına gətirəcək. Həmçinin Azərbaycan ordusu Hadrut, Şuşa və Xocavəndin ərazisində olacaq. Burada daha peşəkar və hücum əməliyyatlarını reallaşdıran qüvvələr olacaq. Hətta Türkiyə ilə birgə baza da ola bilər”.
“Lavrov və Mnatsakanyan Minsk formatı çərçivəsinə ona görə qayıtmaq istəyirlər ki, bu format Azərbaycana qarşıdır və Türkiyənin burada siyasi rolunun qarşısını almağa hesablanıb”
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri onu da bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri formatında yenidən danışıqların başlanması üçün yeni bir mərhələ hazırlanır: “Lavrov və Ermənistanın XİN rəhbəri Mnatsakanyan bu istiqamətdə həmsədr formatında siyasi həll yolunun nizamlanmasını vurğulayır. Onlar Minsk formatı çərçivəsinə ona görə qayıtmaq istəyirlər ki, bu format Azərbaycana qarşıdır və Türkiyənin burada siyasi rolunun qarşısını almağa hesablanıb. Xüsusilə, Fransa burada əsas təşəbbüs göstərir. Məhz Rusiya XİN rəhbəri Qarabağla bağlı prosesləri Minsk Qrupu ölkələri ilə bölüşdüklərini qeyd edir. Minsk Qrupu artıq sentyabrın 27-dən öz funksiyasını itirib. Bu, format uzun illər işğala dəstək verib və Ermənistanın mənafelərinə xidmət edib. Müharibənin ilk günündən Fransanın işğalçı ölkənin yanında olduğu təsbit olunub. Bundan sonra Minsk Qrupu formatına ehtiyac varmı, buna diqqət edilməlidir. Azərbaycan Minsk Qrupu formatında danışıqlara ona görə sadiq idi ki, Ermənistan həll variantlarını qəbul edib, münaqişənin həlli sürətlənəcək. Amma Minsk Qrupu bu istiqamətdə fəal olmadı. İndi isə Azərbaycan hərbi yolla status-kvonu dəyişdi və Ermənistan kapitulyasiya sənədinə imza atdı. Minsk Qrupu artıq post-müharibə dövrü üçün deyil. Azərbaycan öz ərazi bütövlüyünü dekabrın 1-nə kimi həll edəcək. Ermənistan Minsk Qrupunun iştirakı olmadan bəyannaməyə imza atıb. Göründüyü kimi, həmsədlər formatına ehtiyac qalmamalıdır. Artıq siyasi danışıqlar prosesi Ankara-Moskva-Bakı və Yerevan arasında aparılmaqla yeni bir format yaradılıb. Lakin Rusiya və Ermənistan XİN rəhbərliyi Fransanı prosesə qoşmaq üçün yeni təmaslara keçib”. Politoloq bəyan edib ki, Azərbaycan Minsk formatına, xüsusilə Fransanın yer aldığı danışıqlara qatılmamalıdır: “Artıq Azərbaycan qalib tərəfdir. Ermənistan və Fransanın yeni planı isə Qarabağa hər hansı statusun verilməsi istiqamətindədir. Azərbaycan qəti şəkildə bəyan edib ki, status olmayacaq. Belə olan təqdirdə, Minsk formatı çərçivəsində danışıqlara getmək əleyhimizə ola bilər. Onu da qeyd edim ki, Türkiyə və Rusiya arasında sülhməramlı və digər məsələlərlə bağlı müqavilələr, razılaşmalar var. Artıq yeni siyasi mərhələyə keçilib və Azərbaycanı növbəti dəfə status məsələsinə sövq etmək istəyirlər. Lakin Türkiyə, Rusiya və Azərbaycan arasında bu məsələ bitib. Azərbaycan xalqı və siyasi camesi, başda Ali Baş Komandan olmaqla, status məsələsinin əleyhinədir və bu haqda müzakirə yeni problemlərə gətirib çıxara bilər”.
“10 noyabr tarixində imzalanan razılaşmanı ictimai çək-çevirə, dilə-dişə salmaq cəhdləri olduqca ziyanlı və qərəzlidir”
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altay isə hesab edir ki, 10 noyabr tarixində imzalanan razılaşmanı ictimai çək-çevirə, dilə-dişə salmaq cəhdləri olduqca ziyanlı və qərəzlidir: “Bunu zərərli hesab edib məyusluq hissinə yuvarlanmaq da çox səhv, yanlışdır. O qədər yanlış ki, yaxın vaxtlarda zaman bunun ən optimal mümkün variant olduğunu sübut edəndə, işin dərin təhlilinə varmadan küyə düşüb havayı məyusluq çəkənlər daha bir dəfə məyus olacaqlar. Erməni uduzub təslimçilik faciəsi yaşayır, hökumət, parlament binalarını dağıdır, Rusiyanın bayrağını yandırır, hərbi bazasına hücum çəkir, qovur ölkədən. Bizim bəzilərimiz də burada ağlaşma, yas qurmuşuq. Bu, böyük siyasətdir, iki ölkədən xeyli çox, regionun taleyini həll edən bir siyasət. Belə bir ciddi məsələyə baş vurursansa, bu işi soyuq başla dərindən analiz etməlisən. Bilməliyik ki, bu razılaşmanın ilk proyekti Putin və Ərdoğan arasında qurulub, ölçülüb, biçilib. Müqavilədə Türkiyənin adı yoxdursa, demək ki, erməniləri və Paşinyanı çəkindirmədən qol çəkdirmək üçün bu, Monitorinq Mərkəzi adı arxasında gizli saxlanıb. Odur, Türkiyə Rusiya ilə birgə bu işin içindədir və türklər də Qarabağa gəlir”.
“Qəbələ RLS məhz İlham Əliyevin prezidentliyi dövründə, həm də hakimiyyəti üçün yaradılmış ciddi riskə rəğmən Azərbaycandan çıxarılıb”
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı isə qeyd edib ki, Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Azərbaycandan keçmiş sovet ordusunun çıxarılması prosesinin əsasən tamamlanması ciddi uğur olub: “Bu addım Azərbaycanın daha sonrakı mərhələdə, Heydər Əliyevin və İlham Əliyevin hakimiyyəti dövründə uğurlu xarici siyasət kursuna sahib olmasına, eləcə də güclənərək son hərbi əməliyyatları həyata keçirməsinə imkan yaratmışdır. Amma nəzərə alaq ki, hətta ən mütləq müstəqillik tərəfədarı və Rusiya əleyhdarı olan Elçibəyin prezidentliyi dövründə belə, Qəbələ RLS Azərbaycanda Rusiya tərəfindən istifadə olunan hərbi obyekt kimi qalmışdı. Qəbələ RLS məhz İlham Əliyevin prezidentliyi dövründə, həm də hakimiyyəti üçün yaradılmış ciddi riskə rəğmən Azərbaycandan çıxarılıb. Dövlətlər üçün xüsusi prinsipial önəmli olan ərazini hüquqi (de-yure), faktiki (de-fakto) itirməməyə çalışmaqdır. Xarici hərbi baza da ciddi risk mənbəyidir. Xarici sülhməramlılar bunlardan daha az olmaqla bərabər problemli məqamdır. Xüsusilə, bu sülhməramlılar adətən bizə problem yaradan güc və bir ölkədən ibarətdirsə. Amma doğru təhlil üçün nəyin qarşılığında nələrin alındığını, hansı risklər qarşılığında nələrdən vaz keçildiyini bilmək lazım olacaq”.(hurriyyet.org)
Vazeh BƏHRAMOĞLU