Mart ayında Astana danışıqlarının yeni mərhələsi keçirilə bilər –ƏSGƏR ÖLÜMLƏRİNİN ARTMASINA BAXMAYARAQ, TÜRKİYƏ ORDUSU İDLİBDƏN ÇIXMIR
Metin Gürcan
“Əl-Monitor”, 10.02. 2020
Yenixeber.org: Suriya rejimi qüvvələrinin ölkənin son üsyançı qalasını ələ keçirmə təşəbbüsü 7 gündə 13 türkün ölümünə səbəb olduğu üçün Türkiyə ilə Rusiya arasında siyasi həll yolu pəncərəsi daralır.
Yenixeber.org: Türkiyə, eyni zamanda, fevralın 10-da 5 türk əsgərini öldürən və 5 nəfəri yaralayan Suriya rejiminin hücumundan sonra da qoşunlarını nəyin bahasına olursa-olsun orada saxlamaqda qərarlıdır.
Rusiya və Suriya qırıcı təyyarələrinin hava dəstəyi ilə Bəşər Əsədə sadiq qüvvələr keçən həftə rejimin nəzarətinə keçən strateji Saraqib şəhərindən İdlibin mərkəzinə doğru irəliləyişi davam etdirir. İran tərəfdarı hərbçilər isə Hələbin qərbindən vilayətə doğru irəliləyirlər.
Türkiyə də, öz növbəsində, məkanda hərbi gücünü artırır. Fevralın 10-na olan məlumata görə, əraziyə 100-dən çox hərbi konvoy göndərilib. İdlibin müdafiəsini cənub və şərq cəbhələrindən gücləndirmək üçün bu, Türkiyənin 2011-ci ildən bəri bölgədəki ən böyük hərbi mövcudluğuna işarədir. Hazırda bölgədəki türk əsgərlərinin sayı təxminən 9 minə çatıb.
Bölgədə artan türk fəallığına cavab olaraq Əsəd qüvvələri Suriyanın şimal-qərbindəki Taftanaz şəhəri yaxınlığında bir türk hərbi postuna zərbə endirib, 5 türk əsgəri öldürülüb və daha 5 adam yaralanıb. Bu həmlə ilə Suriya rejiminin hücumlarından türk itkiləri 13-ə çatıb, o cümlədən fevralın 3-də Saraqib yaxınlığında 8 türk öldürülüb.
Suriya rejimi tərəfindən mühasirəyə alınan türk müşahidə postlarının sayı da Tell Tuqan, əl-Ays və Saraqibin süqutu ilə yeddiyə çatıb. Türkiyə 2018-ci ildə Ankara və Moskva arasında de-eskalasiya sazişi çərçivəsində İdlibdə və ətrafında 12 hərbi post qurmuşdu.
Bu qədər ölümcül qarşıdurmalara baxmayaraq, Türkiyə niyə ərazidə qoşun saxlamaqda israr edir?
Ankaranın strategiyası sadədir: Türkiyə İdlibdə və ətrafında hərbi iştirakını Suriya rejiminin təcavüzünə qarşı Rusiyanı hərəkətə keçirməyə məcbur etmək üçün məcburi diplomatiya olaraq artırır.
Türkiyə İdlib probleminin sonda sərt danışıqlar yolu ilə həll olunacağına əmindir. Beləliklə, Suriyanın digər bölgələrində maraqlarını qorumaq üçün Ankara hava məkanına nəzarət etmədiyi bir bölgədə əsgərlərini artıraraq səhmini gücləndirir.
Türkiyə riskli strategiyası ilə iki məqsədə çatmağı hədəfləyir.
Birincisi, Moskvanı İdlibdə barışıq üçün yeni danışıqlar masasına oturtmaq.
İkincisi, masada Rusiyadan Suriya rejiminin Türkiyənin Afrin bölgəsindəki hərbi varlığını, həmçinin Carablus, əl-Ray və əl-Babı qorumasına icazə təminatı almaq.
Türkiyə üçün kabus ssenarisi – 2017-ci ildə “Fərat Qalxanı” əməliyyatı və 2018-ci ildə “Zeytun Budağı” əməliyyat ilə nəzarət altına alınan şimal bölgələrini itirməkdir. Suriya rejimi İdlibə nəzarəti təmin etdikdən sonra bu bölgələrə keçə bilər.
Beləliklə, Ankaranın Rusiyanı atəşkəsə dair danışıqlar masasına oturmağa razı salmaq üçün hərbi varlığını artırmaqdan başqa yolu qalmır.
Türkiyə ilə Rusiya arasındakı gərgin keçən həftədə, fevralın 1-də Türkiyənin dəstəklədiyi “Azad Suriya Ordusu”nun nəzarətində olan İdlibin şimalında 4 Rusiya əməliyyatçısı öldürülüb. Rusiya nümayəndə heyəti fevralın 8-də de-eskalasiya danışıqları üçün Ankaraya gəlib, ancaq Suriyanın şimal-qərbindəki Taftanaz şəhərində türk mövqeyinə hücum atəşkəs ümidlərini öləziləşdirib.
Qeyd edək ki, bu görüşlərdə Türkiyə hava və quru qüvvələrindən dörd generalın olması Türkiyənin Rusiya ilə hərbi koordinasiyaya verdiyi yüksək əhəmiyyətdən xəbər verir.
Fevralın 8-də keçirilən ilk danışıqlarda Türkiyə tərəfi Suriyanın rejim qüvvələrinin fevral ayının sonuna qədər İdlibdəki de-eskalasiya zonasından çəkilməkdən imtina etdiyi təqdirdə, əks-həmlə həyata keçirəcəyini bildirib.
Ankara Əsəd qüvvələrinin İdlibin mərkəzinə çatmasından əvvəl siyasi prosesi sürətləndirmə məqsədi ilə Rusiya, İran və Türkiyə arasında mümkün yeni bir sammit üçün əsaslar qurur. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Qazaxıstan paytaxtında 3 il əvvəl başlatmış Suriya danışıqlarına toxunaraq deyib: “Mart ayında Astana danışıqlarının yeni mərhələsi keçirilə bilər”.
Prezident Vladimir Putinin Türkiyənin məcburi diplomatiyasına necə təpki verəcəyi hələ məlum deyil. Putinin türk vəzifədaşı ilə təkbətək görüşə hazır olub-olmaması da cavabsız sualdır, çünki Rusiya lideri yanvarın 23-də Moskvada Türk və Suriya kəşfiyyatçıları arasında görüşdən sonra da Ankara-Dəməşq yaxınlaşmasını təmin edə bilməyib.
Ərdoğan və Putin görüşsə, yəqin ki, qoşunlarını strateji M4 və M5 magistral yollarının cənubundan çəkilmə qarşılığında Türkiyə Suriyanın şimalındakı “Fərat Qalxanı” bölgəsi və Afrin üzərində nəzarəti davam etdirməsini tələb edəcək.
Ankara İdlibin mərkəzini Suriya müxalifətinin nəzarətində saxlamaq yollarını da axtarır, halbuki Əsəd qüvvələri hədəfdən cəmi 10 kilometr məsafədədir. 2012-ci ildən bu yana ən yaxın məsafədə.
Danışıqlar masasının qurulması çətindir. Şam hədəfinə çatana qədər Moskva onun üçün vaxt udmağa çalışacaq.
Tərcümə: Strateq.az