Türkiyə - Rusiya yaxınlaşması Azərbaycana hansı dividentlər qazandırır? – Təhlil
Yenixeber.org: Son iki ildə Türkiyə ilə Rusiya arasında iqtisadi və siyasi sahədə yaxınlaşma Azərbaycan üçün əlverişli şərtlər formalaşdırır. Zamanla Türkiyə və Rusiyanın ticarət dövriyyəsi artır, turizm əlaqələri genişlənir, hərbi əməkdaşlıq dərinləşir və ən nəhayət, münaqişə zonalarında uzlaşma imkanları yaxşılaşır. Bu iki dövlətin ümumi münasibətlərinin müsbət dinamika üzrə inkişafı Azərbaycana həm iqtisadi, həm də siyasi sahədə dividentlər qazandırır.
Türkiyə ilə Rusiyanın yaxınlaşmasını motivə edən əsas amil ABŞ-la bu iki dövtlətin münasibətlərinin gərginləşməsidir. ABŞ rəsmi və qeyri-rəsmi formada hər iki ölkəyə sanksiya tətbiq edir. Buna cavab olaraq özünümüdafiə imkanlarını yaxşılaşdırmaq məqsədilə Türkiyə ilə Rusiyanın hərbi, siyasi və iqtisadi sahədə yaxınlaşması müşahidə olunur. Rəsmi Ankaranın və Moskvanın qəbul etdiyi qərarlar sayəsində Türkiyə və Rusiya öz regionunda iqtisadi və siyasi güc mərkəzinə çevrilir. Hər iki ölkənin həyata keçirdiyi birgə layihələr, böyük ticarət əlaqələri bunun göstəricisidir.
2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 2016-cı illə müqayisədə xeyli artaraq 26 milyard dolları ötüb. Rusiya Türkiyəyə 21 milyard dollar dəyərində əmtəə ixrac edib. Rusiyadan Türkiyəyə turist səfərlərinin də sayı artır. 2015-ci ildə Türkiyəyə 2,84 milyon rus vətəndaşı gəlmişdisə, ötən il bu göstərici 7 milyona yüksəlib.
Digər tərəfdən Rusiyanın Türkiyəyə yönəltdiyi birbaşa sərmayənin də həcmi artır. 2015-ci ildə birbaşa sərmayənin həcmi 7 milyard dollar olduğu halda 2019-cu ildə birbaşa sərmayənin dəyəri 10 milyard dolları ötüb.
İqtisadi əlaqələrlə bərabər iki ölkə arasında hərbi sahədə də əməkdaşlıq güclənir. Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafi sistemlərinin sınağına başlayıb. ABŞ həmin sistemlərin alındıqdan sonra istifadə edilməməsini tələb etsə də Türkiyə 2 milyard dollardan artıq vəsait ödədiyi sistemlərin sınaqlarına və istifadəsinə qərar verib. Gələcəkdə Türkiyədə S-400-lərin birgə istehsalı da planlaşdırılır.
Bundan başqa iki ölkə Suriya və Liviya kimi münaqişə zonalarında yaxşı əməkdaşlıq müstəfisi qurub. Məhz iki dövlətin uzlaşma əldə etməsi münqişələrin alovlanmasının qarşısını alıb.
İki ölkənin regional aspektdə formalaşdırdığı güc mərkəzi hər ikisi ilə yaxşı münasibətləri olan Azərbaycana sərf edir. Azərbaycanın ayrı-ayrılıqda həm Türkiyə, həm də Rusiya ilə yaxşı iqtisadi, hərbi və siyasi əlaqələri var. Bu əlaqələrin yeni imkanlar fonunda bir qədər də inkişafı mümkündür.
Qarabağ ətrafında son bir ayda baş verənlər də təsdiqləyir ki, Türkiyə və Rusiyanın yaxınlaşması Azərbaycana həm iqtisadi, həm də siyasi məsələlərdə faydası olacaq, Azərbaycana əlavə dividentlər gətirəcək.
Birgə ortaq layihələr, boru xətlərinin çəkilişi, ildə 6-7 milyon rus turistin Türkiyədə istirahət etməsi, Rusiyanın Türkiyəyə böyük həcmdə qaz ixracı, atom elektrik stansiyasının tikintisi yaxınlaşmanın, əməkdaşlığın göstəricisidir.
Silah alışı da əməkdaşlığın dərinləşməsinin başqa bir əlamətidir. ABŞ-ın satmaq istəmədiyi Patriot raketlərinin əvəzində Rusiya S-400 raket komleksini Türkiyəyə satdı. Əgər ABŞ Türkiyəyə razılaşmanın əksinə olaraq F-35 təyyarələrini də satmaq istəməsə, Rusiyadan SU- 57 təyyarələrini almaq imkanı var. Rusiya artıq bununla bağlı öz təklifini verib. Faktiki olaraq iki ölkə ciddi tərəfdaşa çevrilib. İki ölkə həm Suriya, həm də Liviya məsələsində ortaq fikrə də gələ bilib.
Türkiyə və Rusiya yaxınlaşması regionumuzda da iqtisadi və təhlükəsizlik sahəsində vəziyyətin yaxşılaşmasına şərait yaradır. Rusiya ilə Türkiyə arasında olan isti münasibətlər hesabına Azərbaycanın da qoşulduğu bir sıra layihələri reallaşdırmaq imkanı yarandı. Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin reallaşdırılması məhz Türkiyə ilə Rusiya arasında yaxınlaşmadan sonra mümkün oldu. Bu layihənin ideya müəllifi Türkiyə idi. Rusiya ilk vaxtlar bu layihəyə isti münasibət göstərmirdi. Çünki Rusiyadan da tranzit məqsədilə dəmiryol xətti keçir. Amma Türkiyə ilə Rusiyanın yaxınlaşmasından sonra layihənin rellaşması imkanları yaxşılaşdı.
Rusiya öz qazının bir hissəsini Türkiyə üzərindən Avropaya satmaq istəyir. Azərbaycan da Türkiyə ərazisindən istifadə etməklə Avropaya qaz satmaq istəyir. Eyni zamanda hər iki ölkə Türkiyəyə qaz satır. Müəyyən mənada Azərbaycan və Rusiyanın qaz ixracı ilə bağlı maraqları toqquşur. Bu məsələdə də Türkiyə Rusiya yaxınlaşması, isti münasibətlər problemin aradan qaldırılmasına kömək etdi. Türkiyə amili Rusiyanın bir sıra təsirlərinin qarşısını alır.
İki ölkənin yaxınlaşmasından sonra Rusiya Bakı-Tbilisi-Qars dəmiryol layihəsindən istifadə etməyə başlayıb. Türkiyə və Rusiyanın siyasi, iqtisadi məsələlərlə yanaşı, təhlükəsizlik məsələlərində də yaxınlaşmasının Azərbaycana siyasi faydası olacaq. Hamıya bəllidir ki, Rusiyanın Ermənistana təsir imkanları böyükdür, Ermənistan faktiki müstəqil dövlət deyil. İran və Türkiyə ilə sərhəddi Rusiya qoruyur, Ermənistanda Rusiyanın hərbi bazası var, bir sözlə bu ölkə Rusiyanın tam təsiri altındadır.
Türkiyənin Rusiya ilə strateji tərəfdaşlığından faydalanaraq, regionda aktivliyini artıraraq Rusiya ilə dialoq içində Qarabağ münaqişəsinin yekun həllini sürətləndirmək məqsədilə Moskva ilə fikir alış-verişi mümkündür. Xüsusən Suriya və Liviya məsələsi əsasən həll ediləndən sonra növbəti münaqişə ocağı kimi Qarabağ məsələsinin tam həlli həyata keçiriləcək.
Proseslər onu göstərir ki, Azərbaycanın hərbi müstəvidə qazandığı uğurlar münaqişənin tam həlli üçün real imkanlar yaradıb. Qeyd edək ki, hər bir hərbi münaqişənin yekunda siyasi həllinin tapılması olduqca əhəmiyyətlidir. Əks təqdirdə hərbi münqaişə davamlı hal ala bilər. Türkiyənin Rusiya ilə əməkdaşlığı çərçivəsində münaqişənin hərbi proseslərdən sonra tam siyasi həlli imkanları yaranacaq.(sfera.az)
Vasif