Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Alı Alıyev: "Rayonumuz bu gün yaşayır və inkişaf edir"

 

    Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev  Modern.az saytına müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.

 

    - Alı müəllim, işğal olunmuş rayonun icra başçısı vəzifəsində işləmək elə də asan deyil. Bu ağır, məsuliyyətli işin öhdəsindən necə gəlirsiniz?

- Vəzifəyə təyin olunan şəxsin ilk növbədə idarəçilik qabiliyyəti olmalıdır. Çətinliyə gəldikdə, mənim elə bir problemim olmayıb. 1978-ci ildən rayonda müxtəlif məsul vəzifələrdə çalışmışam. Əlbəttə, hər bir rayonun özünəməxsus xüsusiyyətləri var. Füzuli rayonunun işğala məruz qaldığını, əhalisinin böyük əksəriyyətinin respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşdığını nəzərə alsaq, bəzi çətinliklər də mövcuddur. Çalışırıq ki, ilk növbədə əhalinin problemlərini həll edək, onların qayğıları ilə məşğul olaq. Hazırda işğal dövrü yandırılmış və dağıdılmış evlər, infrastruktur obyektləri bərpa olunur. Şəhər statusu almış Horadiz bu gün yenidən qurulur, müasir şəhərə çevrilir, böyüyür. Horadiz şəhərində işğal dövrü yandırılmış 227 fərdi yaşayış evinin və 14 ailəlik 2 ictimai yaşayış binasının tikintisi başa çatmaqdadır.  Son 10 ildə ərazidə 4211 ailəlik 16 qəsəbə tikilib və həmin qəsəbələrdə 20 min nəfər məskunlaşıb. Bütün bunlar onu göstərir ki, Füzulinin 50 faizi işğal altında olsa da, rayonumuz bu gün yaşayır və inkişaf edir. Bunu düşmənlərimiz də görür.

- Bir az da əvvələ qayıdaq, icra başçısı təyin olunmağınız necə baş verdi? Təyinatı gözləyirdinizmi?

- Kadr təyinatı birbaşa cənab prezidentin səlahiyyətində olan məsələdir. Hər bir dövlət məmuru ilk növbədə ölkə prezidentinin etimadını doğrultmalıdır. Mən uzun müddət rayonumuzda müxtəlif rəhbər vəzifələrdə çalışmışam. Daim ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olmuşam. Bu gün də özümü dövlət başçısı cənab İlham Əliyevin əsgəri hesab edirəm. İcra Hakimiyyətinin başçıları yerlərdə prezidentin nümayəndəsi sayılırlar. Əgər İcra Hakimiyyətinin başçısı prezidentin siyasətini doğru yerinə yetirərsə, xalq da onu sevəcək. Ona görə də yerlərdə olan rəhbər işçilər məsuliyyətlərini anlamlıdırlar və hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır. Belə olduğu halda xalqla ölkə rəhbərliyi arasında hər zaman isti münasibətlər yaranar. Çünki bizləri prezident vəzifəyə ona görə təyin edib ki, onun etimadını doğruldaq, xalqa xidmət edək, insanların problemləri ilə məşğul olaq.

- Deyirlər vəzifə insanı dəyişir. Bəs sizi necə, dəyişdimi?

- Düşünmürəm ki, vəzifə məni dəyişdirsin. Mən əvvəldən necə olmuşamsa, indi də eləyəm. Bu gün heç kim deyə bilməz ki, vəzifə ömürlükdür və mən nə istəyirəmsə, edə bilərəm. Dövlət başçısı cənab İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb ki, vəzifə dövlət qulluqçularına, məmurlara  imtiyaz üçün deyil, xalqa və dövlətə xidmət üçün verilib. Bu gün mənə etimad göstərilib bu vəzifəyə layiq görülmüşəmsə, deməli üzərimə düşən məsuliyyət də vardır. Sabah mənə desələr ki, siz artıq bu vəzifəni icra etməyəcəksiniz, inanın, bunu normal qarşılayaram. Çünki mən vəzifənin ömürlük olmadığını özümə aşılamışam.

- Füzuli rayonunun işğaldan əvvəl və sonrakı əhali sayı nə qədərdir? Yəni müqayisə hansı nəticəni ortaya çıxarır?

- Əlbəttə ki, əhalimizin sayı artıb. 1993-cü ildə rayon işğal olunan zaman əhalimizin sayı 97 min nəfərə yaxın idisə, hazırda rayon əhalisinin sayı 122 min nəfərdən artıqdır. 25 min nəfərə yaxın artım var ki, bu da doğumun ölümü qabaqladığını göstərir. Bundan başqa respublikamızın 50-dən çox şəhər və rayonunda məskunlaşan füzulili məcburi köçkünlər həmin ərazidəki insanlarla qaynayıb qarışıblar, qız alıb, qız veriblər.

- Rayon əhalisi daha çox hansı bölgələrdə məskunlaşıblar?

- Rayonmuzun 50 min nəfərə yaxın əhalisi respublikanın 50  şəhər və  rayonunda məskunlaşıblar. Rayon  İcra  Hakimiyyəti müəyyən olunmuş  qrafik  əsasında əhalinin daha çox məskunlaşdığı, xüsusilə Bakı, Sumqayıt  şəhərlərində, Sabirabad, Saatlı, İmişli  və  Beyləqan  rayonlarında görüşlər  keçirir, söhbətlər  aparır, onları narahat  edən  məsələləri  yerindəcə  həll  etməyə  çalışır. Respublikamızın paytaxtında, başqa şəhər və rayonlarda məskunlaşmış füzulili məcburi köçkünlər də daim diqqət və qayğı ilə əhatə olunduqlarını hiss edirlər. 2013-cü ildə Bakıda məskunlaşmış 256 ailə Müşfiqabad qəsəbəsində, 215 ailə isə Mehdiabad qəsəbəsində hər cür şəraiti olan mənzillərlə təmin olunublar. Dövlət Proqramının tələblərinə uyğun olaraq rayon ərazisindəki qəzalı vəziyyətdə olan ictimai binalarda, yol kənarlarında, yataqlarda məskunlaşmış 721 ailə üçün yeni qəsəbə salınmasına yaxın günlərdə başlanacaq. Bu günlərdə Horadiz  şəhərində Qarabağ  əlillərinə  çoxmərtəbəli   ev  tikilməsi  də nəzərdə  tutulub.

- Füzuli sakinləri bu gün daha çox hansı problemlərlə bağlı Sizə müraciət edirlər?

- Füzuli rayon İcra Hakimiyyətində vətəndaşların rəsmi qəbul günlərindən əlavə, əhalimiz istədikləri vaxt öz problemləri ilə bağlı bizə müraciət edirlər. Müraciətlərin  əksəriyyəti əraziyə  köçüb  gələn sakinlər tərəfindən olur. Bunlar da əsasən yeni iş yerlərinin yaradılması, yandırılmış  və  dağıdılmış evlərin bərpa olunması, həyətyanı  torpaq  sahəsi  verilməsi, suvarma suyu ilə  bağlıdır. Bütün müraciətlər imkan daxilində müsbət həll olunur.

Əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədi ilə mütəmadi olaraq vətəndaşlarla görüşlər, səyyar qəbullar keçirilir, onların təklif və qayğıları həll edilir.

Rayonumuzdan olan 6 nəfər Milli Qəhrəman ailələrinə Bakı şəhərindən mənzil verilməsi, yüksək pensiya ayrılması, hər bir müraciətlərinin sözsüz yerinə yetirilməsi bu qayğının təzahürüdür.

İnsanları narahat edən ən böyük məsələ torpaqlarımızın işğaldan nə zaman azad olunmasıdır. Məcburi köçkünlərin bütün problemlərini həll etməkdən ötrü mütləq torpaqlarımız işğaldan azad olunmalıdır. Bu gün bütün füzulililər inanırlar ki, Prezident cənab İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi istiqamətində yorulmadan apardığı siyasət, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu qətiyyətli mövqe, yeritdiyi müdrik və uzaqgörən siyasət uğurla nəticələnəcək, ata-baba yurdlarımız tezliklə düşmən tapdağından azad ediləcəkdir.

- Sirr deyil ki, ölkədə işsizliklə bağlı problemlər var. Bu məsələ Füzulidə necədir?

- Rayonda əhalinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də bir sıra işlər görülür.  Sosial məsələlərdən olan işsizliklə bağlı problemlər də ardıcıllıqla öz həllini tapmaqdadır. Həyata keçirilən tədbirlər sayəsində son 10 ildə rayon üzrə 4 mindən artıq, son beş ildə 3 minə yaxın, 2013-cü ildə isə 548 daimi iş yeri, 10 mindən çox müvəqqəti iş yerləri açılmışdır. Bu sahədə müntəzəm tədbirlər həyata keçirilir. Rayonumuzun məcburi köçkünləri dövlət təminatı ilə əhatə olunublar. Füzulili məcburi köçkünlərə çörəkpulu, işıq, qaz, su və torpaqla bağlı imtiyazların hesabına hər il 40 milyon manatdan çox təmənnasız köməklik göstərilir. Bura tikinti-abadlıq işlərini, güzəştli kreditləri, əkinlə bağlı subsidiyaları, müxtəlif yardımları əlavə etsək, ölkə başçısının füzulililərə olan qayğısının miqyası özünü daha aydın göstərər. Bu gün Azərbaycanın sürətli inkişafının, gündən-günə dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biri də Füzuli rayonudur. Rayonumuz başqa regionlar kimi inkişaf və quruculuq meydanını xatırladır. Təkcə 2011-2013-cü illərdə Füzulidə sosial-iqtisadi sahədə xeyli irəliləyişlər olub. Xüsusilə cənab İlham Əliyevin Füzuli rayonuna sonuncu səfərindən sonra insanları narahat edən problemlərin aradan qaldırılması və ölkə prezidentinin elan etdiyi inkişaf siyasətindən irəli gələrək başlanan islahatlar rayonun həyatında yeni keyfiyyət dəyişikliklərinə yol açmışdır. Əhalinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Sosial yardıma ehtiyacı olan insanlara qayğı, ünvanlı sosial yardımların ədalətlə müəyyənləşdirilməsi və sahiblərinə çatdırılması işi yüksək səviyyədə həyata keçirilir. Əhalinin sosial müdafiə mərkəzi tərəfindən son 3 ildə 1603 ailəyə, 2013-cü ildə isə 252 ailəyə  ünvanlı sosial yardım verilmişdir. Aztəminatlı ailələrin normal yaşamaları üçün sosial müavinətlərin artırılması üçün tədbirlər davamlı olaraq həyata keçirilir. 

- Füzuli rayonunda tibb və təhsil sahəsində vəziyyət haqda nə demək olar?

- Rayonda  ən  vacib  xidmət  sahələri  olan  təhsil  və  səhiyyə  işinin  getdikcə təkmilləşdirilməsi  davam  etdirilir. Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramında bu sahədə olan tədbirlərin demək olar ki, hamısı rayonda ardıcıllıqla öz həllini tapır. Ərazidəki  45 ümumtəhsil  müəssisəsinin  hamısı, tibb  və mədəniyyət  müəssisələrinin  əksəriyyəti  yenidən  tikilmiş  və ya  əsaslı  bərpa  olunmuş  binalarda yerləşir. Təhsilin  ən  müasir  texniki  vasitələrə  keçirilməsini, təhsil  sistemində  müəyyən kadr  dəyişikliyini, bu  sahəyə  nəzarətin  artırılmasını nəzərə  alsaq ötən  il  442 nəfərin  ali  və  orta  ixtisas məktəblərinə  sənəd  verməsini  və  onlardan 364  nəfərinin müxtəlif ali və orta ixtisas  müəssisələrinə  qəbul  olunmasını  uğur  saymaq  olar. Sənəd  verən  şagirdlərin  82 faizi  ali və  orta  ixtisas  məktəblərinə  qəbul  olunub.

Gənc nəsil bizim sabahımızdır, sabahımızın  etibarlı  əllərdə  olması, sağlam, dünyagörüşlü  nəslin  yetişdirilməsi çox vacib məsələdir.    

Rayonda səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. İmtiyazlı xəstələrin dərmanlarla təchizatının yaxşılaşdırılması, tibb xidmətinin  səviyyəsini  yüksəltmək  üçün  tədbirlər davamlı olaraq həyata  keçirilir. 

- Fikir veririsinizsə, son zamanlar mediada və sosial şəbəkələrdə bəzi məmurlar və onların övladları ilə bağlı xoşagəlməz məsələlər qabardılır. Sizin bu məsələlərlə bağlı mövqeyiniz necədir?

- Dövlət məmuru xalqın xidmətçisidir. O çalışmalıdır ki, hər bir işi ilə vətəndaşa nümunə olsun. Məncə bu sualla ən tutarlı cavabı dövlət başçısı cənab İlham Əliyev verib. Əgər prezidentimiz deyirsə xalqın birinci xidmətçisi mənəm, bütün dövlət məmurları da belə işləməlidirlər. Hesab edirəm ki, Prezidentin bu sözləri hər bir məmur üçün əsas prinsip olmalıdır.  

- Bəzən mediada sizin haqqınızda da yoxlanılmamış məlumatlar yazırlar.

- Bəli yazırlar, ancaq kimin nə yazması əsas deyil. Əsas olan odur ki, Prezident cənab İlham Əliyevin ardıcıl diqqət və qayğısı ilə Azərbaycanın hər yerində olduğu kimi  Füzuli rayonunda da genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır. İşğaldan azad olunmuş kənd və qəsəbələr sürətlə inkişaf edir, yeni  sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, müasir dizaynda yeni parklar, bağlar salınır, magistral yollarda və şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun istinad divarları hörülür, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılır. Bütün bunlar sakinlərin rahatlığı üçün edilir. Hər bir füzulili bu işlərlə fəxr edib qürur hissi keçirir. Bu cür yazıların müəllifləri və onların arxasında duranlar isə bu məlum həqiqətə kölgə salmağa, ictimai rəydə çaşqınlıq yaratmağa çalışırırlar. Ancaq yalan ayaq tutar, yeriməz deyib atalarımız.

- Qarabağ danışıqları 20 ildən çoxdur uzanır. İşğal olunmuş rayonun icra başçısı kimi bu məsələ ilə bağlı qənaətləriniz nədən ibarətdir?

- Təəssüf ki, Ermənistanın işğalçılıq siyasəti hələ də davam edir, bir milyona yaxın məcburi köçkün öz doğma yurd yuvalarına qayıda bilmirlər. ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin nizamlanmasına ikili standartlarla yanaşırlar. İşğalçı ilə torpaqları işğal olunan eyni statusla dəyərləndirilir. Münaqişənin həllinin isə çox sadə formulu var: Azərbaycan torpaqları işğaldan azad edilməli, məcburi köçkünlər öz torpaqlarına qayıtmalı və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının birgə yaşayışı təmin olunmalıdır. Əlbəttə, biz sülh tərəfdarıyıq, münaqişənin danışıqlar yolu ilə həllini istəyirik və bu istiqamətdə Prezident İlham Əliyevin siyasətini dəstəkləyirik. Prezidentimiz bəyan edib ki, biz danışıqlar xatirinə danışıq aparmırıq, işğal altında olan torpaqlarımızın hər qarışını azad edəcəyik. Bu gün Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı son qarışına kimi azad etmək gücündədir. Ölkə başçısının söylədiyi kimi, biz müharibəni deyil, döyüşü uduzmuşuq. Bunu qarşı tərəf də çox gözəl anlayır. Belə olmasaydı, Füzuli də daxil olmaqla, işğal olunmuş ərazilərdə ermənilər çoxdan məskunlaşardılar. Onlar da bilirlər ki, əzəli və əbədi torpaqlarımız olan Qarabağ günlərin birində məzarlarına çevrilə bilər. Biz  Prezidentimizin münaqişənin həlli ilə bağlı atdığı addımları çox diqqətlə izləyirik və həmişə görürük ki, onun mövqeyi milli maraqlarımıza tamamilə uyğundur. İnanırıq ki, Prezident İlham Əliyevin dediyi kimi bizim hər bir qələbəmiz Ermənistanın faciəsi, hər bir uğurumuz isə onların məyusluğu olacaq. Ən böyük uğurumuz isə o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır.

- Alı müəllim, qarşıdakı müddətdə Füzulidə hansı yeniliklər gözlənilir?

- Rayonda tikinti-abadlıq işləri sürətlə davam etdirilir. 2013-cü ildə Horadiz şəhərinin görkəmi daha da gözəlləşdirilmişdir. Hazırda burada 8 hektar ərazidə Bayraq Meydanı, Milli Qəhrəmanlar Parkı, 31 mart soyqırım qurbanlarının xatirəsinə abidə, Şəhidlərin Xatirə Kompleksi tikilir. Ağsaqqallar evi, Tarix-Diyarşünaslıq Muzeyi, boulinq zalının tikintisi başa çatmaqdadır. Şəhərdə işğal dövrü yandırılmış 227, Alıxanlı kəndində 50 ev sürətlə bərpa olunur. “Rayon ərazisində hər adama bir qızılgül əkək” təşəbbüsü ilə 120 min qızılgül, 20 mindən artıq müxtəlif həmişəyaşıl ağaclar əkilib. Daha möhtəşəm işlər hələ qabaqdadır. Qarşıda  həlli  vacib  məsələlər  dayanır. Biz  əhalinin  həyat  şəraitini  daha  da  yaxşılaşdırmaq, respublikanın  müxtəlif  şəhər  və  rayonlarında  yaşayan  məcburi köçkünlərlə  əlaqə  saxlamaq, onların  qayğı  və  müraciətlərini  həll etmək, respublika Prezidentinin Fərman və  sərəncamlarının  yerinə  yetirilməsini  təmin  etməklə  bütövlükdə  rayonun  qarşısında  dayanan   vəzifələrə  layiqincə  əməl  etməliyik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam