Dönməz Məmmədov: “Mən bu cür mövqeyimi ortaya qoyduqca, qoçu dəstəsinin üzvlərindən olan Maarif və Eldar adlı şəxslər, mənə sui-qəsd edəcəklərini bildirirlər”
Yenixeber.org: Bu günlərdə redaksiyamıza “AMAL-D” MMC-nin rəhbəri Dönməz Məmmədov tərəfindən daxil olan və sanki hər kəsi şoka sala biləcək şikayət ərizəsinin məzmununu oxuduqca, çox keçmədi ki, “vəlvələ”yə deyil, “zəlzələ”yə düşdük. Çünki şikayətçi Məmmədov qeyd edir ki, “mən uzun illərdir ki, Bakı-Saray-Sumqayıt xətti üzrə hərəkət edən 501 saylı marşrut xəttinin sahibiyəm. Elə ki, bir neçə il bundan əvvəl Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinə başçı təyin olundu, elə həmin vaxtdan da o, mənim bir sahibkar olaraq fəaliyyətimə əngəl yaratmağa başladı. Yəni bu gün də o, bu marşrut xəttini məndən almaq üçün “dəridən-qabıqdan” çıxmaqdadır. Baxmayaraq ki, bütün marşrut xətləri Nəqliyyat, Rabitə və Yüksək Yexnologiyalar Nazirliyinin tərtib etdiyi cədvəl üzrə hərəkət edir. Zakir Fərəcov ilk əvvəl vəzifə səlahiyyətindən sui-istifadə etməklə, marşrut xəttinin uzunluq məsafəsinin bir qədər azaldılmasına nail oldu.
Onu da bildirim ki, mən bir sahibkar olaraq hər zaman vergi borclarımı ödəyən bir şəxs olmuşam. Qeyd olunan marşrut xətti üzrə hərəkətdə olan nəqliyyat vasitələrinin qanunamüvafiq lisenziyaları var və bu gün də onların istismar müddəti etibarlıdır. Bu ilin 27 aprelində Zakir Fərəcovun qoçu dəstələrindən olan Xanı, Maarif və Eldar adlı şəxslər, mənə məxsus “DAEWO” markalı nəqliyyat vasitələrini xətdən çıxarırlar və naməlum bir ərazidə gizlədirlər. Hansı ki, mən bir sahibkar olaraq ayda hər bir nəqliyyat vasitəsinə görə dövlətə pul ödəyirəm. Zakir Fərəcovun qoçu dəstələrindən olan Xanı və Məzahir adlı şəxslər, “biz bu pulu Zakir Fərəcova verəcəyik” adı altında, məndən 160 min manat pul alıblar. Hətta, onlar həmin pulu alan zaman “bundan sonra sənə məxsus nəqliyyat vasitələrinin hərəkətinə bir kimsə maneə olmayacaq” dedilər. Buna baxmayaraq, bu gün də onlar məndən əlavə pul tələb etməkdədirlər. Artıq mənim bir kimsəyə verməyə pulum yoxdur. Mən bu cür mövqeyimi ortaya qoyduqca, qoçu dəstəsinin üzvlərindən olan Maarif və Eldar adlı şəxslər, mənə sui-qəsd edəcəklərini bildirirlər. Ona görə də, sizdən artıq dərəcədə xahiş edirəm ki, bir sahibkar olaraq üz-üzə qaldığım problemlərin varlığını ölkə rəhbəri cənab İlham Əliyevə və hüquq-mühafizə orqanı əməkdaşlarının diqqətinə çatdırasınız. Bəlkə o zaman Zakir Fərəcovun müsibətlərindən xilas ola bildim”.(bakunews.az)