Şuşanın İcra Başçısı”MAT”olmaq üzrə: Zakir Fərəcov Vüsalə Fətəliyevanı icra başçısı gətirir
Sumqayıt icra başçısının yeni hədəfi – Şuşa
Xeberinfo.com: Akif Səlimovun vəzifədən alınmasından sonra Laçın rayonunu da tam olaraq öz kurasiyası altına alan Zakir Fərəcov indi isə Şuşa rayonunu öz kurasiyasına almaqda ciddi maraqlıdır.
Bir xanım olaraq Vüsalə Fətəliyevanın Dağlıq Qarabağ danışıqlarında Azərbaycan icmasının təmsilçisi kimi çıxış etməsi daha perespektivli və daha uğurlu görünür.
Sonolay.org xəbər verir ki, bir neçə gün öncə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Şuşa ilə bağlı ilginc planı haqda AzMedia.info saytı maraqlı məlumatlar yaymışdır. Lakin həmin yazı tez bir zamanda saytlardan çıxarıldı.
Saytın iddia edirdi ki, bir müddətdir ki, Şuşa rayon İcra Hakimiyyətində ikitirəlik hökm sürməsi barədə məlumatlar yayılmaqdadır. Belə ki, rəsmi olaraq Şuşa şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi iş adamı, Bakı şəhərində restoranlar, mağazalar sahibi kimi tanınan, eyni zamanda Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri olan Bayram Səfərovda olsa da, faktiki olaraq Şuşa İcra Hakimiyyətini icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva idarə edir.
Şuşa İcra Hakimiyyətindəki mənbələrdən daxil olan məlumata görə, Bayram Səfərovun bütün işlərini öz üzərinə götürən xanım Fətəliyeva demək olar ki, bütün rayonu öz nüfuzu altına alıb. Bir qayda olaraq işdə tapılmayan Bayram Səfərova isə əvvəllər bu vəziyyət çox sərf edib. Lakin indi vəziyyət dəyişdiyinə görə Bayram Səfərov özünü faktiki olaraq pat vəziyyətinə salıb.
Saytın yaydığı məlumatlarda vurğulanırdı ki, son zamanlar Şuşa rayon icra başçısının xanım müavini Vüsalə Fətəliyeva bütün büdcə təşkilatlarının rəhbərlərini Bayram Səfərovla deyil, məhz onunla hesablaşmağa məcbur edib. Məlumatlı mənbə bildirir ki, Şuşa rayon büdcə təşkilatlarının rəhbərləri Bayram Səfərovdan yox, məhz Vüsalə Fətəliyevadən ehtiyat edir və hətta qorxurlar. Buna görə də, idarə müdirləri hər ay icra başçısının xanım müavininə istədiyi haqqı artıqlması ilə çatdırırlar.
İnformasiya mənbəmiz qeyd edir ki, Vüsalə Fətəliyeva ilə razılaşmayan idarə müdirinin aqibəti yaxşı olmur. Çünki xanım müavin onunla hesablaşmayan təşkilat rəhbəri haqqında müxtəlif məlumatları icra başçısı Bayram Səfərova verərək onu “ağızdan pərtök” başçı ilə üz üzə qoyur. Bayram Səfərovun söyüşü ilə üzləşmək istəməyən məmurlar isə məcburən Vüsalə xanımın istədiyi kimi razılaşırlar.
Məlumatda qeyd edilir ki, Vüsalə Fətəliyeva Şuşa İcra Hakimiyyətində idarəetməni üzərinə götürdükdən sonra var-dövləti artmağa başlayıb. İcra başçısının müavini Badamdar qəsəbəsi ərazisində dəbdəbəli imarət belə tikdirib. Bundan başqa paytaxtın bir neçə yerində bahalı qiymətə obyektlər aldığı qeyd olunur.
Vüsalə Fətəliyeva ilə bağlı ən ilginc məlumat isə onun artıq Bayram Səfərovun yerinə keçmək istəməsidir. Belə ki, daxil olan və tərəfimizdən digər mənbələrin də təsdiqlədiyi məlumata əsasən Bayram Səfərovun yerinə Şuşa icra başçısı olmaq istəyən Vüsalə Fətəliyevanın hamisi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Qeyd edək ki, daha əvvəl Abşeron rayonuna başçılıq edən Zakir Fərəcov Abşeron rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə xanım müavini İradə Gülməmmmədovanı təyin etdiməyə nail ola bilmişdi və demək olar ki, hazırda Zakir Fərəcov ölkənin ən böyük rayonlarından biri olan Abşeron rayonunu Sumqayıtın arxa bağçası kimi idarə edir.
Məsələ ilə bağlı saytımızı məlumatlandıran mənbənin bildirdiyinə görə Zakir Fərəcov kurasiyasında olan rayonların sayını artırır. Akif Səlimovun vəzifədən alınmasından sonra Laçın rayonunu da tam olaraq öz kurasiası altına alan Zakir Fərəcov indi isə Şuşa rayonunu öz kurasiyasına almaqda ciddi maraqlıdır.
Mənbə qeyd edir ki, Şuşa işğal altında olmasına baxmayaraq, Şuşa rayon İcra Hakimiyyəti vəzifəsi strateji əhəmiyyətlidir. Çünki Şuşa rayonunun başçısı avtomatik olaraq Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri vəzifəsinə keçir və həmçinin Milli Məclisdə təmsil olunur. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri olaraq Şuşanın icra başçısı həm də Dağlıq Qarabağ danışıqlarında Azərbaycan icmasının təmsilçisi olaraq çıxış edir. Xatırladaq ki, daha əvvəl Dağlıq Qarabağ danışıqlarında Azərbaycan icmasını təmsil edən rəhmətlik Nizami Bəhmənovdan fərqli olaraq Bayram Səfərov diplomatik vəzifədə özünü doğrulda bilmir.
Uzun illərin təcrübəsi isə göstərir ki, Bayram Səfərov Dağlıq Qarabağ danışıqlarında Azərbaycan icmasını təmsilçisi kimi çox uğursuz kadrdır. Elə ona görə də Dağlıq Qarabağ danışıqlarında yaranan yeni situasiyadan yararlanmağa çalışan praqmatik və təsərrüfatçı məmur kimi tanınan Zakir Fərəcov Bayram Səfərovu Vüsalə Fətəliyeva ilə əvəz etmək üçün hərəkətə keçdiyi bildirilir.
Mənbə bildirir ki, Zakir Fərəcov hərəkətə keçmək üçün çox uğurlu bir vaxt seçib. Çünki Dağlıq Qarabağ danışıqlarında son zamanlar intensivlik artdığına görə danışıqlarda bir tərəf olaraq çıxış edən Bayram Səfərovun diplomatik istedadlarının olmadığı və perespektivlərinin məhdudluğu hər kəsə məlumdur. Bir xanım olaraq Vüsalə Fətəliyevanın Dağlıq Qarabağ danışıqlarında Azərbaycan icmasının təmsilçisi kimi çıxış etməsi daha perespektivli və daha uğurlu görünür. Bu həmçinin danışıqlarda Azərbaycanın imicinə də müsbət təsir edə bilər.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.