"Çörəkpulu"ları müəmmalı şəkildə tutulan məcburi köçkünlərin, istilik təchizatı da dayandırıldı...-VİDEO
““Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq.”
İlham Əliyev
İlham Əliyev
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə Qaradağ rayon Müşfiqabad qəsəbəsi, "Məcburi köçkün şəhərciyi"ndə bu gündən evlərə istilik təminatı dayandırılıb. “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən səbəb isə sözügedən ərazidə yaşayan sakinlərin ödəniş borclarının olmasıdır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, 2021-ci ilin əvvəlinə qədər sözügedən ərazi gündə iki dəfə - səhər və axşam saatlarında isti su ilə də təmin edilirdi. Ərazi sakinlərinin - məcburi köçkünlərin bir neçəsi "Azəristiliktəchizat" ASC-nin verdiyi isti sudan istifadə etmədiyi üçün, ödəniş etməkdən də imtina etdilər. Bundan sonra, ödəniş borcu və yaranmış mübahisəyə görə, əraziyə isti su verilişi dayandırıldı. Artıq, bir ilə yaxın müddətdir ki, isti su ilə təmin edilməyən məcburi köçkünlərin, bu gündən evlərinin istilik təminatı da dayandırılıb. Səbəb, yuxarıda da qeyd etdiyimiz kimi, ödəniş borclarıdır.
Daha bir maraqlı məqam da var ki, bugünə qədər sözügedən ərazidə yaşayan məcburi köçkünlərdən evlərə verilən istilik təchizatı üçün ödənişlər, sayğac olduğuna baxmayaraq, metodik hesablama ilə tələb edilirmiş.
Birinci Qarabağ müharibəsi başladığında, mənfur düşmənlərimiz ucbatından "Qışın oğlan çağında" isti evini, ocağını tərk etmək məcburiyyətində qalan məcburi köçkünlərin bu dəfə də "şansları üzlərinə dönük çıxıb". Bu dəfə isə məsul dövlət qurumu tərəfindən soyuq divarlar arasında yaşamağa "məhkum" ediliblər.
Amma, bu onların hazırkı, yeganə şanssızlığı deyil. Çox təəssüflə bildiririk ki, onsuz da iqtisadi böhranla çarpışaraq, "bir tikə çörək" tapmağa çalışan qaçqın və məcburi köçkünlərin, ötən yayımlarımızda da bildirdiyimiz kimi, artıq, bir neçə aydır ki, dövlət tərəfindən hər ay verilən, "çörəkpulu"ndan da müəyyən məbləğlər tutulur.
Dəfələrlə bu mövzunu yayımlasaq da, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin el dili ilə desək, "tükü də tərpənmədi".
Görünür, komitə sədri Rövşən Rzayev "güvəndiyi dağlar"ı xəyallarında çox böyüdüb ki, bu gün heç kimə və heç nəyə əhəmiyyət vermədən, öz "prinsipləri" ilə fəaliyyətini hər zamankı qaydada davam etdirir.
Maraqlıdır, görəsən Qarabağlı olub da, qarabağlıların nəinki dərdini anlamayan, üstəlik də "çörəkpulu"larını kəsməklə, onlara dərd artıran Rövşən Rzayev və "Azəristiliktəchizat" ASC benəva məcburi köçkünlərdən nəyin "qisas"ını alırlar?
Çox düşündük... eyni insanlara qarşı , eyni qurumlar tərəfindən edilən bu qədər zülmlərə başqa ad tapa bilmədik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır! (DogruXeber.az)