"PATI" İNSANI NECƏ ÖLDÜRÜR? –“Hər şey ilk tüstüdən başlayır”
Yalnız elliklə mübarizə gəncləri bu bəladan xilas edə bilər...
Yenixeber.org: Son zamanlar Azərbaycanda narkotik istifadəçilərinin sayında artım müşahidə edilir. Onların böyük əksəriyyəti təəssüf ki, gənclərdir. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına əsasən, 2021-ci ilin yanvar – iyun ayları ərzində ölkədə qeydə alınmış 14928 cinayət hadisəsinin 4145-i və ya 27,8 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,7 faiz çoxdur. Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2757 nəfər cinayət törətmiş şəxs müəyyən edilib. Onların 2719-u cinayət məsuliyyətinə cəlb olunub.
2021-ci ilin yanvar-iyun aylarında müsadirə edilmiş 2984,2 kiloqram narkotik maddələrin 1947,4 kiloqramını heroin, 618,9 kiloqramını marixuana, 245,5 kiloqramını tiryək, 57,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 114,9 kiloqramını isə digər narkotik vasitələr təşkil edib.
Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi əsasən Bakı şəhərində həyata keçirilir. Statistikaya əsasən Yasamal və Suraxanı rayonlarında belə hallar daha çox yaşanır.
Plantasiya şəraitində narkotik becərilməsi isə Azərbaycanın cənub bölgəsindəki rayonlarında üstünlük təşkil edir. Həmçinin, İran İslam Respublikası Azərbaycandakı narkobiznesin xarici bazarı hesab olunur.
Ölkədə rəsmi qeydiyyatda olan 33788 narkotik istifadəçisindən 618-i qadındır. Ekspertlərin fikrinə görə, reallıqda bu say daha çoxdur. Sözügedən şəxslərin 50%-i heroin, sintetik heroin (kakos), tiryək, anfetamin və metanfetamin istifadəçiləridir.
"Patı"-nın alt qatı...
Azərbaycanda son zamanlar “populyarlaşan”, əsl adı metanfetamin olan “patı” gəncləri ölümə sürükləyən və ən çox yayılan sintetik maddədir. Bu maddədən ilk dəfə ikinci dünya müharibəsi zamanı alman əsgərləri yatmamaq və aclığa dözmək üçün istifadə ediblər.
Ekspertlər bildirirlər ki, “patı”-nın ölkəmizdə və dünyada sürətlə yayılmasına səbəb daha ucuz başa gəlməsi və satış qiymətinin münasib olmasıdır. Hazırda onun bir qramı narkotacirlər tərəfindən 10 manata təklif olunur. Bu maddəni qəbul etdikdə bədəndə təzyiq yüksəlir, temperatur artır, göz bəbəkləri böyüyür, beynin funksiyaları pozulur və istifadəçi bir çox hallarda 2-3 gün yatmır, yeməkdən imtina edir.
Davamlı istifadə zamanı metamfetamin insanı depressiyaya salır və bu da intihara səbəb olur. Əsasən bədəndə yaralar törədir, ağciyər deşilməsi, ani ürək tutmaları baş verir.
Bu maddəni davamlı istifadə edən şəxs 3-4 il müddətində həyatını itirir.
Ekspertlər bildirirlər ki, sözügedən maddəni kimya bilikləri olan istənilən şəxs ev şəraitində hazırlaya bilər. Lakin hazırda bu maddə Azərbaycana daha çox xarici ölkələrdən gətirilir.
Bu öldürücü maddənin xüsusilə cavanlar və azyaşlılar arasında yayılması Azərbaycan gəncliyini uçuruma aparır.
Qadınlar arasında “patı“ istifadəçilərinin artmasının səbəblərindən biri isə bəzi gözəllik salonlarında arıqlamaq istəyənlərə bu maddənin dərman adı altında satılmasıdır. İstifadəçi arıqlasa da güclü aludəçilik yaradan bu maddə sonda onların ölümü ilə nəticələnir.
DİN cəmiyyətdən dəstək gözləyir
Ötən ay DİN narkotik istifadəçilərinə, onu satan və təbliğ edənlərə qarşı geniş əməliyyat tədbirlərinə başlayıb. Nazirliyin bununla bağlı əhaliyə müraciətdində qeyd olunur ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal problem olaraq bütün bəşəriyyəti narahat edir.
"Bu bəlaya qarşı mübarizə Azərbaycanda da hüquq-mühafizə orqanları qarşısında duran başlıca vəzifələrdən biridir. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artmasına baxmayaraq həmin vasitələrin ölkəyə gətirilməsinə edilən cəhdlər, buna mütənasib olaraq narkotik istifadəçilərinin sayı çoxalır. Belə bir vəziyyət isə nəticə etibarı ilə gənclərimizin narkotik aludəçisi olmaq təhlükəsini artırır",-deyə müraciətdə qeyd olunur.
Nazirlik hesab edir ki, təkcə tənqidlə, yaxud iradlarla iş bitmir: "Bu təhlükəni aradan qaldırmaq üçün cəmiyyətin birgə səyləri tələb olunur. Yəni hər kəsin ümumi işə real köməkliyi çox vacibdir. Yalnız bu halda görülən işlər istənilən nəticəni verə bilər. Doğrudur, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə fəal mövqe tutan vətəndaşlarımız var və məhz onların məlumatları əsasında effektiv nəticələri olan bir çox əməliyyat tədbirləri keçirilib. Həmin vətəndaşların hər birinə təşəkkür edir, prinsipial mövqelərini alqışlayırıq".
DİN bildirir ki, bu işdə daha bir vacib məsələ antinarkotik təbliğatın gücləndirilməsi və səmərəsinin artırılmasıdır: "Yeniyetmələr, gənclər arasında aparılan izahat işlərinə, müvafiq tədbirlərə gəlincə, bu iş konkret həyat nümunələrinə əsaslandıqda daha təsirli olur, çəkindirici rol oynayır. Bütün hallarda əsas diqqət ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəlməlidir".
Nazirlik hesab edir ki, hazırda xüsusi karantin rejimi ilə əlaqədar kütləvi tədbirlər keçirmək mümkün olmadığından vətəndaşların köməyinə həmişəkindən daha çox ehtiyac duyulur.
"Biz bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvənirik, eyni zamanda mediadan, sosial şəbəkə istifadəçilərindən, blogerlərdən və jurnalistlərdən də gözləntilərimiz çoxdur",-deyə məlumatda vurğulanır.
Cəmiyyətdə narkotiklərə qarşı mübarizə ilə bağlı nə düşünürlər?
Bəs cəmiyyətdə bu bardə düşünürlər, narkotik istifadəçilərinin sürətlə artması vətəndaşları narahat edirmi? İctimai əhvalı öyrənmək üçün sosial şəbəklərdə keçirdiyimiz sorğuya müxtəlif cavablar aldıq.
Elməddin Həsənov bildirir ki, narkotikin fəsadları uşaqdan böyüyə hamıya məlumdur: "Ona görə bu yolu seçənlərə Allahdan şəfa yox, ağıl diləyirəm”.
İlkin Muradov isə hesab edir ki, narkotik satıcılarına qarşı daha ciddi tədbirlər görülməlidir və onlar sərt şəkildə cəzalandırlmalıdırlar.
Orxan Hüseynov yazır ki, narkokuryerləri həbs etməklə bu problem həll olunnan deyil, narobaronlar yaxalanmalı və cinayətkar şəbəkə qanun qarşısında cavab verməlidir.
"Bir ilə yaxın istifadə etdim, güclü iradəm hesabına sağ qaldım..."
Adının çəkilməsini istəməyən, əvvəllər narkotik istifadəçisi olmuş şəxs bildirib ki, narkotiklə tanışlığı 20 yaşında başıayıb: "Ona qədər siqaret belə çəkmirdim. Depresiyaya düşmüşdüm və yaxın dostumun istifadə etdiyini görüb mən də istədim. “Patı” kimi tanınan bu maddədən sonra mütamadi istifadə etməyə başladım. Gündəlik qazancım 15-20 manat arasında dəyişirdi və demək olarki bu pulu narkotik vasitələrə sərf edirdim. Təkbaşıma ala bilmirdim çünki ozaman qiymətlər baha idi. Ona görədə elə narkoman dostlarımla pul toplayaraq alırdıq. Narkotikdən bir ilə yaxın istifadə etdim. Əvvəllər həzz alsam da, bu hiss sonradan yoxa çıxdı. Daxili orqanlarımda problemlər yarandı və tez-tez huşumu itirməyə başladım . Güclü iradəmin olması və yalnış yolda olduğumu tez anladığım üçün şanslı idim".
Həmsöhbətimiz sonda qeyd edib ki, hər şey ilk tüstüdən başlayır. Narkotik istifadəçiləri hər zaman ətraflarında özləri kimi insanların çox olmasını istəyirlər ki, pul lazım olanda rahat tapa bilsinlər: "Nə qədər çox istifadəçi o qədər çox pul mənbəyi deməkdir. Narkotikin zərərlərindən qorunmağın ən gözəl yolu isə ona heç başlamamaqdır”.
"Azpolitika"
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda hazırlanmışdır.