Sənədsiz evlərlə bağlı şad xəbər
Sahibkarlar sənədi tam qaydasında olmayan mənzilləri sata bilməyəcək
"Xeberinfo.com": Bakıda yaşayan 65 yaşlı Nizami Baxışov Nəsimi rayonu ərazisində hündürmərtəbəli binada ev alarkən sevincinin həddi-hüdudu yox idi. Lakin bu sevinc sonradan böyük əsəb və nigarançılıqla nəticələnib. İndi Nizami dayı 10 ilə yaxındır ki, həmin evdə yaşasa da, hələlik evin sənədini ala bilməyib. Buna səbəb isə binanın Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki sənəd almamasıdır. Elə bu səbəbdən də, hündürmərtəbəli binaya təbii qaz verilməsi məsələsi də açıq qalır.
Əslində Nizami dayının problemi ilə qarşılaşan sakinlərin sayı çoxdur. İndi belə problemlərin həlli istiqamətində mühüm addımlar atılıb.
Belə ki, Azərbaycan Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nı təsdiq edib. Bu fərman 10 minlərlə evin sənədləşməsinə imkan yaradacaq.
İqtisadçı alim Vüqar Bayramovun ans press-ə verdiyi məlumata görə, sözügedən qanun qüvvəyə minədək inşa edilmiş əmlakların dövlət qeydiyyatı ilə bağlı konkret mexanizmlər müəyyənləşdirilib. Bu isə o deməkdir ki, 2004-cü ilin 29 uyununadək alınan və ya inşa edilən əmlaklar fərmanla müəyyənləşdirilən sənədlər ilə dövlət qeydiyyatına alınmalıdır.
Bakıda ümumilikdə 400 mindən çox sənədsiz tikili var. Həmin tikililərin əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Həmin evlərin sənədsiz vəziyyətdə qalması həm orada yaşayanlar, həm də dövlət üçün çoxsaylı problemlər yaradır.
Ekspertlər bu problemin həlli ilə bağlı Azərbaycan prezidentinin sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı imzaladığı Fərmanın mühüm əhəmiyyət daşıdığını bildiriblər.
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bildirib ki, hələ dörd il əvvəl, 2011-ci ilin martında Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətinə sənədsiz ev probleminin həllinə yönəlik şəffaf mexanizimin hazırlanması və həmin evlərdə yaşayan vətəndaşlara qarşı heç bir əsassız tələblər irəli sürülmədən həll edilməsi tapşırığını verdi. Prezident Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə tapşırıq verəndən bir il sonra ayrıca bir sərəncam da imzalamışdı. 2012-ci ilin iyununda verilən həmin sərəncama görə, magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, neft və qaz yataqlarının olduğu torpaq sahələrindəki ev və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradıldı. Sözügedən komissiya həmin sahələrdə inşa edilmiş yaşayış evlərinə və digər tikililərə aid məsələləri araşdırıb təkliflərini üç ay müddətində prezidentə təqdim etməliydi.
Daha sonra Prezident İlham Əliyev İkinci Regional İnkişaf Proqramının icrası ilə əlaqədar müşavirədə çıxış edərkən bu məsələni yenidən qaldırdı. Bununla əlaqədər olaraq sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində geniş planlı işə başladı, həmin evlər tikilmə müddətinə müvüfiq olaraq 3 qrupa bölündü və sair. Amma bir tərəfdən, bu işin həcminin çox böyüklüyü və mürəkkəbliyi, digər tərəfdən isə aidiyyatı qurumların özlərinin ləngliyi və digər səbəblərdn nədənsə bu iş xeyli yubadıldı.
O deyib ki, bu sahədə gedən işlərin ilkin nəticələrinin məntiqinə uyğun surətdə və həmin işləri sürətləndirməkdən ötrü bu il yanvarın 13-də Prezident İlham Əliyevin "Daşınmaz əmlakın dövlət reyestri haqqında ”Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilib və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərmanı ilə sənədsiz evlərin qeydiyyata alınması istiqamətində növbəti vacib addım atıldı.
Onun sözlərinə görə, yeni Fərmanın ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, əvvəla, bu Fərman indiyədək mübahisə obyekti olaraq bir sıra manupulyasiyalara, məmur özbaşınalıqlarına və digər qanunsuz hərəkətlərə yol açan “sözügedən evlər qanunsuzdu, yoxsa sənədsiz?” dilemmasına aydınlıq gətirdi. Bu fərman təsdiq edir ki, Azərbaycanda bu qəbildən olan evlər qanunsuz yox, sadəcə sənədsizdir. Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşən tikililərə dünya təcrübəsindən məlum olan xüsusi rejim tətbiq olunacaq.
Digər yeniliklərdən biri isə paytaxtda tikilən hündürmərtəbəli binalara bağlıdır. Belə ki, artıq bina tikən sahibkar, yaxud şirkət tərəfindən mütləq əvvəlcədən razılıq alınmaldır. Yəni tikinti işləri gedən və yükunlaşan zaman Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən xüsusi icazələr verilməlidir.
Yəni, bundan sonra tikintiyə icazənin verilməsilə bağlı yeni qaydalara riayət olunmadan inşa edilən obyektlər qanunsuz sayılacaq və onlarla bağlı müvafiq hüquqi addımlar atılacaq. Eyni zamanda, tikintilər aparılarkən beynəlxalq dərəcəli avtomobil və dəmir yolları, neft obyektləri və yanacaqdoldurma məntəqələrindən uzaqlıq tələblərinə ciddi riayət olunmalıdır. Əks-təqdirdə bu tikintilər də qanunsuz hesab ediləcək və onlarla bağlı icazə sənədləri qüvvədən düşmüş sayılacaq.
Bundan başqa, artıq yeni tikilən binalarda yoxlamalar aparılıb,xüsusi razılıq aldıqdan sonra mənzillər satıla bilər. Yəni əvvəllər sahibkarlar binaların istismara yararlı olduğunu təsdiqləyən sənədləri almamışdan sata bilirdilərsə, artıq bu mümkün olmayacaq.
Güman edirik ki, dövlət tərəfindən tətbiq olunan yeniliklərdən sonra artıq problemin bütünlüklə həlli mümkün olacaq.