Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Sənədsiz evlərə sənəd veriləcək

 

Bakı şəhəri ərazisində 500 minə yaxın sənədsiz ev var
"Xeberinfo.com":  Hələ 2010-cu ildə Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət proqramının təqdimatı keçiriləndə prezident İlham Əliyev qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırmışdı. 
Ölkə başçısı sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək, müvafiq strukturlara, xüsusilə Bakı şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi. 
Sonradan - 2012-ci ilin iyun ayında prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzaladı.
Nəhayət, İlham Əliyev 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərman imzaladı.
Maraqlıdır, fərman illərdir müzakirə mövzusu olan problemin nəhayət həllini tapmasına kömək edə biləcəkmi?
“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında bu fərmanla problemin həll olunacağına ümid etdiyini bildirib: “Bu məsələ artıq həllini tapmalıdır. Çünki biz gecikmişik. Sənədsiz evlərin əksəriyyəti həyət evidir. İnsanlar ev tikib, həmin evlərin sahəsinin hesablanmasına dair problemlər var.
Prezident 2-3 il əvvəl bununla bağlı göstəriş verdi. Komissiya yaradıldı, bütün materiallar toplandı. Hər şey hazırdır. Prezident sərəncamı ilə yaradılan komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilən evlərlə bağlı araşdırma aparılıb, bütün lazımi sənədlər toplanaraq Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Sadəcə, məsələnin həlli üçün qərar verilməlidir. Hazırda işin əsas yükü Bakı Şəhər İcra Hakimiyyətindədir”.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov  isə bildirib ki, vətəndaşların onsuz da sənədləri var, sadəcə, əvvəlki qanunda bunlar öz əksini tapmayıb: “Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 2004-cü ildə qəbul edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna əsasən həyata keçirilir. Bu qanunun 8-ci maddəsinə görə daşınmaz əmlakın reyestr qeydiyyatının aparılması haqqında əsaslar qəbul olunub. Bu əsaslarla da daşınmaz əmlakın qeydiyyatı üçün əsas hesab edilən sənədlərin siyahısı təsdiq edilib.
Prezidentin vaxtında və əhəmiyyətli olan sonuncu fərmanı bu sənədlərin siyahısının daha da genişləndirilməsinə gətirib çıxardı. Burda söhbət qanunsuz və sənədsiz evlərdən getmir. Söhbət 2004-cü ildə qəbul olunan “Reyestr haqqında” qanunda əksini tapmayan sənədlərin siyahıya salınmasından gedir. Bu fərmanla həm qeydiyyat orqanlarının, həm də vətəndaşların işi asanlaşdı.
Sovetlər dövründə verilən sənədlər “Reyestr haqqında” qanunda öz əksini tapmamışdı. Bu evlərin onsuz da sənədi olub. Sadəcə, qanunla əsaslı hesab edilməyib. Biz həmin vətəndaşları qeydə almaqda çətinlik çəkirdik. Amma bu fərmanla indi qeydiyyat prosesi yüngülləşdiyindən qanuna edilən dəyişiklik əsasında da işlər davam etdiriləcək”.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən də modern.az saytına bildirilib ki, prezident fərmanı heç bir sənədi olmayan icazəsiz evlərə şamil olunmur. 
Bakı Şəhər İcra Hakimiyətində görülən işlərin hansı mərhələdə olduğunu öyrənmək istəsək də sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bununla bağlı rəhbərlikdən informasiya ala bilmədiyi üçün hər hansı bir açıqlama verə bilmədi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam